Tahir Süleymanov hakimlərin ölkə xaricində hazırlıq keçməsini yersiz sayır
Hakimlər artıq bir ildi ölkə xaricinə təlim-məşq toplanışına getmirlər. Ancaq Mingəçevirdə və indi də Mərdəkanda bir araya gəliblər. Əsasən nəzəri biliklərlə kifayətlənirlər. Oyun idarə etmirlər ki, bu da problemdi. Necə ki komandalar yoxlama oyunu keçirib öz mənfi və müsbət tərəflərini görürlər, hakimlərin də buna ehtiyacı var. Üstəlik, Avropanın bir çox ölkələrində klublarla yanaşı, hakimlər də oyun idarə edir, formalarını qorumağa çalışırlar. Ancaq Frits Stuxlikin tələbələri qış fasiləsində meydana ayaq basmırlar. Fasilə bitəndən sonra isə qırğınlar, hakim səhvləri başlayır. Məsələnin ciddiliyini nəzərə alaraq, sabiq FİFA referisi Tahir Süleymanova tribuna verdik: “Əsas ölkə futbolunda, cəmiyyətdə əcnəbi "sevgisi”nə son qoymaqdı. Hakimlərimiz yerlilərlə hər mövsüm xaricdə təlim-məşq toplanışlarında olanda gecə-gündüz fikirlər səslənirdi. Tənqidlərin 90 faizi də haqlı idi. İndi isə stuxliklər nə istəyirlərsə, onu da edirlər. İctimai nəzarətin də dərəcəsi 10 faizə enib. Vaxtilə ölkə xaricində toplanışlar sıralanarkən də hakim səhvləri kifayət qədər idi, indi də yetərincədi. Bir tərəfdən iddialı klublar dağılıb, boş tribunalar önündə açıq Bakı birinciliyi keçirilir, rəqabət yox səviyyəsindədi, haqlı səsini ucaldanlar yoxdu. Digər tərəfdən isə artıq klubların əksəriyyəti "partiya" komandalarıdı, göndərilmiş "rəhbərlər" ağalarına qarşı çıxmazlar, buna cürətləri, nüfuzları da çatmaz. Ara-sıra, nadir hallarda, oyunlardan sonra emosionallığa qapılıb, çaşıb bir-iki kəlmə deyənlərin, hətta yumşaq etiraz edənlərin də qulaqlarını elə bururlar ki, yedikləri, daha doğrusu, verdikləri çörəyi burunlarından gətirirlər. Belə futbolda təlim-məşq toplanışlarına elə bir ehtiyac da qalmır. Əsas Stuxlikin, havadarlarının qazancıdı. Yunanıstanda hər mövsüm hakim qalmaqallarından futbol lərzəyə gəlir, çempionat dayanır, hakimin maşınına bomba qoyub partladırlar, Vassaras isə Azərbaycanda istirahət edə-edə, "paçkalar”ını qazana-qazana hakimlərimizə ağıl öyrədir. Belə bacarıq sahibidilərsə, Stuxliki də götürüb, bir-iki UEFA nümayəndəsini də dəvət edib öz ölkəsində futbol, hakimlik qayda-qanunu yaratsınlar.
Futbolda artıq keyfiyyətli yerli futbolçu tapılmır. Bunun təməli 10 öncə yarıtmaz layihələrlə qoyulub, indi fəsadları görünür. Foqtslar, gedelər, lippertlər, klublara soxuşdurulan onlarla əcnəbi direktorlar Azərbaycan xalqının, dövlətinin pullarını sovurub, Avropada xərcləyib kef edirlər, heç ruhları da incimir. Eyni proses də hakimliklə bağlı olacaq. Futbola yanaşma ilə yanaşı, milli təfəkkür də dəyişməlidi. Özümüz özümüzə dəyər verməyənə kimi belə də davam edəcək.
Heç kim narahat olmasın, çempionatda heç bir ciddi problem yaşanmayacaq. Meydanda olan 22 futbolçu, 8 baş məşqçi, VİP-də yeyib-içən rəhbərlər, havadarları üçün feyziyab edilən çempionatdı. Boş tribunalar önündə hakimlərlə birgə turları yola verib günlərini keçirəcək, pullarını qazanacaqlar. Legioner Kvaşukun sözünə qüvvət: "Azərbaycan çempionatı Bakıda keçirilən "kayf" idi".
HƏSƏN