Sizin reklam burada

Yaşar Vahabzadə “Kəpəz”in oyunlarının videoyazısını dəfələrlə izləyir

Baxış Sayı:1 176


“Yaxşı olardı ki, onları bu işə sövq edənləri tapıb cəzalandıraydılar”
PFL prezidenti Ramin Musayevin bu yaxınlarda “gələn mövsüm, yəqin ki, “Turan Tovuz”la “Kəpəz” elitada iştirak edəcək” deməsi idman mediasında, sosial şəbəkələrdə böyük müzakirəyə səbəb oldu. Bəziləri qərb bölgəsini təmsil edən klubların elitada olmasının vacibliyini qeyd etdisə, əksəriyyət idman prinsiplərinin pozulacağı iddiasıyla PFL prezidentinin bu açıqlamasının vaxtından əvvəl söylənilmiş fikir olduğunu bildirdilər. Bəs görəsən, “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə sözügedən məsələ haqda nə düşünür? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Gəncə təmsilçisinin baş məşqçisi ilə danışmağı lazım bildik.
- Yaşar bəy, əvvəlcə “Kəpəz”in mövsümün ilk yarısındakı çıxışını dəyərləndirməyinizi istərdik.
- Özünüz də bilirsiz ki, mən komandanı çempionatın startına sayılı günlər qalmış qəbul etdim. Yeni mövsümə hazırlaşmaq üçün vaxtımız çox az idi. Heyəti komplektləşdirmək, komandanı lazımi səviyyəyə gətirmək üçün ən azı iki ayyarım, iki ay vaxt lazımdı. Ancaq bizim təxminən iki həftəyə yaxın vaxtımız var idi. Bütün çətinliklərə baxmayaraq, mənə elə gəlir, az vaxtda çox iş görərək, müəyyən qədər nəyisə bacardıq. Komanda qış fasiləsinə 8-ci pillədə yollansa da, 3-cü yerdə qərarlaşan komanda ilə aramızda xal fərqi o qədər də çox deyil. 6 xallıq fərqi aradan qaldırmaq o qədər də çətin deyil. Mən ilk növbədə çalışdım ki, heyətdə yerli gənclərə oynamaq imkanı yaradaq. Boşluq olan mövqelərə isə kənardan futbolçu dəvət etdik. Qışdan sonra çalışacağıq ki, daha yaxşı oyun sərgiləyib mövsümü üst pillələrdə başa vuraq.
- Çalışdırdığınız komanda qışa qədər keçirdiyi oyunlarda 5 qələbə, 3 heç-heçə və 4 məğlubiyyətlə yadda qalıb. Komanda rəqib qapılarından 14 qol keçirib, 13 dəfə isə məyus olub. Futbol ictimaiyyətində belə fikir formalaşıb ki...
- (bu yerdə sözümü kəsir) Demək istəyirsən ki, “Kəpəz”in əsas məqsədi qapısından az qol buraxmaqdı?
- Mən bir qədər yumşaq şəkildə fikrimi izah etmək istəyirdim...
- Neçə illərdi bir-birimizi tanıyırıq. Hər şeyi öz adı ilə çağırmaq lazımdı. Bəli, komandanın məhsuldarlığı aşağı olduğu kimi, müdafiədə də etibarlı oyunu ilə seçilir. Ancaq bu o demək deyil ki, “Kəpəz” oyunu müdafiədən qurur. Sadəcə, arxa xətdə yer alan futbolçularımız daha təcrübəlidilər və buna görə də rəqiblər qol vurmaqda çətinlik çəkirlər. Premyer-liqa təcrübəsi olan Nodar Məmmədov, Novruz Məmmədov kimi futbolçular çalışırlar ki, müdafiədə səhvə yol verməsinlər. Məhsuldarlığın aşağı olmasına gəlincə, bu məqamı da təcrübəyə bağlayardım. İrəli xətdə yer alan oyunçularımız gənclərdi.
- Gəncənin futbol ictimaiyyəti sizin “Kəpəz”ə baş məşqçi təyinatınızı o qədər də xoş qarşılamadı. Bəzi veteranlar hətta mətbuatda çıxış edərək, əleyhinizə fikirlər səsləndirdilər. İndi vəziyyət necədi, gəncəli veteranlarla barımısız?
- Mən kimdən küsmüşdüm ki? İstər futbol oynadığım dönəmdə, istərsə də məşqçi kimi çalışdığım illərdə həmişə gəncəli futbolçularla, veteranlarla xoş münasibətim olub. Ola bilsin, kimlərsə hansısa fikri səsləndirib. Ancaq bu gün hər şey yaxşıdı, çalışırıq ki, “Kəpəz” üçün nəsə edək, Gəncə futbolunun əvvəlki əzəmətini özünə qaytaraq. Yenə deyirəm, mən iş başına keçəndən sonra çalışmışam ki, komandanın özəyini yerli oyunçular təşkil etsin. Bu gün sevindirici haldı ki, Ümid Səmədov kimi yeniyetmə oyunçumuz U-17 yığmasına dəvət olunur. Onun qardaşı Əli də komandanın şərəfini qoruyur. Ümid 15 yaşında “Kəpəz”də debüt etsə də, meydanda 5-10 dəqiqə olurdu. Ancaq indi o əsas heyətin üzvüdü və 90 dəqiqə meydanda olur. Bu arıq Gəncə futbolunun adına vurğulanası məqamdı. Klubdakı ab-hava, görülən işlər başqa klublarda çıxış edən gəncəli futbolçuların da qulağına çatıb. Yayda onların çoxu geri dönməyə həvəsli olmasalar da, indi bizə xəbər göndərib “Kəpəz”də oynamaq istədiklərini bildirirlər. Bunu da müsbət məqam kimi qeyd etmək olar. Bəzən mətbuatda yazırlar ki, “Kəpəz”də yerli oyunçulara 150 manat əməkhaqqı verlir. Belə xəbərlərin heç bir əsası yoxdu.150-200 manatı bizdə ən gənc oyunçular alırlar. Əslində onları da bu yaşda pul yox, ilk növbədə futbol düşündürməlidi. İndidən pulu fikirləşsələr, gələcəkdə böyük futbolda heç nəyə nail ola bilməyəcəklər. Daha təcrübəli oyunçular isə birinci divizion səviyyəsində normal maaş alırlar. Kənardan dəvət etdiyimiz oyunçular üçün ayrıca ev tutulub, qidalanmalarına xüsusi diqqət yetirilir. Bütün bunların xərcləri isə maaşdan əlavədi. Klub olaraq əlavə xərclər büdcədən ayrılır.
- “Kəpəz”də maksimum əməkhaqqı nə qədərdi?
- Bununla bağlı açıqlama vermək istəmirəm. İstəmirəm ki, klubdaxili sirr kənara çıxsın. Məncə, futbolçular özləri də istəməz ki, onların aldıqları maaş ictimaiyyətə açıqlansın. Hər halda, mövsümün əvvəlində hər bir futbolçunun alacağı maaş müqaviləsində göstərilib və onlar razı olduqları üçün həmin sənədə qol çəkiblər. Yeri gəlmişkən, komandaya yeni gələndə oyunçuların bəzilərini yaxından tanımadığım üçün maaş söhbətinə qarışmamışdım. Ancaq aralarında elələri var ki, çempionatboyu özlərini yaxşı tərəfdən göstərdikləri üçün mənim istəyimlə əməkhaqları qaldırılıb.
- İlk yarı başa çatmamış komandadan üç futbolçunu kənarlaşdırdız ki, bu da müəyyən şübhələrə yol açdı...
- Bu qərarımın başqa cür yozulmasını istəmirəm. “Üçlük”dən biri qapıçı, biri yarımmüdafiəçi, sonuncu isə hücumameyilli futbolçu idi. Çempionat oyunlarında gördüm ki, onların komandaya faydası çox aşağıdı, istədiyim səviyyədə oynamırlar. Belə olan halda onları komandada saxlamağa ehtiyac duymadım. Əvəzində U-17 komandamızdan üç yeniyetməni əsas komandaya dəvət etməyi lazım bildim. Ən azı yerli yeniyetmələrə yol açdığımı düşünürəm.
- Bu ay AFFA-nın hüquq-mühafizə orqanları ilə birgə apardığı araşdırmalardan sonra birinci divizionda top qovan 25 futbolçu və 3 rəsmi şəxsin nəticələrin əvvəlcədən müəyyənləşməsində iştirak etdiyi məlum oldu. Təcrübəli futbol adamı kimi sizin də bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik.
- “Kəpəz”ə baş məşqçi təyin oldunduğum ilk gündən futbolçularımızla dəfələrlə bu haqda söhbət etmişəm. Onlara demişəm ki, əvvəlki klublarında nələrin yaşandığı mənim üçün maraqlı deyil. “Kəpəz”də belə hal heç vaxt ola bilməz. Köməkçim Vidadi Rzayevlə birgə istər qalib gəldiyimiz, istərsə də uduzduğumuz oyunların videoyazısını dəfələrlə izləmişik. Şübhəli məqam olsaydı, heç bir araşdırma gözləmədən həmin oyunçu və ya oyunçular barədə özümüz tədbir görərdik. Vidadi də, mən də saçımızı futbolda ağartmışıq, buna görə də futbolçu səhvə yol verəndə belə hiss edirik ki, bu bilərəkdən belə etdi, yoxsa texniki səhvdi. O ki qaldı son hadisələrə, təbii ki, bu Azərbaycan futbolu adına biabırçılıqdı. Mən xüsusilə gənclərə görə heyfsilənirəm. Yaxşı olardı ki, onları bu işə sövq edənləri tapıb cəzalandıraydılar. Hər bir insanın həyatda səhvi olur. Elə xətalar var ki, onu bağışlamaq olar, ancaq eləsi də var ki, ona görə cəza verilməlidi.
- Bugünlərdə PFL prezidenti Ramin Musayev telekanallardan birinin qonağı olarkən “Turan Tovuz”la “Kəpəz”in 2020/21 mövsümündə premyer-liqada iştirak etmək ehtimalının olduğunu söyləyib. Onun bu açıqlamasını çoxları birmənalı qarşılamadı. “Kəpəz”in baş məşqçisi kimi sizin bu məsələyə münasibətinizi bilmək istərdik.
- Gəncə hələ SSRİ dönəmindən Azərbaycanın futbol beşiklərindən biri olub. Bu şəhərin komandası SSRİ çempionatının güclülər dəstəsində iştirak edib, müxtəlif liqalarda mübarizə aparıb. Gəncədə yetişən və ölkə futbolunda müəyyən iz qoyan futbolçulardan danışmaq gəncəliyə “İmamzadə”nin harda yerləşdiyini demək kimi bir şeydi. Bu üzdən düşünürəm ki, “Kəpəz” də, “Turan Tovuz” da, “Zaqatala” da elitada çıxış etməlidi. Bu həm də ölkə futbolunun inkişafı üçün lazımdı. Birinci liqada çalışan məşqçi kimi adını qeyd etdiyim rayonlarda futbola necə böyük marağın olduğunun şahidi olmuşam. Məndən olsa, elitada bölgə təmsilçilərinin sayı çox olmalıdı. Ancaq yenə də hər şey ölkənin futbol təsərrüfatına rəhbərlik edən şəxslərin qərarından asılıdı. Komanda olaraq çalışacağıq ki, qışdan sonra layiqincə çıxış edib, çempionatın sonunda turnir cədvəlinin ilk pillələrində yer alaq.
- Artıq süni örtüklü yardımçı meydan da istifadəyə verilib. Bu komandanın işinə yarayır?
- Nəinki əsas komanda, klubun aşağı yaş qrupları da süni örtüklü yeni meydandan istifadə edir. Bundan başqa, paltardəyişmə otaqlarının yenilənməsi də bizim üçün çox xoşdu. Məndə olan məlumata görə, mövsümün sonuna kimi bazada bəzi işlər görüləcək ki, bu da bizə daha yaxşı şəraitdə işləməyə kömək edəcək. Görülən bütün işlər Azərbaycan futbolunun inkişafına dəstəkdi.
- Yeni ilin gəlişinə sayılı günlər qalıb. “Kəpəz”in baş məşqçisi, ölkənin sayılıb-seçilən futbol veteranı kimi yeni illə bağlı arzularınızı eşitmək istərdik.
- Futbol adamı nə istəyər?! 2020-ci ildə futbolumuza və futbolçularımıza uğurlar arzulayıram. Xüsusilə gənc oyunçulara özlərini göstərməyi, səslərinin daha yüksək zirvələrdən gəlməsini istəyirəm. Fərqi yoxdu, mən olacam və yaxud başqası, əsas odu ki, Gəncə futbolu, bu şəhərin təmsilçisi layiq olduğu yerdə yer alsın. Çünki gəncəli azarkeşlər daha artığına layiqdilər. Ümumiyyətlə, çox istərdim ki, olimpiya ilində Azərbaycan idmanı və idmançıları bütün dünyada adından söz etdirsin. Fürsətdən istifadə edib sizin timsalınızda ölkənin idman mediasının nümayəndələrini də Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edirəm.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR