Sizin reklam burada

“Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı”

Title

Sopiç: “14 günlük Antalya toplanışından tam razı qaldım”
"Sabah" da yanvarın 8-dən başlayan Antalyada toplanışını başa vurub. Paytaxt təmsilçi yanvarın 21-də son yoxlama oyununa çıxıb. Jelko Sopiçin komandası Moskva "Spartak"ının əvəzediciləri ilə qarşılaşıb. Qalibin müəyyənləşmədiyi oyun matç məhsuldar alınıb.
Sabah: 71. Dmitri Bezruk, 2. Elçin Mustafayev, 5. Kərim Diniyev, 20. Nemət Musayev, 17. Məhəmməd Mirzəbəyov, 99. Abbas Ağazadə, 14. Rəşad Eyubov (k), 29. Ceyhun Nuriyev, 97. Emil Qasımov, 77. Cavid Tağıyev, 41. Marko Deviç.
Komandaya qayıdan Marko Deviç 16-cı dəqiqədə penaltidən hesabı açsa da, ruslar nəinki bərabərliyi təmin ediblər, hətta önə də keçiblər. "Sabah"ı məğlubiyyətdən 70-ci dəqiqədə gənc futbolçu Ceyhun Nuriyev xilas edib - 2:2.
Dünən Bakıya dönən "Sabah" Antalya toplanışı çərçivəsində Macarıstan “Pakş"ına 0:2 hesabıyla uduzub, Rumıniya “Akademika”sı (Klinçeni) ilə qolsuz heç-heçə edib, Qazaxıstan kubokunun son qalibi "Kaysar"ı yenib - 3:1.
“Sabah”ın baş məşqçisi Jelko Sopiç klub saytına müsahibəsində Türkiyə toplanışını dəyərləndirib. Xorvat mütəxəssis sözə son yoxlama oyununu dəyərləndirməklə başlayıb: “Bu gün Antalya toplanışı çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Moskva “Spartak”ının gənclərdən ibarət komandasıyla 2:2 hesablı heç-heçə etdik. Bu matçda əsasən gənc futbolçulara şans verdik. Oyunun əvvəlindən sonuna kimi müxtəlif taktiki gedişləri sınaqdan keçirdik. Marko Deviç, Rəşad Eyubov və Məhəmməd Mirzəbəyov 90 dəqiqə meydanda oldular. Şadam ki, oyunu zədəsiz başa vurduq. Bu matçda qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Ancaq yoxlama oyunlarında nəticə vacib deyil... 14 günlük Antalya toplanışından tam razı qaldım. Burda olduğumuz müddətdə hava şəraiti çox yaxşı oldu. Toplanışda planlaşdırdığımız hər şeyi həyata keçirə bildik. Futbolçularımız yaxşı hazırlıq keçdilər və onlardan tələb olunanı tam yerinə yetirdilər. Fikrimcə, bu hazırlıq müddətinin komandaya çox xeyri dəyəcək. Antalya toplanışına 10 gənc futbolçuyla yollanmışdıq. Sevinirəm ki, yoxlama oyunlarında onların hər birinə şans verə bildik. Fikrimcə, şansdan yaxşı yararlandılar. Ceyhun Nuriyev yoxlama oyunlarında 2 qol vurdu. Şans qazandığı qarşılaşmalarda yaxşı oynadı. Ancaq başqa gənclər də özlərini yaxşı tərəfdən göstərdilər. Onlar gələcəkdə də “Sabah”ın əsas komandasında şans qazana bilərlər. Bu cür gənc oyunçulara sahib olduğumuz üçün şadam.
Hazırda Cavid İmamverdiyevlə Amadu Diallonun kiçik zədəsi var. Lakin onların çempionatın ikinci yarısının startına kimi tam hazır olmaq üçün kifayət qədər vaxtları var. Həmin vaxta kimi var qüvvəmizlə hazırlaşmalıyıq. Düşünürəm ki, ilk oyuna qədər tam hazır olacağıq. İnanıram ki, çempionatın ikinci yarısında daha yaxşı futbol sərgiləcəyəcək və liqada daha yaxşı pillədə qərarlaşacağıq”.
“Spartak”ın əvəzedicilərinin baş məşqçisi Aleksey Lunin də "Sabah"la oyunu şərh edib. Mütəxəssis qalib gələ bilmədiklərinə üzülür: "Matç hər iki tərəfdən kəsərli hücumlarla alındı. Hər iki komanda da hücuma köklənmişdi. Əlbəttə, ilə qələbə ilə başlamaq istəyərdik. Ancaq yenə də komandamdan razı qaldım. Verilən tapşırıqları yerinə yetirə bildik. Gələcəkdə oyun səviyyəsini yaxşılaşdırmağa çalışacağıq. Həm hücumda, həm də müdafiədə daha yaxşı oynaya bilərik”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.