Sizin reklam burada

Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır

Baxış Sayı:361


Səbuhi Səfiyaralı: “Sabah”da anlaşma baxımından irəliləyiş hiss olunur”
Antalya qış fasiləsində təkcə müxtəlif ölkələri təmsil edən klubların toplanış keçdiyi yox, eyni zamanda agentlərin toplaşdığı məkandı. “Futbol bazarı”nıın əsas fiqurları da bu aralıqda Türkiyənin məşhur istirahət zonasına yollanaraq, müştərisi olan futbolçulara yeni komandalar tapmağa çalışır və ya klub rəsmiləri ilə əlaqəyə girib onlara lazım olan mövqelər üçün oyunçu axtarırlar.
Hazırda Antalyaya yollananlar arasında azərbaycanlı agentlər də var ki, onlardan biri də Səbuhi Səfiyarlıdı. Uzun illər “Neftçi”, “İnter”, “Qəbələ” kimi iddialı elita təmsilçilərində çalışan, ötən yaydan müstəqil agent kimi fəaliyyət göstərən Səbuhi bəy artıq bir neçə gündü qardaş ölkədədi. Onunla söhbətimizdə həm səfərinin məqsədinə aydınlıq gətirməyə çalışdıq, həm də klublarımızın yoxlama görüşlərində necə təsir bağışladığını bilmək istədik: “Bu dəfə diqqətimi çəkən ən vacib məqam hava şəraiti ilə bağlıdı. Əvvəlki illərlə müqayisədə bu qış Antalyada çox mülayim keçir. Yadıma gəlir ki, son dörd-beş ildə hava şəraiti klubların normal hazırlıq keçməsinə çox mane olurdu. Yağışlı havalar məşqçilər korpusuna əvvəlcədən tərtib etdiyi plan üzrə işləməyə imkan vermirdi. Ya məşqlər təxirə salınırdı, ya da meydanlar leysandan sonra sıradan çıxırdı ki, bu da yoxlama görüşlərinin keçirilməsinə mane olurdu. Bu il hava şəraiti yaxşı olduğundan bütün komandalar, demək olar ki, plan üzrə toplanış keçirlər. Məncə, bu məqamı müsbət cəhət kimi vurğulamaq lazımdı. Bundan öncə Antalyaya çalışdığım klublarla birgə gəldiyimdən başqa komandaların hazırlıq prosesini, yoxlama görüşlərini, kimin necə işlədiyini yaxından izləməyə vaxt olmurdu. Başım əsasən öz işlərimizə qarışırdı. Amma indi sərbəstlikdi və istədiyim klubun oyununa baxa bilirəm. Bundan başqa, maraq dairəmə düşən futbolçular barədə də məlumat əldə etmək üçün bura gəlməyə qərar verdim. Ola bilər ki, hansısa yerli oyunçuların transferi ilə bağlı əcnəbi klublarla danışıqlar apardıq. Çünki diqqət mərkəzinə düşənlər var. Fürsət düşmüşkən, premyer-liqa təmsilçilərinin də yoxlama görüşlərini izləməyə çalışıram. İndidən nəsə demək, hansı komandanın 3-cü dövrədə necə təsir bağışlayacağını söyləmək hələ tezdi. Çünki komandalar hələ bir və ya iki görüş keçiriblər. Təxminən 10 gün burda olacam və yəqin ki, toplanışın sonunda bu mövzuda daha ətraflı danışmaq mümkündü”.
Səfiyarlı bu günə kimi “Zirə” və “Sabah”ın iştirakı ilə keçirilən matçlara baxdığını söylədi və təəssüratını bölüşdü: “Zirə”nin Rumıniya klubu ilə görüşündə Zaur Haşımov bütün yeni transferləri ilk dəqiqələrdən meydana buraxmışdı. Ağabala Ramazanovla Davit Volkov hücumun cinahlarında çıxış edirdilər. İki yeni mərkəz müdafiəçiləri – Yovan Krneta ilə Alie Sesay da iş başında idilər. Açığı, Krnetanı o qədər də bəyənmədim. Çünki “Zirə”nin heyətində olan Skarlatakedən və ya Bakraçdan güclü deyil və oyunda da qeyri-adi heç nə ilə yadda qalmadı. Əvəzində Alie məni yaxşı mənada təəccübləndirdi. Son statistik göstəricilərini nəzərə alsaq, açığı, ondan belə oyun gözləmirdim. Sürəti, mövqe seçimi, vaxtında müdaxilələri göz oxşayırdı. Fikrimcə, Sesayın “Zirə”nin arxa xəttinə çox köməyi dəyəcək. Digər futbolçular da komandanın oyun sisteminə uyğunlaşmaqda çətinlik çəkməyiblər. Ağabala və Davit də baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırdılar. Hazırlıq dönəmində keçiriləcək yoxlama oyunları hər ikisinin uyğunlaşma baxımından xeyrinə olacaq. “Sabah” haqda da eyni sözləri demək olar. Yeni baş məşqçi nəsə etməyə çalışır. Hər şey o qədər də yüksək səviyyədə alınmasa da, anlaşma baxımından irəliləyiş hiss olunur. Çempionatın əvvəlindən deyirdim ki, “Sabah”ın dağıdıcı funksiyanı yerinə yetirə biləcək dayaq yarımmüdafiəçisinə ehtiyacı var. Hətta İbrahima Niassenin o mövqedə komandaya daha çox fayda verəcəyini düşünürdüm. Amma məşqçilər korpusu seneqallını bəyənmədilər və əvəzində xorvat oyunçu transfer etdilər. Mario Marinanın “Sabah”a hansı şərtlər altında gəldiyini biz bilirik. Və bu üzdən ondan qeyri-adi nəsə gözləməyə dəyməz. Sadəcə, xorvat o zonada olan boşluğu dolduracaq. Çünki komandada “qara iş” görən oyunçu yox idi. Digər komandalar haqda nəsə deməyim düz çıxmaz. Onların iştirakı ilə keçirilən matçları izləməmişəm. Bu gün (dünən) “Keşlə”nin oyununa baxmağı planlaşdırıram. Qarşıdakı günlərdə isə başqa klublarımızın da yoxlama görüşlərini izləyəcəm”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR