Sizin reklam burada

Xatakar Babək Alxasovun yeni macərası

Baxış Sayı:477

Xatakar Babək Alxasovun yeni macərası
Dekabrın 29-da istefa ərizəsi yazıb, 30-da tort yeyib...
Futbol veteranları da qəribə məxluqlar tipinə aiddi. Onların əksəriyyətinə elə gəlir ki, bütün başqa təbəqələr varlıqları önündə səcdə etməli, çay, yemək pullarını ödəməlidilər. Veteranlarla bağlı real mənzərəni görmək üçün həftəsonları “Neftçi”nin köhnə bazasına baş çəkmək kifayətdi. Siz orda ötən əsrin 70-80-ci illərində paytaxt klubunun formasını geymiş istənilən veteranla qarşılaşmaq imkanı qazanacaqsız. Təbii ki, bir masa ətrafına ən azı 10-12 adam yığışacaq, çaylar bir-birini əvəz edəcək, bəzən hətta hansısa şirniyyat məhsulu da ortaya qoyulacaq, xatirələr təzələnəcək. Meyliniz çəksə, qəsdən hansısa futbolçunun bir başqasından güclü olduğunu deməklə söhbətə yeni impuls verə, ehtirasları coşdura bilərsiz. Amma bu müddətdə masa yavaş-yavaş boşalacaq, ayağa qalxan hər kəs də içdiyi çayın pulunu vermədən sanki elə belə də olmalıymış kimi kafedən uzaqlaşacaq. Məişət səviyyəli belə söhbətləri qəzet səhifəsinə çıxardığıma görə məni məzur tutun; bəzən acı gerçəklərlə də barışmaq lazımdı.
Bizim veteranların qəribəlikləri yemək-içmək məsələlərindəki simicliklə məhdudlaşsaydı, dərdyarı. Bundan da betər mərəz bir çoxlarının əqidə və ideallardan məhrum olması, “harda pul varsa, mən də ordayam” prinsipini özlərinə həyat devizi kimi seçməsidi. Azərbaycan futbol ictimaiyyətinin Azad Həmkarlar İttifaqı və ya başqa adıyla desək, AFFA Həmkarlar İttifaqı ətrafında yaşanan son hadisələr də dediklərimlə bağlı ibrətamiz nümunədi. Bildiyiniz kimi, bir neçə gün əvvəl Əfqan Talıbovla Babək Alxasov qurumun İdarə Heyətindən istefa verib. Heç şübhəsiz, əsas səbəb hardansa iş təklifi almalarıdı. Amma məni maraqlandıran məqam bu deyil. Deməli, “feysbuk”da gedən müzakirələrdən belə aydın olur ki, Babək bəy istefasıyla bağlı ərizəni hələ dekabrın 29-da yazıb, utanıb-qızarmadan dekabrın 30-da qurumun ötən il üçün son toplantısına qatılıb, heç kimə heç nə demədən Yeni il tortundan dadıb, sonra il yenilənib və ərizəni rəhbərliyə təqdim edib. Bütün bunları oxuyanda şəxsən mənim ağlıma gələn ilk sual bu oldu ki, Babək adını daşıya-daşıya, görəsən, belə yaşamaq çətin deyilmi?
Mənə elə gəlir ki, həyatda qeyri-səmimiliyin də, riyakarlığın da bir sərhəddi olmalıdı. Bir quruma könüllü şəkildə üzv olduğun kimi, eyni qaydada da ayrıla bilərsən. Amma istefa ərizəsini 29-da yazıb, 30-da tortdan dadan kimi unutmaq, sonra da ətrafındakılara “mən ötən ildən istefa vermişdim” demək hansı məntiqə və prinsiplərə sığır – bax, bunu heç cür aydınlaşdırmaq mümkün deyil. Ay səni, xatakar! Nuş olsun!
HUŞƏNG

Oxşar xəbərlər
SON XƏBƏRLƏR