Naib Abdulla: “Burda məqsəd, sadəcə, pul silməkdi”
Boris Xetaqurov: “Onlara niyə laqeyd yanaşıldığını əcnəbi mütəxəssiləri bura dəvət edəndən soruşmaq lazımdı”
Yanvarın 17-dən 19-dək birinci divizion, 19-dan 21-dək isə premyer-liqa hakimlərinin iştirakı ilə təlim-məşq toplanışı keçirilib. Toplanış çərçivəsində hakimlər laktat testi veriblər. Onların sürət və güc dözümlülüyü, bədən quruluşları və əzələ testləri yoxlanılıb. Koordinasiya və stabilizasiya testlərinin ardından hər bir hakimə verilən fərdi məşq planının hansı səviyyədə yerinə yetirildiyi, əvvəlki testlə müqayisədə inkişafın olub-olmadığı müəyyənləşdirilib.
Təbii ki, əcnəbi mütəxəssislər tərəfindən aparılan bu prosess müəyyən məbləğ qarşılığında başa gəlib. Bəs buna ehtiyac varmı? Azərbaycanda bu testi götürmək üçün mütəxəssislər yoxdu?
Məsələ ilə bağlı milli komandanın sabiq həkimi Naib Abdulla ilə danışdıq. O, bu prosesin yerli mütəxəssislər tərəfindən də aparıla biləcəyini dedi: “Bu il necə olduğunu bilmirəm, amma əvvəlki illərdə bütün yaş qrupu üzrə yığmaların üzvlərini testdən keçirirdilər. Həmin test fiziki göstəriciləri müəyyənləşdirmək üçündü. Avadanlıq nöqteyi-nəzərindən bu test elə də böyük avadanlıq, vəsait tələb etmir. Nə də böyük bir avadanlıq almağa ehtiyac duyulur. Həqiqətən də Azərbaycanda bütün yaş qrupları üzrə komandaları bu testdən keçirmək lazımdısa, mənə elə gəlir ki, AFFA-nın hansısa həkiminin, ya da elə bütün həkimlərinin bu sahədə öyrənməsi daha asan, daha ucuz başa gələr. Berti Foqtsun dönəmində də, elə ondan sonra da alman əsilli bir həkim dəvət edirdilər. O, bura sadəcə, bir çantayla gəlirdi. Çantada da bir neçə əşya olurdu. Futbolçular stadionda üç dövrə vururlar, hər dövrədə laktat testi müəyyənləşdirirlər, harda yorulurlarsa, onu göstərir. Bütün prosses bundan ibarətdi. Demək istəyirəm ki, onu öyrənmək üçün Almaniyadan bura mütəxəssis dəvət edib, ona külli miqdarda pul ödəməyə ehtiyac yoxdu. Sadəcə, alman mütəxəssislərin bura gəlib-getməsi, çalışması ancaq pul silməyə xidmət edir. Bunun üçün nə qədər pul ödənildiyini bilmirəm, amma hər halda, söhbət böyük məbləğdən gedir. Onun istifadə etdiyi sarğı, tibb materialları isə qəpik-quruşla ölçülür. O mütəxəssis də burda iki-üç gün yeyib-içirdi, bütün xərcləri yaxşı ödənilirdi və bizim möhtərəm AFFA onun hesabına külli miqdarda pul ödəyirdi. Burda məqsəd, sadəcə, pul silməkdi, vəssalam”.
Vaxtilə yığmada və müxtəlif klublarda həkim kimi fəaliyyət göstərən Əməkdar həkim Boris Xetaqurovla da bu barədə danışdıq. Təcrübəli təbib laktat testinin götürülməsi prosesində yerli mütəxəssislərdən istifadə edilməməsini mənfi hal sayır: “Laktat testi idmançının yararlılığını, başa çatmış təlim prosesinin effektivliyini müəyyənləşdirir. Laktat idmançıların təlim effektivliyini əhəmiyyətli dərəcədə artırır. Hakimlərin testdən keçirilməsi üçün kimlərin dəvət olunduğunu bilmirəm, amma bu sahədə yerli mütəxəssislərdən istifadə olunmaması mənfi haldı. İdman həkimliyi sahəsində çox yaxşı mütəxəssislərimiz var. Onlara niyə laqeyd yanaşıldığını əcnəbi mütəxəssiləri bura dəvət edəndən soruşmaq lazımdı. Mən həm “Neftçi”də, həm də “Xəzər Lənkəran”da işləyəndə bu testləri özümüz həyata keçirirdik”.
AYGÜL