"Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub. Bundan sonra komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək. 34 yaşlı ispan mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb. Buna qədər fiziki hazırlıq üzrə məşqçi Roberto Bordinin özüylə gətirdiyi Andre Vezzu idi. İtalyan mütəxəssislə işbirliyinə son veriləndən sonra köməkçisi də göndərildi. 2013-15-ci illərdə "Bakı”da işləyən Kastelyano Madrid "Atletiko”sunun Futbol Akademiyasında (U-10 və U-17, 2005-10) və ikinci komandasında (2010-12), həmçinin "Xetafe”nin ikinci komandasında (2015-16) və Çin "Dalyan Yifanq”ında (2016-18) çalışıb.
Bu arada Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Aleksandr Andreyevski "Neftçi" ilə yoxlama görüşünü dəyərləndirib. Ukraynalıların 2:1 hesablı qələbə qazandığı oyundan sonra yerli mətbuata danışan 26 yaşlı futbolçunu dinləyək: "Həftə ərzində çox yaxşı məşq keçmişdik. Fiziki təzyiq altında oynadıq. Buna rəğmən, "Neftçi" üzərində layiqli qələbə qazandıq. Baş məşqçimiz cinah müdafiəçilərindən hücuma dəstək verməyi tələb edir. Vurduğumuz ilk qol da məhz bu taktikanın bəhrəsi idi. Çünki Nikolenko sol cinahda boşluqdan yararlanıb cinahdan ideal ötürmə verdi, Karlos da şansı qaçırmadı. Bundan əlavə, Rusinin də fərqlənməsinə sevindim. İnanıram ki, bu qol növbəti matçlar üçün onda özünəinam yaradacaq. Ümumiyyətlə, iki sürətli qol vurduq və istirahət edə bildik. Topu nəzarətə aldıq, daha diqqətlə hərəkət etdik. "Neftçi"nin qapımız qarşısında təhlükəli epizodunu xatırlamıram. İkinci hissədə istədiyimiz oyunu göstərməməyimizin bir neçə səbəbi var. Fasilədən sonra heyət dəyişdi. Görünür, futbolçular 2:0-ın verdiyi rahatlıqla meydana çıxdılar. Ümumilikdə yaxşı oynadıq. "Neftçi"nin qoldan başqa cəmi bir təhlükəli həmləsi oldu, onda da top dirəyə tuş gəldi. Meydanın durumu da ürəyimizcə deyildi. Üstəlik, güclü külək əsirdi. Bu da bizə bir az çətinlik yaratdı".