Sizin reklam burada

“Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı

Baxış Sayı:670


Zaur Əzizov: “Fariz Nəcəfov daha aşağı məbləğə Seydiyevi xarici kluba satmağa razıdı”
Qış fasiləsində istirahəti başa vuran “Qəbələ” artıq məşqlərə start verib. Dekabrın 20-də tətilə yollanan kollektiv srağagün Bakı Olimpiya Stadionunun ehtiyat meydanında hazırlığa başlayıb. Söylənilənlərə inansaq, fasilə dönəmində bölgə təmsilçisinin heyətində müəyyən dəyişikliklər olacaq. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə əsasən, mövsümün ilk yarısını “Sumqayıt”ın heyətində keçirən Ehtiram Şahverdiyev qışdan sonra yetirməsi olduğu kluba qayıdacaq. “Kimyaçılar”ın daha bir üzvü, ilk iki dövrədə iranlı forvardların kölgəsində qalan, ehtiyat oyunçular skamyasının daimi üzvünə çevrilən Amil Yunanovun da “Qəbələ”yə keçəcəyi söyləniləsə də, mənbəmiz bu transferin alınmayacağını bildirdi. Ölkə kubokunun son qalibi forvardın xidmətində maraqlı deyil.
Qış transfer dönəmində yeni gələnlərlə yanaşı, bəzi oyunçuların “Qəbələ”ni tərk edəcəyi də gözlənilir. Belə ki, ötən sayımızda xəbər verdiyimiz kimi, mövsümün gedişində köhnə-yeni komandasına qayıdan İbrahima Niasseyə istər ölkə klublarından, istərsə də xaricdən “elçi düşənlər” var. Seneqallı yarımmüdafiəçinin müqaviləsində “sərfəli təklif gələcəyi halda klubdan ayrıla bilər” bəndi olduğundan onun gedişi heç də təəccüb doğurmayacaq. “Doğma yuva”nı tərk edəcəyi gözlənilən daha bir futbolçu isə Amin Seydiyevdi. Kuluarlarda gəzən söz-söhbətə görə, premyer-liqada çıxış edən üç klub müdafiəçiyə görə “Qəbələ”nin qapısını döyüb. “Sabah” U-21-in də şərəfini qoruyan futbolçunu rənglərinə bağlamaq üçün “qırmızı-qaralar”a 150 min, “Zirə” ilə “Neftçi” Amini sıralarına qatmaq üçün daha artıq, dəqiq desək, 200 min manat təklif edib. Ancaq “Qəbələ” rəhbərliyi hələ ki futbolçunun satılıb-satılmayacağı ilə bağlı qərar verməyə tələsmir.
Söylənilənlərə aydınlıq gətirmək üçün “Qəbələ”nin baş meneceri, tarsnfer məsələlərinə birbaşa cavabdehlik daşıyan Zaur Əzizovla danışmağı lazım bildik: “Komanda istirahətdən sonra artıq bir araya gələrək məşqləri bərpa edib. Hələ ki sıralarımızı tərk edən Davit Volkovdu ki, onunla da müqavilənin müddəti başa çatmışdı. Ötən dəfə sizə dedyim kimi, bizm təklif etdiyimiz şərtlər gürcü futbolçunu qane etmədiyindən “Zirə” ilə anlaşdı. Volkovla niyə yeni anlaşma imzalaya bilmədik? Çünki bizim bəlli büdcəmiz var və ona uyğun da addım atırıq. Niassenin məsələsinə gəlincə, onunla mövsümün sonuna kimi ilkin razılaşmamız var idi. Amma müqavilədə belə bir bənd də yer alırdı ki, qış fasiləsində müəyyən tələblər yerinə yetirilsə, müddət yaya qədər uzadıla bilər. Yaxın günlərdə onunla bağlı məsələyə nöqtə qoyulacaq. Seneqallı yarımmüdafiəçiyə Yunanıstan klublarından ciddi təkliflər gəlib. Lakin o “Qəbələ”də qalıb mövsümü burda başa vurmaq istəyir. Açığı, yerli klublardan da Niassenin xidmətində maraqlı olanlar var. Hər şey özünün verəcəyi qərardan asılıdı. Amin Seydiyevin klubdan gedəcəyi də mətbuatda ən çox müzakirə olunan məsələdi. Bəli, müdafiəçi ilə maraqlanan premyer-liqa klubları var və onun transferi üçün bizə müəyyən məbləğ təklif olunub. Ancaq həmin məbləğə onunla vidalaşmaq düzgün olmaz. Klubun prezidenti Fariz Nəcəfov da Azərbaycan klublarının təklif etdiyindən daha aşağı məbləğə Seydiyevi xarici kluba satmağa razıdı, nəinki onu elita təmsilçilərindən birinə verməyə. Seydiyev perspektiv vəd edən, yaşı limitə düşən oyunçu olduğundan ona tələbat böyükdü. Onu da qeyd edim ki, Merab Qiqauriyə görə də bizə xeyli müraciət daxil olub. O da mövsümün ilk yarısında özünü yaxşı tərəfdən göstərdiyindən xidmətində maraqlı olan yerli klublar var. Onunla bağlı da son qərarımızı yaxın vaxtlarda açıqlayacağıq. Özünüz də görürsüz ki, son iki ildə reallaşdırdığımız transferlər ümidləri doğruldur, başqa klubların maraq dairəsinə düşür. Eyni sözləri klubun akademiyasının yetirmələri barədə də demək mümkündü”.
Baş menecerlə söhbətdə fasilədə planlaşdırdıqları transferlər və yeni sponsor məsələsinə də toxunduq. Xatırladaq ki, “Jalə” şirələri ilə sponsor müqaviləsi imzalanan tədbirdə klubun prezidenti Fariz Nəcəfov bu yöndə danışıqların davam etdiyini bildirmişdi: “Böyük ehtimalla Ehtiram Şahverdiyev mövsümün ikinci yarısında bizim komandanın uğurları üçün çalışacaq. Amil Yunanovun adı isə transfer siyahımızda yoxdu. Ola bilsin, danışıqlar müsbət yekunlaşacağı halda bir-iki legionerlə də anlaşdıq. Bu yöndə tələsik addım atmaq istəmirik. Komandanın Türkiyə toplanışından sonra məşqçilər korpusunun bizə təqdim edəcəyi raporta uyğun qərar verəcəyik. O ki qaldı yeni sponsorla bağlı məsələyə, açığı, bu işlə mən məşğul olmuram. Bu iş daha üst səviyyədə aparılır. Ancaq məndə olan məlumat görə, bir neçə yerli şirkətlə danışıqlar davam edir”.
Sonda onu da qeyd edək ki, yanvarın 11-də hazırlığın ilk mərhələsini başa vuracaq “qırmızı-qaralar” ertəsi gün Türkiyəyə yollanacaq. Komanda Antalyanın Lara bölgəsindəki “Trend” otelində məskunlaşacaq. Qonşu ölkədə gerçəkləşəcək ikihəftəlik hazırlıq çərçivəsində 4 yoxlama matçı baş tutacaq. Bölgə təmsilçisi yanvarın 14-də Macarıstan MTK-sı ilə görüşəcək. Dörd gün sonra keçiriləcək ikinci oyunda rəqib Rusiya təmsilçisi “Çayka” olacaq. Elmar Baxşıyevin çalışdırdığı komanda ayın 22-si və 25-də isə Bolqarıstan təmsilçiləri "Etar" və "Dunav"la qarşılaşacaq.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR