Sizin reklam burada

Ovusu Kvabena “Qarabağ”da

Baxış Sayı:495


Qanalı forvard 300 min avroya başa gəlib
"Qarabağ" qış fasiləsində ilk transferini reallaşdırıb. Ağdamlılar İspaniya "Leqanes"inin hücumçusu Ovusu Kvabena ilə münasibətləri rəsmiləşdirib. Klub rəsmi saytı vasitəsilə "Xoş gəldin, Ovusu" yazaraq, keçidin gerçəkləşdiyini bəyan edib. 22 yaşlı hücumçu ilə 2,5 illik müqavilə bağlanıb. Mövsümün ilk yarısını icarə əsasında İspaniyanın "Kordoba" klubunda keçirən qanalı 17 oyunda 6 qol vurub. O, ölkəsinin əsas millisində də 4 oyuna çıxıb. İspaniya mətbuatı ağdamlıların bu keçid qarşılığında qarşı tərəfə ödəyəcəyi məbləği də açıqlayıb. “Leqanes”lə 2022-ci ilin yayına qədər müqaviləsi olan Ovusu "Qarabağ"a 300 min avroya başa gəlib. Klublar keçidin məhz bu məbləğə baş tutmasını razılaşdırıblar. Müqavilədə yer alan bəndə əsasən "Leqanes" Kvabenanın bundan sonrakı transfer hüququnun 50 faizinə sahib olacaq.
“Kordoba"nın idman direktoru Alfanso Serrano isə mövsümün ilk hissəsində komandada icarə əsasında çıxış edən Ovusu haqda danışıb. O, qanalı hücumçunun harda olması ilə bağlı suala qəribə cavab verib: "Ovusunun harda olduğunu həqiqətən də bilmirəm". Bu isə mətbuat konfransında gülüşə səbəb olub. Belə ki, İspaniya mətbuatında Kvabenanın "Kordoba"nın düşərgəsini icazəsiz tərk edərək Madridə, ordan da Ağdam klubu ilə müqavilə bağlamaq üçün Antalyaya gəldiyi yazılmışdı.
"Qarabağ"ın son yoxlama görüşündə üz-üzə gələcəyi "Siqma" dünən Antalyaya yollanıb. Fevralın 2-dək Türkiyədə təlim-məşq toplanışında olacaq Çexiya klubu yanvarın 25-də Azərbaycan çempionu ilə qarşılaşacaq. Yerli mətbuata açıqlama verən Olomouts klubunun baş məşqçisi Radoslav Latal rəqib seçimini düzgün apardıqlarını deyib: "Qış fasiləsindən sonra çempionatda ardıcıl ağır oyunlarımız olacaq. "Teplitse", "Sparta" və "Yablonets" çətin komandalardı. Yoxlama görüşləri üçün rəqib seçərkən bunu nəzərə aldıq. Burda "Qarabağ", "Orenburq" və "Dnepr"lə qarşılaşacağıq. Düşünürəm ki, onlar həm müdafiədə, həm də hücumda bizi yaxşı sınaqdan keçirəcəklər".
Qeyd edək ki, "Qarabağ" yanvarın 25-də "Siqma" ilə yanaşı, Polşa təmsilçisi "Visla”yla (Plok) da qarşılaşacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR