Sizin reklam burada

“Sabah” əzmkar qələbəyə sevindi

Title

Sopiç iranlı forvardla bağlı bu gün qərar verəcək
“Sabah” yanvarın 19-da Antalyada növbəti yoxlama oyununa çıxıb. Paytaxt təmsilçisi Qazaxıstan “Kaysar”ı ilə münasibətləri aydınlaşdırıb. Baş məşqçi Jelko Sopiçin start heyəti belə olub: Saşa Stamenkoviç, Filip İvanoviç, Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə, Məqsəd İsayev, Şakir Seyidov, Mario Marina, Ozancan Kökcü, Cavid İmamverdiyev, Coşqun Diniyev, Marko Deviç.
İkinci yarıda bu futbolçular da şans qazanıb: Yusif Seyidi, Məhəmməd Mirzəbəyov, Dmitri Bezruk, Rəşad Eyubov, Emil Qasəmov, Elçin Mustafayev, Cavid Tağıyev, Ceyhun Nuriyev.
Bələkdəki “Hüseyn Aygün” Futbol Mərkəzində keçirilən oyuna Bakı vaxtı ilə saat 17.00-da start verilib. Qarşılaşmadan öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. "Sabah" meydana qara sarğıyla çıxıb. Sopiçin komandası bunadək qələbə qazanmamış, qol da vura bilməmişdisə, bu oyunda tilsimi qırıb. Özü də bütün qollar fasilədən sonra vurulub. Bakılılar hesabda geri düşsə də, 3 qol vurmaqla əzmkar qələbəyə sevinib - 3:1. Rəqib qapıçını İvanoviç (57), Nuriyev (82) və Marina (87) məyus edib.
Qeyd edək ki, toplanış çərçivəsində Macarıstan “Pakş”ı (0:2) və Rumıniya “Akademika”sı (Klinçeni, 0:0) ilə münasibətləri aydınlaşdıran "Sabah" son matçına bu gün çıxacaq. Rəqib Moskva "Spartak"ının əvəzediciləri olacaq.
Qazaxıstan kubokunun son qalibi ilə oyundan sonra Sopiç fikirlərini bölüşüb: “Məşq xarakterli oyunlardan biri idi. Çox şadam ki, qol vurduq və oyunu qələbə ilə bitirdik. Çünki komandada həqiqətən qol vəziyyətlərindən istifadə ilə bağlı problemlər var idi. Bu oyunu udmasaydıq, bir az üzülərdim. Qol vəziyyətlərindən istifadə bəzən keyfiyyətdən asılı olur. Ancaq bu, məşq xarakterli görüş idi. Futbolçulardan nə istədimsə, onu meydanda həyata keçirdilər ki, bu da məni qane etdi… Həmişə demişəm ki, əcnəbilər oyuna xüsusi keyfiyyət qatmalıdılar. Marko Deviç də 40 yaşında olsa belə, komandaya keyfiyyət verəcək… Qış fasiləsindən sonra hər oyunda artıracağıq - istər hücumda, istərsə də müdafiədə. Bu gün sərgilənən oyundan da çox razıyam, komandanın hazırkı durumundan da. Düzdü, bir futbolumuz bizi tam başa düşmürdü. Baxışa gələndi, 2-3 saat əvvəl onu görmüşdüm. Həmin legioneri nəzərə almasaq, qalan futbolçuların oyunundan razıyam. İranlı hücumçu Yusif Seyidiyə cəmi 45 dəiqə şans verdim. Bu isə onunla bağlı qərar vermək üçün kifayət deyil. "Spartak"ın əvəzeidiciləriylə də sınaq görüşümüz var. Həmin görüşdə həm az şans qazananları, həm də gəncləri sınayacağıq. Seyidi haqda məhz son matçdan sonra qəti fikir söyləyəcəyik”.
Bu arada “Sabah” Futbol Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Akademiya rəhbərliyi azyaşlı futbolçulara xalqımızın qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib. Daha sonra akademiyanın rəhbərliyi, məşqçi və futbolçu heyəti Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlərin məzarları üzərinə güllər qoyulub, onların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.