“Böyük ehtimalla 3-cü dövrənin ikinci turunda komanda ilə birgə olacam”
“Sabah”ın aparıcı oyunçularından biri və kapitanı Ruslan Abışov zədə səbəbindən komandanın Antalyadakı təlim-məşq toplanışında iştirak edə bilmədi. Mətbuatda yayılan xəbərlərə görə, fasilə dönəmində Abışov Bakıda qalaraq zədəsinin sağaltmaqla məşğul olub. Müdafiəçinin son durumuna aydınlıq gətirmək üçün özü ilə danışmaq istəsək də, zənglərimizə cavab vermədi. Belə də 32 yaşlı futbolçunun agenti Sərxan İbrahimoğlu ilə əlaqə saxladıq: “Ruslan baldırının arxa hissəsindən zədələnib. Damar dartılması var. O noyabrın sonunda bu nahiyədən zədələnmişdi. Bir müddət müalicə olunsa da, kubok qarşılaşmalarına görə yaşıl meydana erkən qayıtdı və bunun da nəticəsi kimi köhnə zədəsini yenilədi. Bilən bilir ki, köhnə zədə sağalmadan futbolçu yenidən eyni yerdən zədələnirsə, onun müalicəsinə daha çox vaxt lazımdı. Baş məşqçi bunu nəzərə alaraq, Ruslana zədəsini sağaltmağa imkan yaratdı. Bu dəfə tələskənliyə yol vermək olmaz. Yaxşı ki, bərpa dövrü gözlədiyimizdən də tez keçir. Böyük ehtimalla Ruslan artıq 3-cü dövrənin ikinci turunda komanda ilə birgə olacaq”.
RƏŞAD