“Qarabağ”lılar üçün istirahət müddət başqalarına nisbətən bir qədər gec, dünən başa çatdı ki, bu da başadüşüləndi. Dörd cəbhədə - Avroliqa, çempionat, kubok, yığma – tər tökən futbolçular iyuldan bu yana sıx qrafik altında çıxış edirdi deyə, istirahətə ehtiyacları vardı.
Komanda üzvləri bu gün klubun bazasında bir araya gələcək. Yerli futbolçularla yanaşı, legionerlər də tədricən komandaya qoşulacaqlar. Ayın 12-nə qədər paytaxtda hazırlıq keçəcək ağdamlılar əsasən tibbi müayinədən keçəcək, istirahətdən sonra bərpa məşqlərində çalışacaqlar. “Köhlən atlar” yanvarın 12-də tam tərkibdə Atalyaya yollanıb, ikihəftəlik təlim-məşq toplanışında olacaqlar. Yaydan bu yana zədədən əziyyət çəkən Filip Ozobiçin durumu qənaətbəxşdi. Qış fasiləsi ərəfəsində adı “23-lüy”ə salınan xorvat yarımmüdafiəçi Antalya hazırlığında tam gücü ilə iştirak edəcək. Son 6 ilin çempionu kurort şəhərində olduğu müddətdə 4 sınaq matçına çıxacaq. Rəqiblər yanvarın 18-də Rumıniya “Akademika Klinkeni”si, yanvarın 22-də Qazaxıstan “Jetisu”sudu. Ayın 25-nə iki oyun planlaşdırılıb. Öncə Polşa “Visla Plok”u, ardınca Çexiya “Siqma”sı ilə. Yeri gəlmişkən, “Visla Plok”un heyətində vaxtilə “Qarabağ”ın formasını geymiş Yakub Jezniçak da çıxış edir.
Fasilədə komandanı tərk edən futbolçular Simeon Slavçev, Riçard Almeyda və Asmir Beqoviçdi. Simeon karyerasını “Levski”də davam etdirəcəyi halda, Beqoviç hələ ki seçim edir. Pul davası edən Riçardın gələcək taleyi isə qeyri-müəyyəndi, daha doğrusu, özünə yaxın agentlərlə birgə klub axtarışındadı. Pul dalınca Asiya ölkələrindən birinə üz tutacağı mümkün görünsə də, fikrini dəyişib “Qarabağ”ın təklif etdiyi şərtlərlə yeni müqavilə bağlayacağı da istisna olunmur.
HƏBİB