Sizin reklam burada

Ruslan qış fasiləsinin dönüş nöqtəsi olacağını düşünür

Baxış Sayı:467


“Özümüzdə millini çalışdıra biləcək kifayət qədər yerli məşqçi var”
Mövsümün əvvəlində çempionatın yekunu ilə bağlı proqnoz soruşsaydın, böyük əksəriyyət mayda avrokuboklara vəsiqə qazanacaq 4 komandadan biri kimi “Sabah”ın adını çəkərdi. Hələ ötən ilin yanvarından başlayan “transfer bombalarının” davamı yayda gəlmiş, komanda xeyli güclənmişdi.
Lakin mövsümə uğurlu start vermək mümkün olmadı. Ardıcıl xal itkilərini ardıcıl məşqçi dəyişiklikləri əvəzləyincə, “Sabah” qış fasiləsinə 14 oyundan sonra vur-tut 13 xalla yollandı. Bu gün “tələbələr”i sonuncu pillədəki “Səbail”dən 1, 3-cü sıradakı “Keşlə”dən 10 xal ayırır. Yəni vəziyyət kifayət qədər ağırdı. Üstəlik, kubok mübarizəsi də başlamamış bitdi.
Hələ ki, yalnız açıqlamaları ilə diqqətləri üzərinə çəkən Jelko Sopiçin dərdə nə dərəcədə dərman olacağını zaman göstərəcək. Amma fakt faktlığında qalır ki, durum heç də ürəkaçan deyil. İndiki halda avrokuboklara vəsiqə qazanmaq olduqca çətin, mümkünsüz görünür. Kənardan görünən başqa olur, içəridən görünən başqa. İçəridəki mənzərəylə tanış olmaq üçün komandanın kapitanı Ruslan Abışovla danışdıq.
- “Zirə”ylə oyunda aldığın zədəyə görə “Sabah”ın son 8 oyununu kənardan izləmək məcburiyyətində qalmışdın. İndiki durumun necədi?
- Zədəm “Neftçi”ylə oyundan əvvəl demək olar sağalmışdı. Sadəcə, bir balaca səbrsizlik etdim və zədəmi müəyyən mənada yenilədim. Şükürlər olsun, artıq sağalmışam, elə bir problem yoxdu. Səbirsizliklə təlim-məşq toplanışını gözləyirəm.
- Yəni toplanışda var gücünlə iştirak edə biləcəksən.
- Əlbəttə. Dediyim kimi, tam hazıram. Hamı kimi, çempionatın ikinci yarısına tam gücümlə hazırlaşacam.
- Yayda “Sabah”da edilən dəyişikliklər yaxşı mənada hamımızı təəccübləndirmişdi. Tanınmış yerli futbolçular heyətə qatılmış, komanda legionerlərlə güclənmişdi. Lakin komandanın turnir cədvəlindəki mövqeyi ürəkaçan deyil. Nə baş verdi?
- Bu suala konkret cavab vermək çətindi. Çünki nəsə baş verəndə konkret bir şey üzündən olmur. Mütləq ki, səbəblər var. Açığı, nə baş verdiyini biz də anlamırıq. Nəticə qazanmaq üçün hər bir şərait ve potensial olsa da, uğur qazana bilmirik. Sanki nəsə var, o “nəsə”ni tapmaq lazımdı. Heyət yaxşıdı, daxildəki ab-hava qaydasındadı, meydanda hamı can qoyur, amma yekunda alınmır. Yəqin yeni baş məşqçi bunun çarəsini tapacaq. Belə deyim, qış fasiləsi bizim üçün dönüş nöqtəsi olmalıdı.
- Yeni baş məşqçi demişkən, Jelko Sopiç iş başına keçəndən standart olmayan açıqlamalarla yadda qalır. Əsas tənqid hədəfi isə futbolçulardı. Xorvat mütəxəssisi necə xarakterizə edə bilərsən?
- Düzdü, xaraktercə çılğın, emosional insandı. Xüsusən də məşq və oyun vaxtları belə olur. Kənarda kifayət qədər sakit, təmkinli, fikirlərini izah edə biləcək biridi. Bizdən əsas istəyi meydanda aqressiv olmağımızdı. Tələbkardı, verdiyi tapşırıqlara meydanda əməl olunmasını istəyir.
- Çempionata Elşad Əhmədovla başladız, o getdi yerini müvəqqəti Rövşən Babayev tutdu, ardınca İqor Ponomaryov gəldi. İndi isə Jelko Sopiç…. Bu qədər məşqçi dəyişikliyi futbolçulara təsir etməyə bilməz.
