“Ola bilər ki, karyerasını “Qəbələ”də davam etdirsin”
Mövsümün ikinci yarısına Antalyada hazırlaşan, hazırlıq prosesində artıq bir yoxlama görüşü keçirməyə də imkan tapan “Qəbələ” əsas futbolçularından birinin xidmətindən yararlana bilmir. Söhbət mövsümün gedişində “qırmızı-qaralar”la anlaşan İbrahima Niassedən gedir. Seneqallı yarımmüdafiəçinin bölgə təmsilçisi ilə anlaşmasının müddəti dekabrın sonunda başa çatsa da, klub rəhbərliyi, məşqçilər korpusu legionerin fasilədən sonra geri qayıdacağına, ən azı mövsümün sonuna kimi “Qəbələ”nin uğurları üçün çalışacağına ümid edirdi. Ancaq son günlər mətbuatda yayılan xəbərlərə inansaq, seneqallı futbolçu hələ də bölgə təmsilçisinin düşərgəsinə dönməyib. Başqa klublardan təklif alan Niassenin karyerasını Avropanın başqa çempionatında davam etdirəcəyi də gəzən söz-söhbətlər arasındadı.
32 yaşlı dayaq yarımmüdafiəçisi ilə bağlı söylənilənlərə aydınlıq gətirmək üçün “qırmızı-qaralar”ın mətbuat katibi Anar Hacı ilə əlaqə saxladıq. Anar bəy İbrahimanın “Qəbələ”nin toplanışına qatılmadığını bildirməklə yanaşı, onun başqa kluba keçidi məsələsinə tam aydınlıq gəlmədiyini də vurğuladı: “Niasse ilə anlaşmanın müddəti 2019-cu ilin sonuna kimi idi. Razılaşmaya əsasən futbolçu özünü yaxşı tərəfdən göstərib, məşqçilər korpusunun etimadını qazanacağı halda onunla müqavilənin müddəti mövsümün sonuna kimi artırılacaqdı. Lakin bu arada Niasseyə ölkə xaricindən ciddi və sərfəli təkliflər gəlib. Hazırda futbolçu onun xidmətində maraqlı olan komandalarla danışıq aparır və bu üzdən hazırlıq prosesinə qatılmayıb. Hələ ki bu məsələdə son nöqtə qoyulmayıb. Futbolçu heç bir klubla anlaşmayıb. Böyük ehtimalla yaxın iki-üç gündə bütün suallara aydınlıq gələcək. Ola bilər ki, seneqallı legioner karyerasını “Qəbələ”də davam etdirsin. Az da olsa, belə variant var”.
RƏŞAD