Samir Əliyevi futbolçuların əzmkarlığı sebindirir
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət yığmamız yanvarın 25-də növbəti yoldaşlıq oyununu keçirib. Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan U-19 2:0 hesablı qələbə qazanıb. Rəqibi Camal Cəfərovla Elçin Qasımov məyus edib.
Baş məşqçi Samir Əliyev oyunla bağlı AFFA-nın saytına açıqlama verib: “Bu il milli səviyyəsində ilk oyunumuzu keçirdik. Sevindirici haldı ki, qarşılaşmanı qol buraxmadan qələbə ilə başa vurduq. Yetərincə qol vəziyyətlərimiz oldu. Təəssüf ki, onlardan lazımınca istifadə edə bilmədik. Vacib olan qələbə qazanmaqdı. İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra futbolçularda bir az yorğunluq var idi. Bununla belə, hər bir futbolçu özünü yaxşı tərəfdən göstərdi. Bir neçə oyunçudan razı qalsaq da, bəziləri hələ də öz üzərində işləməlidi. Komandanın çatışmayan cəhətləri çoxdu. Heyət tam formalaşmayıb. Amma yetərincə vaxtımız var. Əzmlə, istəklə çalışacağıq. Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik".
Komandalar dünən də münasibətləri aydınlaşdırıblar. Görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə bitib. U-19-un heyətində Mustafa Yıldırımla Samir Abdullayev fərqlənib.
Samir Əliyevin qələbə şərhini dinləyək: “10 günlük təlim-məşq toplanışında sonuncu oyunumuz idi. Şimali Makedoniya yığması ilə ilk qarsılaşmadan fərqli bu dəfə əsas heyətdə 7 dəyişiklik etmişdik. Sevindirici haldı ki, oyunun gedişində məğlub durumda olmağımıza baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirib, sonda qələbə qazandılar. Ümumi toplanışa gəlincə, bundan maksimum yararlanmağa çalışdıq. Fikrimcə, toplanış xeyrimizə oldu. Qazaxıstanla qarşıdakı oyunlara hazırlaşırıq. Həmin toplanışa 4-5 yeni futbolçu çağırmağı planlaşdırırıq. Çempionatın oyunlarını izləyəcəyik. Millinin qapısı ilk növbədə nizam-intizamı ilə seçilən, bu formanı geyinməyə layiq olan bütün futbolçuların üzünə açıqdı”.
Qeyd edək ki, yığma ilk yoxlama oyununda "Alanyaspor"un U-19 komandasına 4:2 hesabıyla qalib gəlib.