Sizin reklam burada

Musa Qurbanlı “Qarabağ”ı tərk edə bilər

Baxış Sayı:475


Növbəti çempionluğunu hədəfləyən “Qarabağ” üçün bu dəqiqə ən vacib məsələ aparıcı futbolçularını qoruyub saxlamaqdı. Bildiyiniz kimi, əsas heyətə düşməkdə çətinlik çəkən Simeon Slavçevlə yollar ayrılıb və bolqar yarımmüdafiəçi karyerasını vətənində - “Levski”də davam etdirəcək.
İndiki məqamda ən vacib sual Asmir Beqoviçlə Riçard Almeydanı yenidən “Qarabağ” formasında görüb-görməyəcəyimizdi. Hər iki əcnəbi ilə müqavilə müddəti ilin sonuna, yəni bu aya qədər nəzərdə tutulmuşdu. Beqoviç İngiltərə premyer-liqasının təmsilçisi “Bornmut”a məxsus olduğundan, hazırkı məqamda əsas söz sahibi məhz ingilislərdi. Riçardın məsələsi isə bir qədər fərqlidi. Yığmamızın da şərəfini qoruyan braziliyalı ağdamlılardan daha çox pul qoparmaq niyyətindədi. Odu ki, klub rəhbərliyinin təklif etdiyi məvaciblə razılaşmır, öz istədiyini irəli sürür. “Köhlən atlar” isə nəzərdə tutulandan bir manat da yuxarı qalxmaq fikrində deyil.
Hər iki futbolçuyla bağlı son durumu öyrənmək, lap dəqiq desək, onların “Qarabağ”dakı gələcək perspektivini öyrənmək üçün klubun baş meneceri, həm də danışıqlarda yaxından iştirak edən şəxslə - Asif Əsgərovla əlaqə saxladıq. Klub rəsmisi durumu izah etsə də, konkret cavab verməkdə çətinlik çəkdi: “Bu dəqiqə Riçardla Asmiri “Qarabağ”a bağlayan heç nə yoxdu. Hər ikisinin müqaviləsi ilin sonuna qədər nəzərdə tutulduğundan, komandadan ayrılmış hesab olunurlar. Bəli, klub olaraq hər ikisinin xidmətində maraqlıyıq. Lakin yeni müqavilə üçün onlar da razılıq verməlidi. Beqoviçin məsələsində əsas söz sahibi “Bornmut”du. Bildiyiniz kimi, Asmir “Qarabağ”da məmnundu və burda qalmaq istəyir. Lakin bu işdə “Bornmut”un razılığı əsasdı. Ona görə də ingilislərdən cavab gözləyirik. Yeni müqavilə şərtləri ilə bağlı razılıq olsa, anlaşma əldə olunacaq.
Riçarda gəlincə, hər bir klub büdcəsinə uyğun addım atır. Biz də imkanlarımız daxilində ona anlaşma şərti təklif etmişik. Hələ ki, heç bir cavab verməyib. Şərtlərlə razılaşacaqsa, yenə “Qarabağ”da oynayacaq, razılaşmasa, seçim onundu. Dediyim kimi, hər ikisinin xidmətində maraqlıyıq.
“Qarabağ”ı tərk edəcəyi ehtimal olunan daha bir futbolçu isə Musa Qurbanlıdı. Baş məşqçi Qurban Qurbanovun oğlu olan istedadlı hücumçunu heyətində görmək istəyən premyer-liqa təmsilçiləri arasında “Sumqayıt”, “Zirə” və “Səbail” var. Yüksək hədəflər uğrunda mübarizə aparan ağdamlıların heyətində yer almaq indiki halda apreldə 18 yaşı tamam olacaq Musa üçün çətin görünür. Maqaye Geye ilə Mahir Əmrəli varkən, çempionluğu hədəfləyən Qurban Qurbanov çətin ki, eluta təcrübəsi olmayan övladına şans versin. Ən uğurlu seçim Qurbanlının bir müddət başqa komandalarda çıxış edib, tədricən təcrübə toplamasıdı. Odu ki, yuxarıda adları çəkilən komandalardan birinə icarəyə verilməsi kifayət qədər inandırıcı görünür.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR