Sizin reklam burada

Sərbəst güləş yığmamız toplanışa başladı

Baxış Sayı:789


“Toğrul Əsgərov medal qazana bilməsə də, uzun fasilədən sonra çıxdığı ilk yarışda xoş təsir bağışladı”
Sərbəst güləş yığmamız Bakıda növbəti təlim-məşq toplanışına start verib. Yanvarın 10-12-si aralığında Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğunun xatirə turnirində iştirak etdikdən sonra vətənə qayıdan milli bir neçə günlük istirahətdən sonra məşqləri bərpa edib. Olimpiya Güləş Mərkəzində təşkil olunan hazırlıq prosesinə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov nəzarət edir. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan toplanışa gənclərdən ibarət yığmanın aparıcı üzvləri də cəlb olunub. Avropa çempionatına və lisenziya xarakterli turnirlərə hazırlıq xarakteri daşıyan toplanışda həm fiziki, həm də taktiki-texniki hazırlığa diqqət yetirilir.
Baş məşqçi əvəzi Zəlimxan Hüseynov yığmanın bu il qatıldığı ilk yarış, komandanın son vəziyyəti və hazırlıq prosesi ilə bağlı Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib: "Bildiyiniz kimi, Yaşar Doğu turnirinə qədər İstanbulda Türkiyə, Bolqarıstan, Hindistan və Qazaxıstan komandaları ilə birgə yaxşı təlim-məşq toplanışı keçdik. Daha sonra bu yarışda iştirak etdik. Güləşçilərimiz çox yaxşı çıxış etdilər. 4 qızıl, 1 gümüş və 6 bürünc medal qazandıq. Gənclər özlərini yaxşı tərəfdən göstərdilər. Düzdü, Toğrul Əsgərov medal qazana bilmədi. Ancaq uzun fasilədən sonra çıxdığı ilk yarışda xoş təsir bağışladı. İki görüşdə qələbə qazandı. Bu, Avropa çempionatı ərəfəsində son yarışımız idi. Qitə birinciliyindən sonra isə bizi lisenziya xarakterli turnirlər gözləyir. Bu yarışlardan sonra komandamızın Olimpiada üçün heyəti müəyyənləşəcək. Ancaq ilk növbədə lisenziyaları qazanmalıyıq. Olimpiya Oyunlarına mümkün qədər çox vəsiqə əldə etməliyik. Gələn həftə Türkmənistan, Ukrayna və Hindistan komandaları da bizimlə birgə toplanış keçmək üçün Bakıya gələcək. Avropa çempionatından sonra isə lisenziya xarakterli yarışlara qədər Kislovodsk və Mahaçqalada hazırlıq prosesi nəzərdə tutulub".
Qeyd edək ki, Avropa çempionatı fevralın 10-dan 16-dək İtaliyada, Avropa Olimpiya Təsnifat Turniri martın 19-dan 22-dək Macarıstanda, Dünya Olimpiya Təsnifat Turniri isə aprelin 30-dan mayın 3-dək Bolqarıstanda keçiriləcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR