Sizin reklam burada

AFFA, “Neftçi” və “Qəbələ”…

Title

Azərbaycan Autizm Assosiasiyasının (AAA) ilin yekunlarına həsr olunan hesabat tədbiri keçirilib. "Ambassador" otelində təşkil olunan mərasimdə AFFA, "Neftçi" və "Qəbələ" təltif olunub. Tədbiri giriş sözü ilə açan AAA-nın baş katibi Azər Allahverənov qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, 2019 bir sıra idman yarışları və tədbirləri ilə yadda qalıb. Yarışlara müxtəlif mərkəzlər və idman klubları qatılıb. Qeyd olunub ki, il ərzində bir neçə dəfə Stolüstü Tennis Federasiyası və Atletika Federasiyası ilə birgə bu idman növləri üzrə yarışlar keçirilib. Respublika Olimpiya Velosiped İdmanı Məktəbi və Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə velosiped yarışları təşkil olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “İnklüziv idman tədbirlərinin təşkili vasitəsilə autizm uşaqlarının tibbi-sosial reabilitasiyasına və sosiallaşmasına dəstəyin göstərilməsi” layihəsi uğurla həyata keçirilib. AAA-nın idmançıları Gənclər və İdman Nazirliyi, Milli Paralimpiya Komitəsi və Xüsusi Olimpiya Komitəsinin keçirdiyi bütün tədbirlərdə fəal iştirak ediblər. Bu il ilk dəfə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 1-ci Azərbaycan Autizm Festivalı təşkil olunub.
Tədbirdə həmçinin bildirilib ki, AAA həm ölkə daxilində idman tədbirləri təşkil edir, həm də mötəbər beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edir. Qurumun fəaliyyətini əks etdirən qısametrajlı videoçarx və autizmli uşaqlara həsr edilən videoklip nümayiş olunub. İlin nəticələri barədə məlumat verən AAA-nın sədri Elnur Məmmədli qeyd edib ki, təşkilat Türkiyədə, Rusiyada, Gürcüstanda keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib, dəfələrlə yarışlarda idmançılar fəxri kürsünün yüksək pillələrinə qalxıb.
Bayram əhval-ruhiyyəsində keçən tədbirdə il ərzində fərqlənən idmançı və məşqçilərə, həmçinin autizmlilərin reabilitasiya sahəsində çalışan müxtəlif mərkəz və təşkilatların nümayəndələri bu fəaliyyətlərinə görə təltif olunublar. Bununla yanaşı, il ərzində AAA ilə fəal əməkdaşlıq edən dövlət qurumları, özəl şirkətlər, ictimai qurumlar da təltiflərə layiq görülüblər. Tədbirdə iştirak edən Bakı-İstanbul Reabilitasiya Mərkəzi, Bakı Autizm İdman və Yaşam Klubu, Xüsusi Qayğıya Ehtiyacı olan Şəxslərin Psixofizioloji Reabilitasiya Mərkəzi, Azərbaycan Loqopediya Akademiyası, Səlis Danışıq Loqopedik Psixoloji Akademiya, Loqos Psixoloji Nitq və İnkişaf Mərkəzi, Mədinə Tibb Mərkəzi, ALBA Reabilitasiya və Yaşam Mərkəzi, Birgə və Sağlam İB, UAFA-nın nümayəndələrinə sertifikatların təqdim olunmasında AFFA-nın baş katibi Sərxan Hacıyev iştirak edib. AAA-nın AFFA-nın baş katibi Elxan Məmmədov, "Neftçi" və "Qəbələ"nin prezidentləri Kamran Quliyevlə Fariz Nəcəfova təşəkkürnamələri təqdim olunub. Bunları həmin şəxslərin tədbirdə iştirak edən nümayəndələri - müvafiq olaraq Sərxan Hacıyev, Anar Hacıyev və Erkin Qiyasi qəbul edib. Sonda AFFA, "Neftçi" və "Qəbələ" hədiyyələrlə uşaqları sevindiriblər.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.