Qanalı forvardın keçidi reallaşmaq üzrədi
“Qarabağ” Antalya təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununda gücünü sınayıb. Yanvarın 18-də, Bakı vaxtı ilə 18.00-da start götürən görüşdə rəqib Rumıniya "Akademika”sı (Klinçeni) olub.
"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Aylton Silva, Maksim Medvedev, Miçel, Xayme Romero, Mahir Əmrəli, Rəşad Sadıqov (k), Abdulla Zubir, İsmayıl İbrahimli, Bədavi Hüseynov.
Qurban Qurbanov ikinci yarıda bu futbolçulara da oynamaq şansı yarasıb: Vaqner da Silva, Rauf Hüseynli, Cavid Bayramov, Maqaye Geye, Rahil Məmmədov, Araz Abdullayev, Filip Ozobiç, Hacıağa Hacılı, Nihad Tamazov, Musa Qurbanlı, Abbas Hüseynov.
Yüksək liqa təmsilçisi olan rəqib bundan əvvəl "Sabah"la görüşərək, qolsuz bərabərliyə imza atmışdı. Bu dəfə isə məhsuldar heç-heçə qeydə alınıb. "Qarabağ" Zubirin erkən qolu ilə hesabı açsa da, üstünüyü əldən verib və ikinci yarıda hesabda geri düşüb. Ancaq Cavid Bayramovun 88-ci dəqiqəyə təsadüf edən qolu sayəsində məğlubiyyətdən qaçıb – 2:2.
Qurbanovun “Akademika” ilə qarşılaşmadan sonra söylədikləri: “İlk oyunumuz olduğundan futbolçulardan çox şey tələb edə bilməzdik. Türkiyədəki hazırlıq dövrünün ilk tsikli idi ki, bunu da oyunla başa vurduq. Şükürlər olsun ki, hər şey tam qaydasında oldu. Futbolçular yorğun olsalar da, hər iki komandanın ifasında çox sürətli oyun getdi. Meydanda yaxşı mübarizə oldu. Əlbəttə, belə matçlarda nəticəyə oynamaq da çox vacibdi. 1:2 hesabıyla uduzurduq, son dəqiqələr idi, futbolçularımız qol vurmaq üçün çox istəkli idilər. Sonda buna nail oldular. Ancaq bu hələ hazırlığın ilk hissəsidi. İşimiz çoxdu. Transfer çalışmaları davam edir. Bir nəfərdən xəbər var idi, amma "yox" dedilər. Orta sahə oyunçusu idi. Demək olar ki, hər şey həll olunmuşdu - həm klubuyla razılaşdırılmışdı, həm də futbolçunun özüylə. Ancaq son anda "yox” cavabı gəldi. Dedilər ki, ailəsi icazə vermədi. Açığı, ehtiyatlandılar, çünki ilk dəfədi bu ölkəyə gələcəkdilər. Ancaq başqa variantlar var. Yaxın günlərdə bir futbolçunun transerinin alınması ehtimalı var. Antalyaya gətirdiyimiz gənclər ən azı 2 ildi bizimlə hazırlıq prosesində iştirak edirlər. Tam nəzarətimiz altındadılar. Əsas komandaya uyğunlaşma baxımından problemləri olmayacaq. Sadəcə, bu komandadan tələblər böyükdü. Bəlkə 3-4 gənc futbolçunu birdən meydana buraxmaq böyük risk olar. Bəli, 2-3 ildən sonra daha artığıyla faydasını görə bilərik. Hələlik isə tələsmədən onları yavaş-yavaş hazırlayırıq. Potensialları var… Daim nəzarətimizdə olan bir neçə yerli futbolçu var. Ola bilər ki, mayda belə bir addım ataq. Ancaq bizdən asılı olmayan şeylər var. Vaxtı gələndə bu addımı atacağıq”.
Ağdamlılar Antalyada daha 3 oyuna çıxacaq. Sabah Qazaxıstan "Jetisu"su, yanvarın 25-də Çexiya "Siqma"sı və Polşa "Visla”sı (Plok) sınağa çəkiləcək. Yanvarın 19-da istirahət edən “Qarabağ” dünən hazırlığı bərpa edib. Məşq 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra Qurban Qurbanov futbolçulara faciə haqda ətraflı məlumat verib.
Bu arada İspaniyanın cordobadeporte.com saytında yer alan xəbərə görə, ağdamlılar “Leqanes”in futbolçusu Kvabena Ovusunu transfer etməyə yaxındı. “Leqanes”lə “Qarabağ” arasında artıq razılıq əldə olunduğu da bildirilir. 22 yaşlı hücumçu hazırda icarə əsasında “Kordoba”da çıxış edir. İspaniya sequndasında mübarizə aparan komandada cari mövsüm 16 oyuna çıxan qanalı 6 qol vurub. Onun “Kordoba” ilə icarə müqaviləsinin müddəti mövsümün sonuna qədərdi.