Atanur Cəfərli deputat olmaq istəyir
Hazırda ölkənin siyasi gündəmində qarşıdan gələn, daha doğrusu, fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkisi var. Görünür, bələdiyyə seçkisinin ardından millət vəkilləri kimi də kifayət qədər gənc və yeni simalara rast gələcəyik. Təbii ki, parlament seçkisindən sonra ölkədə ciddi dəyişikliklərin olub-olmayacağını zaman göstərəcək, bunu indidən demək çox çətindi. Düzdü, bu günə qədər millət vəkillərinin hər hansı bir ciddi iş gördüyünün şahidi olmamışıq. Əkəsəriyyəti heç təmsil etdiyi bölgələrə belə ayaq basmayıb. Sakinlər onların üzünü yalnız seçki ərəfəsində görüb. Şəxsən mən bu adamların heç vaxt Milli Məclisdə ciddi bir problemi qabartdığını, onun həlli üçün mübarizə apardığını görməmişəm. Elə ona görə də parlamentdə heç vaxt ciddi fikir ayrılıqları, söz atışmaları olmayıb.
Qarşıdan gələn seçkidə özünü yoxlamaq istəyən kifayət qədər gənc simalar var. Düzdü, onların seçilib-seçilməyəcəyi bəlli deyil. Buna rəğmən, bizi yaxın iki ayda olduqca maraqlı mübarizənin gözlədiyi dəqiqdi. Parlament seçkisində iştirak edəcək namizədlərin biri futbol ailəsinə heç də yad isim deyil. Vaxtilə “Sektor 11” azarkeş qrupuna rəhbərilik etmiş Atanur Cəfərli deputat seçilmək istəyir. Onunla söhbətimiz zamanı millət vəkili seçiləcəyi təqdirdə futbolu unutmayacağını bildirdi: “Açığı, “Futbol+”dən belə bir dəstək gözləyirdim. İlk öncə buna görə sizə təşəkkür edirəm. Bəli, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. 22 ildi Nəsimi rayonunda yaşayıram, buranın problemlərinə bələdəm. Burda yaşadığım üçün bu bölgəyə daha çox faydalı olacağımı düşünürəm. Hələlik imzatoplama mərhələsindəyik. Təbii ki, uzun illər azarkeş qrupunun rəhbəri olduğuma görə insanlar məndən Azərbaycan futbolu ilə bağlı planlarımın olub-olmadığını xəbər alır. Sözsüz, seçiləcəyim təqdirdə bu məsələyə də biganə qalmayacam. Məncə, biz Azərbaycan futbolu üçün də az iş görməmişik. Bu vaxta qədər azarkeş qrupunun rəhbəri kimi sözümü tribunada demişəm, seçiləcəyim təqdirdə isə millətin sözünü də Milli Məclisdə deyəcəm. Yəni ki, azarkeşlərin AFFA-ya qarşı mübarizəsini parlamentdə də davam etdirəcəyik”.
HƏSƏN