Sizin reklam burada

“Sabah”ın ilk transferi Marina oldu

Baxış Sayı:482


Yeni baş məşqçinin gəlişindən sonra “Sabah”da futbolçu islahatlarının aparılacağı sirr deyildi. Hər məşqçi kimi, Jelko Sopiç də narazı qaldıqlarının göndərilməsini istəyəcək, onların yerinə tanıdıqlarını dəvət edəcəkdi. Artıq bu prosesə start verildiyini deyə bilərik.
Hendrik Ekşteyn və Rocer Roxasla yolları rəsmən ayıran “tələbələr” artıq güclənməyə başlayıb. İlk futbolçu isə legionerdi – Mari Marina. Fiziki göstəriciləri ilə seçilən dayaq yarımmüdafiəçisiylə növbəti mövsümün sonuna, yəni 2021-in mayına qədər müqavilə bağlanıb.
Mario 1989-cu ildə Bosniya və Hersoqovinanın Buqoyno şəhərində anadan olsa da, Xorvatiya vətəndaşlığına sahibdi. Maraqlıdı ki, karyerası da əsasən Xorvatiya klubları ilə bağlı olub. Peşəkar karyerasına bu ölkənin “Dinamo Knin” komandasında başladığı kimi. Sonradan “Şibenik”də top qovub, ardınca vətəninə - “Şiroki Briyeq”ə üz tutub. 2017-nin yayından bu yana isə Xorvatiya “Qoritsa”sının uğurları üçün tər töküb. 30 yaşlı futbolçu yaydan bəri “Qoritsa”nın aparıcı futbolçularından sayılıb. 13 oyunda 990 dəqiqə meydanda top dalınca qaçıb, kubokda isə 3 görüşün iştirakçısı olub. Marina kobud futbolçu kimi tanınır. Təkcə bir faktı xatırlatmaq bəs edir. O, 2012-ci ildən bu yana, yəni 7 il ərzində 63 dəfə sarı vərəqə ilə cəzalanıb. Avqustdan bu yana “Qoritsa”da 13 çempionat oyununda hakimlər ona 7 dəfə açıq rəngli vərəqə göstərib.
Marionun “Qoritsa” ilə müqaviləsinin müddəti yayda başa çatmalıydı. İnternet qaynaqlarında yer alan məlumatlara görə, “Sabah” onu heyətinə qatmaq üçün qarşı tərəfə müəyyən vəsait ödəyib. Hə, dayaq yarımmüdafiəçisinin indiyə qədər avrokuboklarda oynamadığını, yığma formasını geymədiyini də nəzərinizə çatdıraq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR