Sizin reklam burada

“Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır

Baxış Sayı:451


“Füzuli Məmmədov komandanı çempion etsə, azarkeş onun arxasında illərlə dayanacaq”
“Neftçi”, nəhayət, Roberto Bordini göndərdi. Ötən mövsümün ardından hədəf taxtasında olan italiyalı avrokuboklardakı performansı ilə azarkeşləri dəlilik həddinə çatdırmışdı. Mövsümün əvvəlindən çempionluqdan uzaqlaşması isə bardağı daşıran son damla oldu. Açığı, Bordinin göndəriləcəyi gözlənilən idi. Ancaq klub rəhbərliyi təcrübəli baş məşqçi ilə gec vidalaşdı. Elə sırf bu səbəbdən hər kəs italyanın ən azı cari mövsümün sonuna qədər qalacağı qənaətinə gəlmişdi. Ancaq Antalyadakı toplanışda bardaq daşdı. Bu günə qədər yoxlama oyunları barədə səslənən “nəticə önəmli deyil” yanaşması bu dəfə unuduldu. Polşa təmsilçisi LKS ilə görüşdə darmadadağına (0:4) məruz qalan “ağ-qaralar”da radikal qərar qəbul olundu. İtaliyalı və köməkçisi ilə yollar ayrıldı. Əslində gözlənilən olan bu qərar hər kəs üçün gözlənilməz olmuşdu. Toplanış vaxtında baş məşqçi ilə yolları ayırmaq çox rast gəlinən praktika deyil. Sözsüz, bundan sonrakı dönəm daha maraqlı olacaq. Füzuli Məmmədova tapşırılan komanda sonadək ona etibar ediləcəkmi, yoxsa ağıllarda başqa bir mütəxəssis var? Klubun prezidenti Kamran Quliyev baş məşqçi axtarışında olmadıqlarını açıqlayıb. Ancaq klub rəhbərləri də siyasətçilər kimidi. Onların sözünə çox da güvənmək olmaz. İstənilən halda, hazırda komandanın başında Füzuli Məmmədovdu. Görünən odu ki, bundan sonarkı bir neçə ay və ya həftə mətbuatın “Neftçi”yə məşqçi axtarışı ilə keçəcək.
Bordinin göndərilməsini lap əvvəldən istəyən və bunu səbirsizliklə gözləyənlərin başında, təbii ki, azarkeşlər gəlir. Hələ mövsümün əvvəlindən komandanın əsas azarkeş qrupu “Forza Neftçi”nin baş məşqçiyə yönələn “istefa” şüarları yeri-göyü inlədirdi. Bu üzdən rəhbərliyin məlum qərarı ilə bağlı onların fikirlərini öyrənmək pis olmazdı. “Forza”nın rəhbəri Sübhan Əliyev qərarın doğru, ancaq gecikmiş olduğunu söylədi: “Biz aşağı-yuxarı bir ildi bağırırdıq ki, bu adamı saxlamaq səhv qərardı. Başa düşürdük ki, Kamran Quliyev bir dəfə şans verdi. Ancaq bu məşqçi bizi çempionluqdan edib. Ona görə də italyanı saxlamaq faciə idi. Təbii ki, çox yaxşı, hətta super qərardı. Ancaq gecikmiş qərardı. Kamran Quliyev Bordini “Bney Yehuda”ya məğlub olanda göndərməliydi. “Sumqayıt”a, “Qəbələ”yə, “Səbail”ə dəfələrlə uduzanda getməliydi. Bu adam uduzduğu oyunlarla bizi çempionluqdan edib. “Neftçi” müdafiə futbolu oynamamalıdı. Biz Azərbaycanın flaqmanıyıq. Rəqib bizimlə qarşılaşanda müdafiəyəmeyilli oynamalıdı ki, “Neftçi” ilə oynayırıq. Füzuli Məmmədovu gətiriblər. Təki yaxşı olsun. Füzuli müəllimin nəyə qadir olduğunu zaman göstərəcək. Ancaq onun özü ilə də görüşəcəyik. Azarkeş olaraq tələblərimizi deyəcəyik. Hansısa legioner 25-30 min dollara gəlib burda oynayırsa, “Neftçi”nin pulunu yeyirsə, özümüzkünün 5-10 min alacağını qabardan deyilik. Ən azı özümüzküdü. Bildiyimiz qədər həm də imanlı insandı. Bu üzdən onun arxasında duracağıq. Sadəcə, biz də öz tələblərimizi, şərtlərimizi bildirib, xeyir-duamızı verəcəyik. İstədiyimiz hər şey “Neftçi” üçündü. Könül istər ki, komandanı çempion etsin. Bu gün “Neftçi” rəqibdən 6 xal arxadadı. Füzuli Məmmədov komandanı çempion etsə, azarkeş onun arxasında illərlə dayanacaq”.
HƏSƏN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR