Sizin reklam burada

“Sumqayıt”ın Futbol Akademiyasında şok olay

Baxış Sayı:506


Özünü Elşad Nəsirovun qohumu kimi təqdim edən valideyn polisi işə qatıb
Müstəqil Azərbaycan futbolu tarixində çox, lap çox qeyri-adi olayla qarşılaşmışıq. İndi onları bir-biri yada salıb vaxtınızı almaq istəmirik. Ancaq bugünlərdə “Sumqayıt” Futbol Akademiyasında yaşanan hadisə nəinki Azərbaycanda, bəlkə də dünyanın heç bir ölkəsində yaşanmayıb. Hətta üçüncü dərəcəli hesab etdiyimiz Afrika ölkələrində belə bu məsələdən xəbər tutsalar, bizə gülərlər.
“Sumqayıt” Futbol Akademiyasının U-12 komandasının üzvlərindən biri zəif təsir bağışladığına, həmyaşıdlarıyla ayaqlaşa bilmədiyinə görə rəhbərliyin qərarı ilə akademiyadan xaric olunub. Qərarla razılaşmayan valideyn klubdan qisas almaq üçün qeyri-adi üsula əl atmağı lazım bilib. O polis bölməsinə ərizə yazaraq, oğlunun akademiyadan kənarlaşdırılmasından şikayətçi düşüb. Bu azmış kimi, hələ 12 yaşı tamam olmayan uşağın da adından şikayət ərizəsi təqdim edib. Uşaq orda qeyd edib ki, akademiyadan kənarlaşdırıldığına görə psixoloji sarsıntı keçirib və intihar etmək istəyir. Bu azmış kimi, şikayətçi valideyn övladını məktəbə də buraxmır ki, birdən gözdən yayınaraq özünə qəsd edər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları da şikayətə qarşılıq verərək, akademiyanın rəhbərliyinin – baş menecer Rəşad Məmmədovun və U-12 komandasının çalışdırıcısı Rəşad Muradovun izahatını alıblar.
Yaşanalarla bağlı “Sumqayıt”da eyni zamanda mətbuat katibi vəzifəsini icra edən Rəşad Məmmədov fanat.az saytına açıqlama verib. Onun dediklərini müəyyən ixtisarla diqqətinizə çatdırırıq: “Akademiyalarda valideyn-klub məsələsi uşaq futbolunun başlıca problemlərindəndi. Qeyd etdiyiniz məsələ həddən artıq şişirdilib. Bəli, akademiyamızın U-12 komandasının futbolçusu ilə bağlı belə bir insident yaşanıb. Valideyn dəfələrlə klubun ofisinə gələrək, məşqçilərimizlə xoşagəlməz tonda danışıb, onları təhqir edib. Səbəb kimi isə uşağının güclü olduğunu, amma ona qarşı haqsızlıq edildiyini göstərib. Normal bir məntiq var. Sizcə, hansı məşqçi güclü olan futbolçunu oynatmaz? Həmin uşaq neçə ildi bizim akademiyanın üzvüdü, oyunlarda və məşqlərdə iştirak edir. Sadəcə, valideyn uşağının bütün oyunlarda tam oynamaması səbəbindən bu problemi ortaya atıb. Dəfələrlə ona uşağının az oynaması ilə bağlı izahat da verilib. Məşqçilərin qərarına əsasən isə qış transferi dövründə futbolçunun müqaviləsinə xitam verilib. Valideyn normal şəkildə gələrək oğlunun transfer vərəqini klubdan alıb. Yəqin ki, bundan sonra məşqçinin uşağını təhqir etməsini bildirərək şikayətçi olub. Halbuki akademiyamızda belə şeyin olması mümkün deyil".
