Sizin reklam burada

Mənzilin verilməsi Vladislav Qədirov üçün sürpriz olub

Baxış Sayı:466

Mənzilin verilməsi Vladislav Qədirov üçün sürpriz olub
Səməd Qurbanov: “Həqiqətən evə ehtiyacım vardı”
Dekabrın 25-də Milli Olimpiya Komitəsində (MOK) 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Tədbirdə ölkə başçısı, MOK prezidenti İlham Əliyev də iştirak etdi ki, bu da səbəbsiz deyildi. Prezident ili dəyərləndirib, ayrı-ayrı idman növlərindəki uğurlardan danışandan sonra ölkədə bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olanları, həmçinin başa çatmaqda olan ildə yüksək nailiyyət qazanan idmançıları sevindirdi. Əliyev fərdi təqaüdlərin verilməsi haqda sənədlər, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Əməkdar həkim”, “Əməkdar jurnalist” fəxri adlarının vəsiqələrini, eyni zamanda yeni mənzillərin ordenlərini təqdim etdi.
Mənzilə sahib olanlar arasında futbol ictimaiyyətinə kifayət qədər yaxşı tanış olan iki şəxs də var idi – Səməd Qurbanov və Vladislav Qədirov. Ötən əsrin 70-ci illərində “Neftçi”nin formasında top dalınca qaçan və stajlı futbolsevərlərin “Jiquli” kimi tanıdığı Səməd bəyin cənab Prezidentin mükafatına reaksiyasını bilmək maraq doğurmaya bilməzdi. Odu ki, öncə hazırda “Neftçi”nin Müşahidə Şurasında yer alan Qurbanovla əlaqə saxladıq: “Mən ilk növbədə cənab Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm, Allah daim köməyində dursun. İlham Əliyev növbəti dəfə idmanı və idmançıları, o cümlədən veteranları diqqət mərkəzində saxladığını göstərdi. Vaxtilə Heydər Əliyev demişdi ki, veteranlara daim diqqət və qayğı olmalıdı. Bu gün İlham Əliyev ulu öndərin yolunu uğurla davam etdirir. Açığı, mənzilə sahib olacağımı hardasa gözləyirdim, amma tam əmin deyildim. Bu işdə çox hörmətli yazıçımız Çingiz Abdullayevin rolu oldu. Məhz onun təşəbbüsü ilə bu baş verdi. Azərbaycan Gənclər və İdman Nazirliyinə məktub yazmışdım, nəticəsini gözləyirdim. Çingiz Abdullayevə, Rövnəq Abdullayevə, Azad Rəhimova, Çingiz Hüseynzadəyə, bir sözlə, bu işdə əməyi olan hər kəsə özümüz və ailəmin adından təşəkkürümü bildirirəm. Təfərrüata varmaq istəmirəm, ancaq çoxları ailəmdə baş verən bədbəxt hadisədən xəbərdardı. Həqiqətən evə ehtiyacım vardı. Ölkə başçısından prezident təqaüdü, ya da ev istəmişdim. Sağ olsun, mənzilə layiq bildi. Düzü, hələ evə baxmamışam, sağlıq olsun, sabah (bu gün) gedib baxacam. Mənzil Binəqədi rayonundadı, “Azadlıq” metrosu tərəfdə. 3 otaqlı, hər çür şəraiti olan evdi. Allah hamının evində xoş günlər qismət eləsin, o cümlədən də bizim. Kimin ehtiyacı varsa, Allahdan duam budu ki, onlara da qismət olsun”.
Vaxtilə “Neftçi”nin formasında meydana çıxan, 17 yaşında SSRİ yığmasının heyətində gənclər arasında dünya çempionu adını qazanan Vladislav Qədirov da olduqca məmnundu. Sən demə, tədbirdən bir gün öncəyə qədər mənzillə mükafatlandırılacağını gözləmirmiş: “Cənab Prezidentimizə, bu işdə əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Həqiqətən çox xoş oldu. Burda söhbət sırf mənzildən getmir. Adama xoş gələn ölkənin bir nömrəli şəxsinin səni mükafatlandırması, vaxtilə çəkdiyin əziyyətə qiymət verməsidi. Bundan böyük fəxr hissi ola bilər?! Hər bir insan vaxtilə axıtdığı tərin qarşılığını görəndə məmnun olur.
Açığı, gözləmirdim, mənim üçün xoş sürpriz oldu. Düzdü, təqdimatın verilməsindən xəbərdar idim. Amma tədbirdən bir gün öncəyə qədər mənzillə mükafatlandırılacağımı gözləmirdim, sual altında idi. Yalnız zəng edib dəvət edəndə xəbər tutdum. Hələ ki evi görməmişəm. Sağlıq olsun, sabah (bu gün) gedib baxacam. Səmimi deyirəm, mənə xoş gələn evin verilməsindən çox cənab Prezidentin bizə göstərdiyi diqqət və qayğıdı. Bunun özü dünyalar qədər qiymətlidi. Ev Tiflis prospektindədi, 3 otaqlıdı”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR