Sizin reklam burada

Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb

Baxış Sayı:864


“Formula-1” 506,3 milyon dollar gəlir gətirib
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai dünən mətbuat konfransı keçirib. Arpadarai “Formula-1” üzrə Azərbaycan “Qran-Pri”si ilə bağlı maraqlı detalları açıqlayıb: “Araşdırmanın nəticələrinə görə indiyədək Bakıda keçirilən yarışlar ümumilikdə 506,3 milyon dollar gəlir gətirib. Hesabatda 506,3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində “Formula-1” ilə bağlı Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və başqa sektorlarda qeydə alınan gəlirlər daxildi. Bir sözlə, “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə 2016-19-cu illərdə Bakıda təşkil olunan yarışlar ölkəmizin iqtisadiyyatına əhəmiyyətli dərəcədə fayda verib. Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektoru tutur. Bakıda təşkil olunan dörd “Formula-1” yarışı ərzində qeydə alınan birbaşa gəlirlərin 73,8 milyon dolları məhz bu sektorların payına düşür. Həmin dövrdə ümumilikdə birbaşa gəlirlər 300,6 milyon dollar təşkil edib. Bu göstəriciyə “Formula-1” ilə bağlı Bakıya gələn qonaqlara və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və başqa istiqamətlər üzrə təqdim olunan məhsul və xidmətlər, həmçinin bununla birbaşa əlaqədə yaranan digər gəlirlər daxildi. Dörd “Qran-Pri” ərəfəsində qeydə alınan dolayı gəlirlər isə ümumilikdə 205,7 milyon dollar təşkil edib”.
BŞH rəsmisi onu da bildirib ki, gəlirlər sözügedən illər ərzində yerli biznesdə xüsusən yarışa yaxın aylarda çoxlu sayda müvəqqəti iş yerlərinin açılmasını stimullaşdırıb. Hesablamalara görə, 2016 və 2017-ci illərdə 5-10 min aralığında qısa və orta müddətli yeni iş yerləri açılıb. 2018 və 2019-cu illərdə isə bu göstərici 7,5 min təşkil edib. Ölkəmizin beynəlxalq miqyasda daha geniş auditoriyaya tanıdılmasında da “Formula-1”in böyük rol oynadığını deyən Arpadarai qeyd edib ki, 2018-ci ildə keçirilən Azərbaycan “Qran-Pri”sini 82,3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-da 10 faiz artaraq 90,2 milyon nəfər təşkil edib.
BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim isə sponsorlar və bilet satışına toxunub: “Sponsorluq danışıqlarını davam etdiririk. Qarşıdakı iki ay ərzində hər şey dəqiqləşəcək. Əsas hədəfimiz tamaşaçı sayını artırmaqdı. Azərbaycandan bilet alanların sayı hələ ki çox deyil. Bu günədək biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb. Məqsədimiz azarkeşlərin, xüsusilə turistlərin sayını artırmaqdı. Çünki onların Azərbaycana axını ölkəyə gəlir gətirəcək. Bu istiqamətdə işləri davam etdirəcəyik. Ötənilki “Qran-Pri”yə 80 ölkədən qonaq gəlmişdisə, bu dəfə onların sayının daha çox olacağına inanırıq. Ötən illərlə müqayisədə biletlərin alınmasında İngiltərə, Almaniya, Niderland, Finlandiya və Avstiya artıq ilk pillələrdə qərarlaşıb ki, əsas məqsəd də biletlərin regiondan yoxl, uzaq məsafələrdən alınmasına nail olmaq idi”.
“PwC Azərbaycan” beynəlxalq audit şirkətinin nümayəndəsi Bəhruz Hüseynzadə isə BŞH ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını və qurumun müraciətinə əsasən ikinci hesabatın hazırlandığını diqqətə çatdırıb.
Qeyd edək ki, “Formula-1” üzrə növbəti Azərbaycan “Qran-Pri”si iyunun 5-7-də keçiriləcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR