Düşərli məkanda düşərsiz rəqibə qarşı
Xorvatiya – Azərbaycan
Hakimlər: ANCELO Qalante, Nikola Manzione, Alessandro Malfer (hamısı İtaliya).
Hakim-inspektor: Silvo Borosak (Sloveniya).
UEFA nümayəndəsi: Viktor Beseyro (İspaniya).
29 yanvar. Osiyek. “Qradsk vrt Arena”. Saat 23.00
Yanvarın 25-dən Xorvatiyada olan yığmamız sabah ilk imtahanına çıxacaq. Belə ki, çərşənbə günü dünya çempionatının elit mərhələsinə start veriləcək. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi milli ayın 25-də oyunların keçiriləcəyi Osiyek şəhərindəki “Qradsk vrt Arena”da ilk məşqinə çıxıb. Futzalçılarımız ayın 29-da, Bakı vaxtı ilə saat 23.00-da meydan sahibləri ilə üz-üzə gələcək. Saat 20.00-da isə Rusiya və Slovakiya münasibətlərinə aydınlıq gətirəcək. Yeri gəlmişkən, yığmamızın oyunları "CBC Sport" telekanalı vasitəsilə canlı yayınlanacaq. Xatırladaq ki, DÇ-nin elit mərhələsinin C qrupunda yer alan millimiz Xorvatiyadan sonra, yanvarın 30-da, saat 20.00-da Rusiya, fevarlın 1-də, saat 20.00-da isə Slovakiya ilə qarşılaşacaq.
Artıq komanda tam heyətlə bir araya gəlib. Belə ki, Vilela və Qallo da birbaşa Xorvatiyaya gələrək, düşərgəyə qoşulublar. Sözsüz, braziliyalıların hamısının cəlb olunması komandanın gücünə güc qatır. Ancaq onların hansı formada olması da şərtdi.
Əslində Xorvatiya bizim üçün düşərli məkandı. Kolumbiyada keçirilən DÇ-2016-ya da yolumuz Xorvatiyadan başlamışdı. Başqa sözlə, futzal tariximizə düşən ilkdə bu ölkənin adı keçir. Həmin vaxt da elit mərhələnin oyunları məhz Osiyekdə, üstəlik, eyni arenada keçirilmişdi. Yığmamız qrupda Belarus, İsveç və Xorvatiya ilə qarşılaşmış, ilk iki görüşdən müvafiq olaraq 7:2 və 8:2 hesabı ilə qalib ayrılmış, xorvatlarla bərabərə qalmışdı – 4:4. Əslində xorvatlarla oyunda da qalib gələ bilərdik. Son dəqiqədə buraxdığımız qolla üstünlüyü əldən vermişdik. Buna baxmayaraq, komandamız qrup birincisi olmuş, pley-offda Hollandiyanı da üstələyərək, mundiala vəsiqə qazanmışdı. Onu da əlavə edək ki, o vaxt final mərhələsi Amerikada baş tutduğu üçün reqlament fərqli idi. Bu dəfə finala vəsiqələrdən biri ev sahibi Litvaya verilib, belədə Avropadan 7 komanda mundialda iştirak edəcək. Buna görə də reqlament dəyişdirildi ki, 4 qrup qalibi və pley-offdan 2 iştirakçı final mərhələsinə qatılacaq.
Xorvatiya düşərli məkan olsa da, yığması bizim üçün arzuolunmazdı. İndiyə kimi bu komanda ilə DÇ-nin seçmə oyunları çərçivəsində 4 dəfə yolumuz kəsişib. Üçündə uduzsaq da, yalnız sonuncu dueldə heç-heçə qeydə alınıb.
25.10.1995 (Hollandiya). DÇSO. Xorvatiya – Azərbaycan 6:3
03.03.2000. DÇSO (Xorvatiya). Xorvatiya – Azərbaycan 5:1
15.12.2011. DÇSO (Azərbaycan). Azərbaycan – Xorvatiya 1:3
13.12.2015. DÇSO (Xorvatiya). Azərbaycan – Xorvatiya 4:4