Polis şöbəsinə dəvət olunub, izahatı alınan U-12 komandasının baş məşqçisi Rəşad Muradovla isə biz əlaqə saxladıq: “Bu gün saytda məsələ ilə bağlı yazı gedib. Öncə onu bildirim ki, həmkarınız ən azı ittiham olunan tərəf kimi mənim də mövqeyimi öyrənməliydi. Onda kimin haqlı, kimin haqsız olduğunu üzə çıxarmaq mümkün olardı. Bu uşaq artıq neçə vaxtdı akademiyadadı. Mən isə “Sumqayıt” Futbol Akademiyasında cəmi iki aydı çalışırdım. Saytda yazılıb ki, guya mən məşq prosesində uşağa “zəif”, “fərsiz”, “bacarıqsız”deyib, həmyaşıdlarının yanında utandırmışam. Əslində isə mən heç vaxt ona belə sözlər deməmişəm. Maraqlanan tərəf olsa, həmin yaş qrupunda olan uşaqların valideynlərini tapıb danışmaq olar. Bəli, polis bölməsinə dəvət olundum və izahatımda hər şeyi olduğu kimi göstərdim. Həmin uşağın valideyni özünü Elşad Nəsirovun (AFFA-nın vitse-prezidentidi – red.) qohumu kimi təqdim edərək, hamıya deyirdi ki, “bizə heç kim heç nə deyə bilməz. Zəif də olsa, mənim oğlum bu akademiyada toxunulmazdı”. Onun övladı isə sözün həqiqi mənasında əsas heyətə layiq deyildi. Buna baxmayaraq, bir neçə oyunda onu əsas heyətdə meydana da buraxmışdım. Ancaq valideyn hər dəfə övladı ehtiyatda qalanda gəlib klubun ofisində səs-küy salırdı. Bir dəfə içkili ofisə gələrək akademiyanın rəhbəri Hakan Sünalı ağır formada təhqir etdi. İstənilən şəxsə, idman saytına həmin olayın videoyazısını təqdim etməyə hazıram. Artıq onun hoqqaları dözülməz xarakter almışdı. Qış fasiləsində akademiyanın baş meneceri Rəşad müəllim məni otağına dəvət edərək, həmin uşağın komandaya lazım olub-olmadığı ilə maraqlandı. Mən də onun akademiya səviyyəsində olmadığını bildirdim. Bu söhbətdən sonra rəhbərlik uşağın valideynini ofisə dəvət edərək, müqaviləyə xitam verdi. Sənədləri valideynə təqdim olundu və ona azad agent statusu verildi”.
Muradov sonrakı prosesləri belə izah etdi: “Burda məşqçi kimi mənim nə günahım var? Hər şey Hakan Sünalın təhqir olunmasından sonra oldu. Klub rəhbərliyi bunu həzm edə bilmədi və mənim də fikrimi öyrənəndə hər şeyi olduğu kimi dedim. Baş məşqçi kimi mənə uşağın kimin qohumu və ya yaxını olduğu maraqlı deyil. Əsas məqsədim gələcəkdə milli komandalarda oynaya biləcək futbolçuları üzə çıxarmaq və onları düzgün istiqamətləndirməkdi. Saytda yazıblar ki, həmin olaydan sonra Rəşad Muradov məşqlərə çıxmır. Bu da düzgün xəbər deyil. Mən bu hadisədən əvvəl öz ərizəmlə “Sumqayıt” akademiyasından çıxmışam və daha yaxşı şərtlər təklif edən klubun akademiyası ilə müqavilə bağlamışam. Bu günə qədər uşaq futbolunda bir çox klublarda çalışsam da, heç vaxt adıma belə söz-söhbət çıxmayıb. Çünki ilk növbədə pedaqoq olduğumu və azyaşlı uşaqlarla işlədiyimi yaxşı başa düşürəm. Bu gün mətbuatda barəmdə “Sumqayıt”ın U-12 komandasının baş məşqçisindən polisə şikayət olunub” sərlövhəli yazı getməsi, açığı, məni çox məyus etdi. Ləyaqətimə toxundu. Hardasa səhvim olsaydı, o qədər də məyus olmazdım. Ancaq məni tanıyanların hamısı bilir ki, işimi şərəf və ləyaqətlə yerinə yetirmişəm. Atasının puluna, qohumlarının yüksək vəzifədə işləməsinə görə heç bir uşağa güzəşt etməmişəm”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR