HUŞƏNG
“Görkəmli şahmatçımız Teymur Rəcəbov dünya kubokunun qalibi oldu. Bu tarixi hadisədi” – bu Prezident İlham Əliyev cənablarının Milli Olimpiya Komitəsində keçirilən, ilin idman yekunlarına həsr olunan tədbirdə dediyi sözlərdi. “İddiaçıların turnirində dünyanın ən güclü şahmatçıları mübarizə aparır. Bunun üçün müəyyən maliyyə lazım olacaq” – bu isə Teymur Rəcəbovun Şahmat Federasiyasının mətbuat xidmətinə verdiyi müsahibədən seçmədi. Mənə elə gəlir ki, bu məqamda bəzi mülahizələr yürütməyin vaxtıdı. Təbii ki, şahmat baha və elitar idman növüdü. Uşaqdım, amma yadıma gəlir ki, Bakıda doğulan, yəhudi-erməni qarışığı olan Harri Kasparovun Anatoli Karpova qalib gəlməsi üçün az qala bütün respublika səfərbər olmuşdu. Ekstrasens Tofiq Dadaşovdan tutmuş respublikanın ən ucqar rayonunda tövlə təmizləyən adamlara qədər həmin turnirin həyəcanıyla yaşayır, gecə lampa işığında olsa da, qulağını “Mayak”a dayayaraq, şahmat tacına iddialıların duelindən xəbər tutmaq istəyirdi. Zaman o zaman deyil, indi radioya yalnız darıxan sürücülər qulaq asır, kimsə qulağını radionun dinamikinə dayamır və açığı, biz də həmin həyəcandan çox uzaq düşmüşük.
Mənə elə gəlir ki, dünya şahmat tacının Azərbaycana qaytarılması bizlər üçün artıq prinsip məsələsinə çevrilib. Adamlarda şüuraltı reaksiyalar gedir: erməni-yəhudi qarışığı dünya çempionu ola bilibsə, təmiz azərbaycanlı niyə də olmasın?! Axı şahmat təkcə idman deyil, ağıl yarışı, intellekt nümayişidi. Ən populyar idman yarışlarına, idmanın bəzəyi sayılan futbola da 2-3 saat davamlı baxandan sonra adam bezir, kanalı dəyişmək istəyir. Şahmatın isə özəlliyi odu ki, iki nəfər saatlarla üzbəüz oturur, zaman onları tələsdirmir, bir-birinin səhvini gözləyirlər. Bir sözlə, başdan-ayağa ağıl oyunudu.Təsadüfi deyil ki, dünyada heç şahmata fikir verməyən, bu idman növünə pul ayırmağı lazım bilməyən yüzlərlə ölkə var. Bizdə isə görünür, həm genetik yaddaşa hopduğundan, həm də Kasparovu unutdurmaq istəyindən doğan bir aşırı vurğunluq var. Şahmatda güclü olduğumuzu dünyaya göstərmək istəyirik. Özü də fikir vermişəm, son vaxtlar şəhərdə özəl şahmat məktəblərinin sayı artıb, uşaqlar oralara axın edirlər, sanki hər kəs özünün daha ağıllı olduğunu sübut etmək istəyir. Bu mənzərə məni sevindirir, qürurlandırır, şahmatla məşğul olan soydaşlarımın sayının intəhasız sonluğa qədər artmasını istəyirəm.
Demək istədiyim mətləb isə başqadı. Sirr deyil ki, Teymur Rəcəbov ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirovun kürəkənidi, hələ 2011-ci ildə onun qızı Elnarə xanımla ailə qurub. Elşad bəy nəinki ARDNŞ-nin, həm də AFFA-nın vitse-prezidentidi, yəni “yuxarılar”a çıxış imkanı olan, kürəkəninin hazırlıq xərclərinə qatqısı ola biləcək adamdı. Amma nə baş verir?! Azərbaycan şahmatının bir başqa ulduzu Şəhriyar Məmmədyarovun ardından Teymur da pulsuzluqdan gileylənir, yardım istəyir. Bütün bu gileylənmələrin arxasında yatan mətləbi, yəqin ki, tuta bilirsiz. Adamlar demək istəyirlər ki, şahmat tacının Bakıya gəlməsini istəyirsizsə, bu yolda pul xərcləmək, ciddi komanda formalaşdırmaq lazımdı. Başa düşənlər üçün ciddi mesajdı. Başa düşməyənlər isə onsuz da başa düşməyəcək. Problemlərin hansı qatda gizləndiyini, şahmatçılarla AGİN-ə və dövlətə rəhbərlik edənlər arasındakı “bufer zonası”nın hansı paralellərdən keçdiyini də bilmirəm. Bildiyim isə odu ki, könlü balıq istəyənin quyruğu suda gərək. Şəhriyar belə deyirdi, Teymur da onun dediklərini təkrarlayır. Aydındımı?