Aydın Bayramovun almacıq sümüyü sındı
Təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə davam etdirən “Sumqayıt” srağagün Antalyada yoxlama oyunu keçirib. “Kimyaçılar”ın rəqibi Macarıstan “Kaposvar”ı olub. “Miracle” otelinin stadionunda baş tutan qarşılaşmada Ayxan Abbasovun start heyəti belə olub: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 5. Cəmaləddin Xocaniyazov, 6. Vüqar Mustafayev, 10. Əmir Ağayev, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev, 46. Aleksey İsayev, 70. Mehdi Şərifi, 90. Rəhim Sadıxov. Meydana sonradan bu futbolçular çıxıblar: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 8. Peyman Babayi, 9. Amil Yunanov, 14. Elvin Bədəlov, 20. Rüfət Abdullazadə, 22. Sərtan Taşqın, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 50. İlqar Qurbanov, 88. Cavid Quliyev, 97. Xəyal Nəcəfov.
Tyürkiyədən olan hakimlər briqadasının idarə etdiyi qarşılaşmanın ilk hissəsində hər iki komanda bir dəfə fərqlənib. Mehdi Şərifi 14-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə sumqayıtlıları hesabda önə çıxarsa da, Martin Adam 32-ci dəqiqədə tarazlığı bərpa edib. İkinci hissə isə məhsuldar alınıb. 49-cu dəqiqədə Rişard Naqyi “kimyaçılar”ı meydanın mərkəzinə dəvət edib. Yeri gəlmişkən, birinci hissənin ortalarında “ağ-göylər”in qapıçısı Aydın Bayramov rəqiblə toqquşmada almacıq sümüyünü sındırdığından erkən əvəzlənib. 51-ci dəqiqədə isə Zsolt Balaş hesab arasında fərqi iki topa çatdırıb. “Gənclik şəhəri”nin təmsilçisi Xəyal Nəcəfovun 68, Amil Yunanovun isə 76-cı dəqiqədə vurduğu qollarla “status-kvo”nu bərpa etsə də, heç-heçəni sona qədər qorumaq mümkün olmayıb. Macarlar 89-cu dəqiqədə qələbə qolunu vurublar. Bu dəfə də Balaş fərqlənib.
Matçdan sonra “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasov oyunla bağlı fikilərini söyləyib: “İlk qarşılaşmamız idi və futbolçularım gözləyimdən daha yaxşı təsir bağışladılar. Məni sevindirən onların çox hərəkətli olması idi. Düzdü, hər 45 dəqiqədə fərqli heyətlə oynadıq. Buna baxmayaraq, futbolçularımız qarşılarına qoyulan tapşırıqları yerinə yetirməyə çalışdılar. Əlbəttə, 3 qol vurmağımız sevindirici haldı. Ancaq qapımızda 4 qol görməyimiz məni məyus edir. Vaxtımız var, bundan sonrakı matçlarda daha diqqətli olub, bu dəfə etdiyimiz səvhləri təkrarlamamalıyıq. Yoldaşlıq görüşlərində nəticədən daha çox futbolçularımızın üzərinə verilən tapşırıları yerinə yetirmək vəzifəsi düşür. Buna görə də inşallah, növbəti matçlarda bundan da yaxşı olacağıq. Bura gələndə bəlli planımız var idi. İki matç belə tempdə olacaq, bundan sonrakı iki oyunda, əlbəttə, çempionata yaxın yükləmələri verəcəyik. İki qapıçımız var. Üçüncü qolkiperimiz isə çox gəncdi. Əlbəttə, Aydına da inanırıq. O da komandamızda çempionatda debüt etdi. Aydının istəyini, “artırdığını” görürdük. Zədələnməsi üzücü oldu. İnşallah, cididi problemi olmaz. Ciddi olsa, vəziyyətə baxacağıq. Əsas odu ki, böyük zədə olmasın. Rəqib ikinci hissədə dəyişiklik etmədi, oyunun tepmini saxlamağa çalışdı. Amma biz birdən-birə bütün komandanı dəyişdik. Fasilədən sonra ilk 10 dəqiqə bizim futbolçular üçün çətin oldu. Ancaq sonradan üstünlük də bizdə oldu, qollar da vurduq. Hər kəsdən razıyam”.
Qeyd edək ki, Ayxan Abbasovun komandası ikinci sınaq matçında sabah Rumıniyanın "Politexnika İaşi" klubuyla qarşılaşacaq.
RƏŞAD