“Tanıdığım ən peşəkar oyunçulardandı”
Srağagün gec saatlarda “Sabah”ın saytında yer alan xəbər hər kəsdə maraq doğurdu. Belə ki, “tələbələr”in yeni transferi həm də köhnə addı. Klub sabiq futbolçusu Marko Deviçi yenidən heyətinə qatdı. 2018/19 mövsümündə "Sabah"ın şərəfini qoruyan ukraynalı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Ötən mövsüm komandanın heyətində iştirak etdiyi 21 oyunda 8 qolla yadda qalan 36 yaşlı futbolçu "Sabah”ın heyətində ən yaxşılardan hesab olunurdu.
Bəs görəsən, Deviçin qayıdışı hansı zərurətdən irəli gəlir? Ukrayna yığmasının sabiq üzvü "Sabah"dan niyə getmişdi, niyə qayıtdı? Bu sualları paytaxt təmsilçisinin idman direktoru Emin Abbasova ünvanladıq. Klub rəsmisinin cavabı belə oldu: "Marko Deviç tanıdığımız oyunçudu. Ötən mövsüm komandamızın bombardiri olmuşdu. Amma bildiyim qədər şəxsi məsələlərə görə ötən yay vətəninə qayıtdı və orda da yaxşı oyun nümayiş etdirdi. Markonu mövsümün sonuna qədər gətirmək variantı yarandı və belə qərara gəldik ki, bizə köməyi dəyər. Deviç tanıdığım ən peşəkar oyunçulardandı, 36 yaşı olmasına baxmayaraq, formasını qoruya bilib. Həm də bizim çempionatı yaxşı tanıyır, burdakı oyun üslubuna, rəqiblərə bələddi. Şəxsi fikrim budu ki, onun bizə köməyi dəyəcək".
Yeri gəlmişkən, Deviç artıq məşqlərə də qoşulub. Bu haqda Bakı təmsilçisinin rəsmi “feysbuk” səhifəsi məlumat yayıb. Yanvarın 16-da “Sabah”la mövsümün sonuna qədər müqavilə bağlayan Deviç dünən ilk məşqinə çıxıb. Onu da xatırladaq ki, Ukrayna millisinin sabiq üzvü “Sabah”ın premyer-liqada ilk qolunun müəllifidi.