Sizin reklam burada

Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür

Baxış Sayı:591


“Məşqçi dəyişikliyinin “Neftçi”yə xoş təsir bağışladığını gördüm”
Klublarımızın Antalyada təlim-məşq toplanışını izləyənlərdən biri də Səbuhi Səfiyarlı idi. Əvvəlki illərdə müxtəlif klubların rəsmisi kimi Türkiyəyə baş çəkən Səbuhi bəy bu dəfə agent kimi müstəqil şəkildə qardaş ölkəyə yollanmışdı. Ötən saylarımızın birinə açıqlama verən Səfiyarlı klublarımızın yeni transferlərini, yoxlama oyunlarında necə təsir bağışladığını söyləməyin tez olduğunu bildirmişdi. Fikrini də belə əsaslandırmışdı ki, hazırlıq prosesi hələ yeni başlayıb. Səfiyarlı toplanışın sonunda təəssüratını bölüşəcəyini söyləməyi də unutmamışdı.
Artıq premyer-liqa təmsilçilərinin hamısı Antalyadan qayıdıb. Bu üzdən 2 həftəyə yaxın qardaş ölkədə olan, təmcilçilərimizi iş başında görən agentlə yenidən əlaqə saxlayıb, Türkiyə təəssüratını bizimlə bölüşməsini istədik: “Ötən dəfə dediyim kimi, bu qış diqqəti ən çox çəkən məqam havaların xoş keçməsi oldu ki, bu da komandaların hazırlıq planını pozmadı. Əminliklə demək olar ki, hər kəs istədiyi kimi toplanış keçdi. Klublara gəlincə, “Neftçi” mən qaldığım bölgədən bir qədər uzaqda məskunlaşmışdı deyə, onları yaxından izləyə bilmədim. Ancaq Kiyev “Dinamo”su ilə matçlarını izlədim. Açığı, məşqçi dəyişikliyinin kollektivə xoş təsir bağışladığını gördüm. “Dinamo”ya qarşı daha motivasiyalı oynadılar. Kiyevlilər ilk dəqiqələrdə 2 qol vursalar da, “Neftçi” ikinci yarıda oyunu bərabərləşdirməyi bacardı. Ancaq bir görüşü izləməklə komanda haqda dəqiq fikir söyləmək çətindi. Görünən o idi ki, heyəti bir qədər də gücləndirmək lazımdı. Bildiyim qədər rəhbərlik bu yöndə addım atmağı düşünür və hücum xəttinə yeni futbolçu axtarır. Almeydasız “Qarabağ”ı izləmək də mənim üçün maraqlı idi. Ağdamlıların “Jetısu” ilə matçını izlədim. İrəli xətdə Mahir Əmrəli ilə Abdulla Zubir çox yaxşı təsir bağışladılar. İkinci hissədə Qurban Qurbanov zədə səbəbindən xeyli vaxtdı yaşıl sahədən uzaq düşən Filip Ozobiçi meydana buraxdı. 6 ay futboldan kənar qalmasına baxmayaraq, çox yaxşı təsir bağışladı və mənə elə gəlir, Qurban müəllim oyun qurucusu kimi məhz Ozobiçə güvənəcək. Xorvat yarımmüdafiəçi bütün hücumların qurulmasında iştirak edirdi. Fikrimcə, Filip Riçardın yoxluğunu unutduracaq və bütün yükü üzərinə götürəcək. Yeni forvardın alınması Romeronun mərkəzə çəkilməsini də şərtləndirə bilər”.
Qızıl medallara iddialıları dəyərləndirən Səbuhi bəy avrokuboklara vəsiqə uğrunda mübarizə aparan başqa komandalarla bağlı da fikirlərini bildirdi: “Oyun planında bəlkə də ən çox irəliləyişə nail olan klub “Keşlə”di. Yeni transferlər, xüsusilə də bu qış kollektivə qoşulan forvard çox yaxşı təsir bağışladı. Belə komandaların, daha dəqiq desəm, nəticəni saxlamağı düşünən kollektivin bu cür hücumçuya çox ehtiyacı var. Deyərdim ki, “Keşlə” istədiyini tapa bilib. Düzdü, Ruslan Qurbanovun son matçda zədələnməsini komanda üçün itki saymaq olar. Ancaq onsuz da Tərlan Əhmədovun yetirmələri çox yaxşı təsir bağışlayırdılar. Baş məşqçinin yoxlama görüşlərində çoxsaylı əvəzetmələr etməsinə baxmayaraq, oyun nizamının itməməsini də “Keşlə”nin adına müsbət məqam kimi vurğulamaq lazımdı. Meydana yeni çıxanlar aparıcı futbolçuların yerini layiqincə doldurmağı bacardılar və bunu da məşqçi işi kimi dəyərləndirmək olar. “Qəbələ”nin son oyununu çox bəyəndim. Juniç xəstə olduğuna görə heyətdə yer almamışdı, Merab yüngül zədə səbəbindən meydana çıxmasa da, komanda topa çox yaxşı nəzarət edirdi. Müdafiədən hücuma keçmələri də mükəmməl idi. Bu yöndə “qırmızı-qaralar”da inkişafın olduğunu vurğulamalıyam. O artıq başqa məsələdi ki, futbolçular Antalyadakı performansın davamını premyer-liqada gətirəcəklər, ya yox. Çox maraqla ilk oyunu gözləyirəm. Davit Volkovu itirən komanda yeni forvardla anlaşıb. Yəqin ki, bugünlərdə onu ictimaiyyətə təqdim edəcəklər. Qış fasiləsində ən çox dəyişikliyə məruz qalan “Zirə” oldu. Məşqçilər korpusu, demək olar ki, istədikləri transferləri reallaşdıra biliblər. Heyətdki dəyişiklər, yeni gələnlərin çoxluğu istər-istəməz özünü göstərir. O biri komandalardan fərqli qəsəbə təmsilçisində xətlərarası anlaşma bir qədər zəifdi. Oyun səviyyəsini yüksəltmək üçün komandanın zamana ehtiyacı var. Ola bilər ki, ilk turlarda bu nüans “Zirə”də özünü göstərsin. Rauf Əliyevlə Hendrik Ekşteyinin “Səbail”ə keçidi “dənizçilər”i gücləndirəcək. İrəlidə topu özündə saxlaya biləcək oyunçuya ehtiyacları var idi ki, Aftandil Hacıyev Raufun timsalında istədiyini əldə etdi. “Səbail” kimi komandalarda yarımmüdafiəçilər “ikinci dalğa” kimi hücuma qoşulub daha çox fərqlənirlər. Ekşteyn də bunu bacarır. Hacıyev komandanı formalaşdırıb. Artıq hər şey ustalıqdan və kollektiv anlaşmadan asılıdı. “Sumqayıt” heç bir dəyişiklik etmədiyindən onların oyun sxemi hamımıza məlumdu. Yoxlama görüşlərində də görməyə adət etdiyimiz kollektivi izlədik. Sonda “Sabah” barədə fikirlərimi bölüşüm. Yeni baş məşqçi işə başlayanda müəyyən vaxta ehtiyacının olduğunu bildirmişdi ki, Antalyada ona bu imkan yaradıldı. Xorvat çalışdırıcının kollektivə yeni nəfəs gətirdiyini gördük. Oyun planında yenilik var. Ancaq həmin yeniliyi premyer-liqada ortaya qoya biləcəklərmi? Bax, bu suala artıq ilk turlarda cavab gələcək. Bütün futbolçular toplanış zamanı formada olurlar. Çünki hamı nizam-intizama riayət edir, vaxtında yatır, düzgün qidalanır. Hamının diqqəti məşqlərə yönəlir. Ancaq Bakıya qayıtdıqdan sonra durum dəyişir. Öz təcrübəmdə də dəfələrlə bunun şahidi olmuşam ki, hazırlıq prosesində adından söz etdirən oyunçu bir neçə turdan sonra sönməyə başlayır. Bunun arxasında isə rejimi gözləməmək durur. Bu üzdən ilk turlarda komandaların formada olması qeyri-adi görünməyəcək. Ancaq bu sabitliyi kim qoruyub saxlaya biləcəksə, sonda o klub da avrokuboklara vəsiqə əldə edəcək”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR