Kamran Quliyev: “Hücumçu mövqeyinə yeni futbolçu gətirməyi planlaşdırırıq”
"Neftçi"nin prezidenti Kamran Quliyev "Extra Time" verilişinin qonağı olub. Klub rəsmisi futbol ictimaiyyətini maraqlandıran bir sıra vacib məsələrə toxunub. Quliyevin Dario Federiko ilə bağlı mövqeyi belə olub: "Kiyev "Dinamo"su ilə yoxlama matçından sonra da mətbuata açıqlamamda demişdim ki, Dario Federikonun məsələsiylə ciddi məşğuluq. Onun agenti hazırda burda, Antalyadadı. Darionun işiylə məşğuldu və futbolçuyla bağlı bir neçə təklif var. Lazımi şərait yaratmağa hazırıq ki, Dario ya icarə əsasındə başqa kluba keçsin, ya da birdəfəlik. Fərq eləmir ki, bu, hansı statusda olsun. Federikonun məsələsinin axarından asılı olaraq yeni transfer variantına qayıda bilərik. Hesab edirəm ki, heyətimiz yetərincə genişdi, bəzi möqveləri çıxmaq şərtilə hər mövqedə iki futbolçu var. Özü də çox güclü oyunçulardı, rəqabət yüksəkdi. Hətta bu barədə yeni baş məşqçimiz Füzili Məmmədovla söhbətləşmişəm. Ancaq imkan düşən kimi, Darionun gedişi həll olunsa, "transfer pəncərəsi" həmin vaxt açıq olsa, hücumçu mövqeyinə yeni futbolçu gətirməyi planlaşdırırıq".
Quliyev hazırda sırf mərkəz hücumçusu axtardıqlarını etiraf edib: "Bildiyiniz kimi, Mirabdula Abbasov qayıdıb, hazırda həmin mövqedə təkdi. Baqali Daboyla Stiven Jozef-Monroz daha çox cinah hücumçularıdı. Sırf mərkəz hücumçusu tapsaq, Mirabdullanın yüksəlişi üçün lazımdı. Ondan ötrü gətiririk ki, həm özümüz güclü olaq, həm də Abbasov üçün bir rəqabət olsun. Bildiyiniz kimi, Mirabdulla indi zədəlidi, tam olaraq komandayla məşq etmir. O problem bizdə var, buna görə qismət olsa, yeni hücumçu götürərik. Bizə bu mövqeyə bir nəfər də lazımdı. Ancaq Darionun məsələsinə görə hələ ki açıq qalır".
"Neftçi"nin cari mövsümün sonunadək yeni baş məşqçisi təyin olunan Füzuli Məmmədov PRO kateqoriyasını oxuyacaq. Bunu da klub prezidenti deyib. Onun sözlərinə görə, 43 yaşlı mütəxəssisin bu il Bakıda təşkil olunacaq PRO kurslarının iştirakçıları arasında olacağı artıq dəqiqləşib: "Bildiyiniz kimi, UEFA-nın klub qarşısında müəyyən tələbləri var - məşqçilik dərəcəsi və s. Füzuli müəllimin hazırda PRO kateqoriyası yoxdu. Amma yaxın aylarda AFFA tərəfindən təşkil olunacaq kurslara Məmmədov artıq qeydiyyyatdan keçib və oxuyacaq. İnanmaq istəyirəm ki, bu həm ona, həm də bizə, komandaya kömək edəcək. Bilirsiz ki, ispaniyalı fiziki hazırlıq üzrə məşqçi dəvət etmişik. O da futbolumuz üçün yeni sima deyil. Bunadək Azərbaycanda - "Bakı" klubunda çalışıb. Vətənində "Atletiko"da, "Xetafe"də, həmçinin Çinin "Dalyan" klubunda fiziki hazırlıq üzrə məşqçi işləyib. Həm təcrübəsi var, həm də futbolumuzu yaxından tanıyır. Burda olmadığı dövrdə də Azərbaycan futbolunu izləyib. İnanırıq ki, onunla iş prosesində futboçularımız fiziki cəhətdən daha güclü, çevik olacaqlar".