Elmar Baxşıyevə forvard və dayaq yarımmüdafiəçisi lazımdı
“Qəbələ” mövsümün ikinci yarısına hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Türkiyədə təlim-məşq toplanışında olan “qırmızı-qaralar” dünən Antalyada 3-cü matçına çıxıb. Elmar Baxşıyevin yetirmələri Bolqarıstan təmsilçisi “Etar”la üz-üzə gəlib. Bölgə təmsilçisi görüşə aşağıdakı start heyəti ilə başlayıb: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 6. Caio Manoel, 8. Qismət Alıyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 14. Ülvi İsgəndərov, 17. Yavo Akakpo, 74. Yusif Nəbiyev.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. “Qəbələ”də Anar Nəzirov, Murad Musayev, İdris İnqilablı, Merab Qiqauri, Ehtiram Şahverdiyev, Rövlan Muradov, Kristian Kuaku və Fernan Lopes meydana çıxıb. Qarşılaşma qolsuz bərabərliklə bitib. Bu, “qırmızı-qaralar”ın 2020-ci ildə ilk heç-heçəsi olub. Onu da qeyd edək ki, bolqarlarla matçda Elmar bəy braziliyalı Caio Manoeli də gözdən keçirib. Forvardla bağlı qərar sonuncu yoxlama görüşündən sonra veriləcək.
Xatırladaq ki, yanvarın 12-dən Antalyada hazırlıq keçən “Qəbələ” ayın 14-də keçirilən ilk matçda Macarıstan MTK-sına 0:3 uduzub, dörd gün sonra Rusiya təmsilçisi “Çayka”nı 3 cavabsız qolla məğlub edib. “Qırmızı-qaralar” yanvarın 25-də keçiriləcək son görüşdə Rumıniya “Konkordiya”sı ilə qarşılaşacaq.
Ötən sayımızda “Çayka” ilə oyunun yarımçıq qaldığını, ancaq “Qəbələ”nin saytında bununla bağlı bilginin olmadığını vurğulamışdıq. Məsələyə aydınlıq gətirmək üçün “qırmızı-qaralar”ın mətbuat katibi Anar Hacı ilə əlaqə saxladıq. Anar bəy olaya belə aydınlıq gətirdi: “83-cü dəqiqədə rəqibin futbolçusu ağır zədələndi. İlkin həkim yardımı xeyli vaxt apardı. Sonradan məlum oldu ki, futbolçunu xəstəxanaya götürmək lazımdı. Bütün bu proseslər isə 15 dəqiqəyə yaxın çəkdi. Bundan sonra oyunu idarə edən hakimlər briqadası matçın başa çatdığını, oyunu davam etdirməyin mənasız olduğunu vurğuladı və görüş belə yekunlaşdı”.
“Etar”la görüşdən sonra Elmar Baxşıyev yetirmələrinin performansını dəyərləndirib: “Planlaşdırdığımız kimi oldu. Bütün futbolçular oyun yükünü aldı. Fikrimizdə də bu idi ki, planlaşdırdığımız 4 yoxlama matçında komanda o yükü oyunla alsın. Nəticəyə baxmayaraq, istəyirik ki, bütün futbolçular şans qazansınlar, çempionata tam hazır olsunlar. Nəticəni qoyuruq qırağa, bizi əsas maraqlandıran komandanın verilən tapşırıqları yerinə yetirməsidi. Biz də o siqnalları məşqlərdə görürük. Bunun davamını oyunda da gətirirlər. Caio Manoelin hazırlığı hələ tam qaydasında deyil. Belə götürəndə, potensialı olan futbolçudu, ancaq bizə hazırlıqsız qoşulub. 45 dəqiqə şans verdik. Bir də yoxlayandan sonra qərar verəcəyik. Məşqlərdə bir az da özünü göstərsə, yanvarın 25-də son matçda ona şans verəcəyik. İndiki vəziyyyətdə hələ ki bizdən gedən Davit Volkovun yerini doldura biləcək futbolçu deyil. “Keşlə”nin yoxlama görüşlərini izləməməyimizə gəlincə, bu dəqiqə bizi əsas maraqlandıran öz komandamızdı, əsas bizim hazırlıqdı. Üstünlüyü ilk növbədə buna veririk. Onların bizim oyunu izləməsi normaldı. Rəhbərliyə istəyimizi çatdırmışıq ki, heç olmasa, iki yeni futbolçu olsun. Konkret mövqelər var ki, orda rəqabətin artması önəmlidi. Bizə forvard və dayaq yarımmüdafiəçisi lazımdı. İstəyirik ki, sırf İbrahima Niassenin mövqeyində oynayan olsun”.
RƏŞAD