- Nə demək istədiyinizi anladım. Amma bu məsələdə edə biləcəyimiz nəsə yoxdu. Bizim işimiz futbol oynamaq, baş məşqçinin tapşırıqlarını yerinə yetirməkdi. Dediyiniz məsələ ilə bağlı qərar klub rəhbərliyinə məxsusdu deyə, hörmət etməliyik. Onları da başa düşmək olar. Məşqçi dəyişiklikləri boşuna deyildi, komandanın vəziyyətini yaxşılaşdırmaq, düşdüyümüz durumdan çıxmaq üçün atılan addım idi. Əlbəttə, tez-tez yeni məşqçilərlə çalışmaq asan deyil. Çünki hər birinin fərqli futbol fəlsəfələri olur. Bir məşqçinin tapşırıqlarını dinləyirsən, öurəşirsən, meydanda həyata keçirməyə çalışırsan, bir də baxırsan yenisi gəldi. Sonra ona uyğunlaşmalısan. Ümid edirəm ki, bu dəfəki seçim uğurlu olar.
- Təcrübəli futbolçusan, komandanın kapitanısan. Səncə, durumu yaxşıya doğru dəyişmək üçün bundan sonra nə etmək lazımdı?
- Bu sualın ən yaxşı cavabını baş məşqçi bilər. Amma kapitan kimi şəxsi fikrimi soruşursuzsa, məncə, heyətimiz kifayət qədər yaxşı olsa da, 1-2 mövqe mütləq güclənməlidi. Hansı mövqelərin olduğunu deməyim etik cəhətdən doğru olmaz. Mən sizə düşündüyümü deməyə çalışıram, təfərrüata varmadan. Bundan başqa, zədəli futbolçularımız var idi, Kevin Kubemba ilə Elşən Abdullayev. Bizim üçün olduqca vacib futbolçulardı. Artıq onlar da sıralarımıza qayıdırlar, zədələrini tam sağaldıblar. Bütün bunlar mütləq ki, nəticələrimizə yaxşı mənada təsir edəcək.
- Rəhbərlik bu qədər pul xərcləyib, şərait yaradırsa, mütləq ki, minimum istəkləri Avroliqaya vəsiqədi. Kubok mübarizəsi vaxtından əvvəl başa çatdı, avrokubok vəsiqəsi üçün rəqibləriniz kifayət qədərdi. Çətin olmayacaq?
- Əlbəttə, çox çətin olacaq. Çünki yersiz xallar çox itirmişik. Bu gün “Keşlə”, “Zirə”, “Sumqayıt” da mükafatçı yerlər uğrunda mübarizə aparır. Turnir cədvəlinə baxsaq, 3-cü pillədəki “Keşlə”dən 10 xal geri qalırıq, az fərq deyil. Ona görə də yaranmış fasilədən istifadə edib toparlanmaq lazımdı. İkinci yarıya uğurlu başlaya bilsək, davamı gələcək. Öz gücümüzə inanmalı, xal itkisi barədə qətiyyən düşünməməli və sona qədər mübarizə aparmalıyıq. Hər nə qədər çətin görünsə də, mümkünsüz deyil.
- Xeyli vaxtdı yığmadan uzaq düşmüsən. Həm də millinin mərkəz müdafiəçisi baxımından korluq çəkdiyi vaxtda. Əlini üzmüsən, yoxsa yenidən nə vaxtsa şərəfli formanı geyəcəyinə ümid edirsən?
- Yığmada olmaq hər bir futbolçu üçün böyük motivasiyadı. Mən də tezliklə yıgmadakı yerimi bərpa etmək istəyirəm. Əlbəttə, yığmaya dəvət almaq üçün formasını geydiyin komandanın nəticələri də vacibdi. Ona görə də ilk növbədə “Sabah”dad aim oynamalı və uğurlu görünməliyəm ki, sonra nəyəsə ümid edim. Futbolçu özünü yaxşı tərəfdən göstərəndə istər-istəməz yığma məşqçilərinin diqqətini cəlb edir.
- Və aktual sual. Millinin baş məşqçi azərbaycanlı olmalıdı, yoxsa əcnəbi?
- Özümüzdə millini çalışdıra biləcək kifayət qədər yerli məşqçi var. Ümumiyyətlə mənim fikrim belədi ki, yerli məşqçilərimizə inanmalı və onlarla fəxr etməliyik. Çünki azərbaycanlı futbolçuları onlardan yaxşı heç kim tanıya və oyunlara kökləyib hazırlaya bilməz. Yox,yeni məşqçi əcnəbi olacaqsa, futbolumuza bələd olan və futbolçuları tanıyan biri olmalıdı. Belədə həm tanışlıq üçün vaxt itkisi olmayacaq, həm də daha effektli görünəcək. Bu baxımdan mən də böyük əksəriyyət kimi Robert Prosineçki variantını ağlabatan hesab edirəm.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR