Sizin reklam burada

PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib

Baxış Sayı:401


Elgiz Abbasov: “Başqa stadionlarla müqayisədə bu arenanın şansı daha çoxdu”
Ölkə kubokunun finalı böyük ehtimalla “Sabah”ın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da baş tutacaq. Hər il finalın hansı stadionda təşkil olunacağı mövsümün sonuna qədər müzakirə mövzusu olurdusa, bu il artıq indidən bəllidi. Ümumiyyətlə, futbolun inkişaf etdiyi ölkələrdə belə məsələlər böyük müzakirələrə səbəb olmur. Çünki bu ölkələrdə nəinki kubokun finalı, hətta gələn mövsümün təqvimi belə cari mövsüm sona çatmamış bilinir. Bizdə isə təəssüf ki, hər dəfə bu mövzüda böyük müzakirələr gedirdi. Nəticədə finalın hansı stadionda keçiriləcəyi az qala oyuna günlər qalmış açıqlanırdı. Bu il isə bir az fərqli olub. Ölkə kubokunun finalı böyük ehtimalla “Bank Respublika Arena” stadionunda oynanılacaq. Bəli, böyük ehtimalla. Çünki bu mövzüda açıqlama aldığımız PFL-nin Texniki Şöbəsinin rəisi Elgiz Abbasov məsələ ilə bağlı daha öncə də açıqlama verdiyini bildirdi: “Azərbaycan premyer-liqasının keçirildiyi bütün stadionlar ölkə kubokunun finalını keçirmək iqtidarındadı. Eyni zamanda birinci diviziondan da bir neçə stadionu bura əlavə etmək olar. Bilirsiz ki, kubokun finalı mövsümün sonuncu oyunudu. İstəyirik ki, ölkə kubokunun finalı bütün ölkəni birləşdirsin. Təsadüfi deyil ki, finalı iki dəfə Naxçıvanda, bir dəfə Qəbəldə keçirmişik. Biz Gəncə şəhərində də final oyunu keçirmək istəyirdik. Bilirsiz ki, Gəncə Azərbaycanın futbol bölgələrindən biridi. Ancaq daha öncə Ramin Musayev də bu barədə danışmışdı. Belə ki, istək olsa da, Gəncə şəhər stadionu qazon baxımından ideal olsa da, tribuna və işıqlandırma cəhətdən buna hazır deyil. AÇ-2020 ilə bağlı ölkənin dörd əsas stadionunda hazırlıq gedir. Ona görə də əlimizdə olan başqa variantlar arasından seçim etməliydik. Ancaq “Bank Respublika Arena” da hələ dəqiq deyil. Əslində mən daha öncə də bu barədə açıqlamalarımda “böyük ehtimalla” sözünü işlətmişdim. Ancaq dostlarımız bunu konkretləşdirilmiş şəkildə yaydılar. Yeni deyirəm, bəli, böyük ehtimalla oyun “Bank Respublika Arena”da keçiriləcək. Yəni başqa stadionlarla müqayisədə bu arenanın şansı daha çoxdu. Bundan öncə də bu stadionun üzərində çalışmalarımız olub. Sadəcə, müəyyən çatışmamazlıqlar var idi. Biz də bu barədə “Sabah” klubunun rəhbərliyinə məlumat vermişdik. Onlar da sağ olsunlar, çatışmazlıqları aradan qaldırıblar. Ötənilki işıqlandırma sistemi ilə indiki arasındakı fərqi görmək olur. Bundan başqa, stadiona skay-boks otaqları da əlavə olunub. Qazon da yaxşı vəziyyətdədi. Yəni kubokun finalını burda keçirmək üçün lazım olan hər şey var. Final üçün nəzərdə tutulan stadionun adının tez açıqlanmasına gəlincə, bilirsiz ki, dünya praktikasında məhz belədi. Onlarda mövsüm başlayanda artıq kubokun finalının məkanı bəlli olur. Biz də bir növ bu yolla gedirik. Ümumiyyətlə, mənim məqsədim həmişə insanları daha operativ və dəqiq informasiya ilə təmin etməkdi. Özünüz də görə bilərsiz ki, biz texniki idman şöbəsinə gələndən sonra oyunların vaxtı, təyinatlar və başqa məsələlər əvvəlkiylə müqayisədə daha tez açıqlanır”.
HƏSƏN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR