Sizin reklam burada

“Qəbələ” tələsik qərar vermək istəmir

Baxış Sayı:515


Zaur Əzizov: “Şərtlərimiz Volkovu qane etmədiyindən “Zirə”nin təklifini qəbul etdi”
Premyer-liqada “transfer pəncərəsi” rəsmən açıq elan olunmasa da, artıq indidən bəzi klublar heyətlərini gücləndirmək üçün qollarını çırmayıblar və əməli işdə bunu göstərirlər., Bəzilərində isə “yarpaq tökümü” başlayıb. Belə klublardan biri də “Qəbələ”di. Bölgə təmsilçisi qış fasiləsində aparıcı futbolçularından biri olan Davit Volkovla ortaq məxrəcə gələ bilmədiyindən, gürcü oyunçu “Zirə” ilə anlaşıb. Volkov “qartallar”la ilyarımlıq anlaşmaya qol çəkib və qəsəbə təmsilçisinin saytına açıqlama verib: “Yaxşı əhval-ruhiyədəyəm, “Zirə”yə keçdiyimə görə şadam. Yanvardan etibarən yeni komandamın uğur qazanması üçün kömək etmək istəyirəm. Fikrimcə, “Zirə” ilə avrokuboklara vəsiqə qazana bilərik, bu, bizdən asılı olacaq”.
Gürcünün yeni klubunda nə qədər maaş alacağı rəsmən açıqlanmasa da, yayılan söz-söhbətə inansaq, “Zirə” futbolçuya ayda 8 min dollar əməkhaqqı verəcək.
Davidin “Qəbələ” ilə anlaşmasının müddəti yanvarda başa çatdığığından klubunu dəyişəcəyi gözlənilən idi. Ancaq ötən həftə mətbuat nümayəndələri ilə görüşdə “qırmızı-qaralar”ın prezidenti Fariz Nəcəfov Volkovla danışıqların davam etdiyini, onu düşərgədə saxlamaqda maraqlı olduqlarını bildirmişdi. Fariz bəyin dediklərindən və bölgə təmsilçisinin yeni sponsorla müqavilə bağlamasından sonra gözləmək olardı ki, Volkov karyerasını “Qəbələ”də davam etdirəcək. Ancaq görünən odu ki, yarımmüdafiənin sağında və hücumda oynamağı bacaran futbolçu ilə danışıqlarda istənilən nəticə hasil olmayıb və o “qırmızı-qaralar”dan ayrılmaq qərarı verib.
Futbol camiəsində yayılan söz-söhbətlərə inansaq, qış fasiləsində ölkə kubokunun son qalibini daha bir neçə futbolçu tərk edəcək. Klubla mövsümün sonuna kimi müqaviləsi olmasına baxmayaraq, ötən yay komandaya qoşulan Merab Qiqauri və cari mövsümün ikinci dövrəsində yenidən “qırmızı-qaralar”a dönən İbrahima Niassenin də “elçi”lərinin olduğu deyilir.
Söylənilənlərə aydınlıq gətirmək üçün klubun baş meneceri Zaur Əzizovun fikirlərini öyrəndik: “Davit Volkov artıq bizim oyunçu deyil. Onunla danışıqlarımız son ana qədər davam etsə də, şərtlərimiz onu qane etmədiyindən “Zirə”nin təklifini qəbul etdi. Niasse ilə Meraba gəlincə, onlar mövsümün sonuna kimi “Qəbələ”nin uğurları üçün çalışacaqlar. Onu da bilirəm ki, Qiqaurini rənglərinə bağlamaq istəyən bir çox klub var. Ancaq yalnız bir şərtlə vidalaşa bilərik. Həmin klubun təklif etdiyi transfer məbləği bizi qane etsin. 30-40 min dollara futbolçunu burxmaq fikrimiz yoxdu. Özünüz də görürsüz ki, son illərdə “Qəbələ”nin istər yerli, istərsə də əcnəbi oyunçularına maraq böyükdü. Bu da ondan xəbər verir ki, yürütdüyümüz kadr siyasəti özünü doğruldur. Yayda İvitsa Juniçlə qışa qədər anlaşmışdıq. Müdafiəçi özünü yaxşı tərəfdən göstərdiyinə görə onunla müqavilənin müddətini mövsümün sonuna kimi uzatdıq. Kristian Kuakunun məsələsinə gəlincə, indi ehtimal üzərindən danışmaq istəmirəm. Qarşıdakı günlərdə bu suala aydınlıq gələcək. Kot d’İvuardan olan forvardın başqa ölkəyə yollanmaq variantı var”.
“Qırmızı-qaralar”ın baş meneceri ilə söhbətdə qış fasiləsində düşərgəyə yeni oyunçu(lar) dəvət olunub-olunmayacağına da toxunduq: “Biz daim axtarışdayıq, çalışırıq ki, büdcəmizin imkan verdiyi şərtlərə uyğun futbolçular tapaq. Bütün klublar kimi biz də istəyirik ki, heyətə normal, səviyyəsi bizi qane edəcək oyunçular dəvət edək. Ancaq istəyimizi reallaşdıra bilib-bilməyəcəyimizi zaman göstərəcək. Volkovun gedişi ilə büdcədə müəyyən ehtiyatımız yaranıb. Ondan maksimum yararlanmaq istəyirik. Ən azı onun və ya Fernan Lopes səviyyəsində legioner tapmağa çalışacağıq. Bəzi futbolçular təklif olunub. Ancaq tələsik qərar vermək, seçimdə yanılmaq istəmirik”.
Volkovun agenti Mixail Xutsişvili də sport24.az saytına verdiyi açıqlamada “Qəbələ”lə ilə maliyyə yönündə anlaşa bilmədiklərini vurğulayıb: “Bizi maliyyə şərtləri razı salmadı. “Qəbələ” Davitin əvvəlki şərtlər altında komandada qalmasını istəyirdi. Bu təklif bizi razı salmadığından bir-birimizin əlini sıxıb ayrıldıq. Klub da, biz də müqavilənin müddətinin uzadılmasını istəyirdik. Ancaq məsələnin maliyyə tərəfi həlledici oldu”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR