“Ona əbədi itaət etməyəcəkdim”
Hazırda Belarus çempionatında çıxış edən "Qomel"in şərəfini qoruyan “Sabah”ın sabiq futbolçusu Vitali Kvaşuk Ukrayna mətbuatına müsahibə verib. Hücumameyilli yarımmüdafiəçi Azərbaycanda başına gələnlərə də toxunub.
- Vitali, ötən mövsüm bu qədər qol vurmamışdın. Belarus çempionatında artıq 14 qol vurmusan və bombardir olmaq üçün hər cür şansın var. Nə dəyişdi ki, məhsuldarlığın bu qədər artdı?
- Bunu çoxları məndən soruşur. Özümü psixoloji baxımdan dəyişdim. Sadəcə, Belarusda həyat tərzi bir qədər fərqlidi. İnsanlar sakitdi, bir az da qapalıdılar. Bax, mən də bir az onlar kimi olmuşam. Haqqımda pis nəsə deməsələr, heç nəyə qarışmıram və üzərimə məsuliyyət götürmürəm. Bu, əvvəllər mənə mane olurdu. Kiyevə gedəndə yoldaşım sual verdi: "sənə nə olub? Sanki başqa bir insan olmusan". Sonra Deviçlə birlikdə Azərbaycanda, "Sabah"da oynadım. Və daha böyük psixoloji çuxura düşdüm. Amma bunun öhdəsindən gəlməyimə kömək edən insanlar tapdım, başımı qaldırdım və hər şeyə yenidən başladım. Özüm oldum və hər şeyi unutdum. Deyim ki, Messi kimi komandanın yarısını aldadıb, qol vurdum, xeyr, sadəcə, özümə inandım. Məncə, dönüş nöqtəsi məhz bu oldu.
- Azərbaycanda necə peyda oldun?
- Agentim zəng vurdu və dedi ki, Azərbaycandan mənimlə maraqlanan insanlar var. Məşqçi və klubun prezidenti mənimlə əlaqə saxladı, danışdıq. Ora getdim və müqavilə bağladım.
- Azərbaycan çempionatının reqlamenti qəribədi. 8 komanda 4 dövrə oynayır...
- Orda həqiqətən kef elədim. İnfrastruktur, top-otellər, əla şərait, futbola düzgün yanaşma... Bakı möhtəşəm şəhərdi. Sükan arxasında sürətli sürməyi xoşlayıram. Bu şəhər əsl mənə görə idi. Bu mənada özümü suda balıq kimi hiss edirdim.
- 8 komandadan beşi Bakını təmsil edir. Futbolun kütləviləşməsi baxımından bu heç də yaxşı hal hesab oluna bilməz.
- Bizim üçün əla idi (gülür). Böyük Ukraynadan sonra ora super idi. Çempionatın inkişafı üçün isə pul lazımdı. Özəl klublarda hər şey yaxşıdı. Başqaları isə belə də...
- Həyatının bu mərhələsindən razısan?
- İlk matça hücumçunun arxasında başladım və yaxşı oynadım, haqqımda müsbət fikirlər səsləndi. Sonra əksinə, oyunu korladım və məşqçi ilə dialoq başladı. Mənə səhvlərimi göstərdi. Uduzurduq, mənə deyirdi ki, çox top itirirsən. Ağıllı oğlanam, o dəqiqə bunu dayandırmalı, ötürmə verməli və topu özümdə saxlamalı olduğumu başa düşdüm. Növbəti matçda bunların hamısını reallaşdırdım. 2:0 hesabı ilə qalib gəldik. Məşqçi isə mənə yaxınlaşdı və dedi: "mən sənə dedim axı, müdafiəçiləri keçməyə çalış". Mən isə cavabımda ona "siz axı mənə dediz ki, topu itirmə. Birəbir oynamaq potensial top itkisi deməkdi" söylədim. Cavabı qəribə oldu: "mən sənə dedim, qışqırdım ki, onları keç".
- Sonra nə etdin?
- Mübahisə etməyə başladıq. Onu başa düşə bilmirdim. Komanda və mən yaxşı oynayırdıq. Məşqçi ilə ağızlaşmaq, mübahisə etmək mənasız idi. Çünki özünü çox dəyərli hesab edirdi. Belə hallar, demək olar, hər matçdan sonra olurdu. Belə bir psixoloji gərginliyə düşmüşdüm. Başa görə ayaqlar əziyyət çəkirdi. Daim təzyiq vardı və mən bununla bacarmırdım. Sonra düşündüm ki, məni niyə bura gətiriblər? Hücumdakı fərdi bacarıqlarıma görə. Mən isə bunu edə bilmirdim. Çünki məşqçi əksini istəyirdi. Məşqlərin birində özünü yaxşı aparmadı (Elşad Əhmədovu nəzərdə tutur – red.), mən də cavabını verdim. Ona əbədi itaət etməyəcəkdim. Prezidentlə görüşdüm və qərara gəldik ki, ən yaxşısı komandanı dəyişməkdi.
- "Sabah"ın prezidenti Deviçin transferində səninlə məsləhətləşmişdi?
- Bəli, belə bir şey olmuşdu. Açığı, mən də gözləmirdim. Prezident bizimlə toplanışa gəldi, mənə yaxınlaşdı və soruşdu: "Vitali, necə düşünürsən, Marko Deviç bizim komandaya gələr? Onunla danışmaq istəyirik". Mən isə bildirdim ki, belə bir şansınız yoxdu, o, bura gəlməz. O isə söylədi ki, yenə də yoxlayacaqlar. Prezident əla və açıqsözlü insandı. Görünür, necəsə yola gətirə biliblər. Deviç gələndə təəccüblənmişdim.
- Düşərgədə özünü Tanrıdan sonra birinci şəxs hesab edirdi?
- Komandanın, hətta çempionatın əsas ulduzu idi. Görünüşcə sadədi, digər tərəfdən isə adam oynadığı bütün klublarda normal çıxış edib. Məşqləri buraxmırdı, hətta sonra fərdi qaydada hazırlaşırdı. 35 yaşdan sonra hamımız geriləyirik, o isə fitnesə gedir, raket kimi qaçır, müdafiəçiləri təxribata çəkir, vitamin qəbul edir, bir sözlə, əsl peşəkardı. Sonra isə qol vurmağa başladı. Yeri gəlmişkən, Deviç həqiqətən Ukraynanı çox sevir. Yadımdadı, Ukrayna Serbiya ilə oynayanda ona yazmışdım: "Marko, bu gün kimə azarkeşlik edirsən?" Cavabında "dostluğa" demişdi.
- Müsəlmanlar arasında necə yaşayırdın? Qəribə hallar olurdu?
- Olurdu. Çiməndə lasin və ya alt paltarında olmağı xahiş edirdilər. Tam lüt çimmək olmazdı. Kapitan hər şeyi izah etmişdi, mən də problemsiz razılaşmışdım. Komandadakı uşaqların çoxu gündə üç-dörd dəfə namaz qılırdı, bir çoxu üç-dörd dəfə "Qurani-Kərim" oxuyurdu.
RƏŞAD hazırladı