“Futbol+” ölkədə media siyasətinə rəhbərlik edənlərin vicdansızlığı üzündən hər nə qədər ədalətsiz münasibətlə üzləşsə də, dəyərlərinə və prinsiplərinə sadiq qalmaqdadı. “İlin futbolçusu” və “İlin idmançısı” sorğusu da artıq 21 ildi əsasını qoyduğumuz və daim həyata keçirdiyimiz layihədi. Qəzetimizin bu sayında həm ilin idmançısı, həm də futbolçusu adına namizədlərin siyahısını açıqlayırıq. Sirr deyil ki, başqa qurumlar da ən müxtəlif sorğular keçirir. Sadəcə, “Futbol+”in ənənəvi sorğusunu başqalarından fərqləndirən cəhət ölkənin idman və futbol ictimaiyyətinin, demək olar ki, bütün təbəqələrini əhatə etməsidi. Biz ümumilli sorğu keçiririk ki, sabah kimsə qaliblərin məhdud dairənin səsləri əsasında seçildiyini düşünməsin.
İlin ən yaxşılarının seçiminə sizlərin - əziz oxucuların da daha fəal şəkildə qoşulmasını istəyirik. Elə bu gündən başlayaraq həm idmançı, həm də futbolçu qalibinizin adını qəzetimizin elektron poçtuna (bax: səh. 2), “feysbuk”dakı səhifəsinə və ya mesajla 077 300 09 10 nömrəsinə göndərə bilərsiz.
Beləliklə, “Futbol+”in ilin futbolçusu adına namizədləri (əlifba sırası ilə düzülüb):
1. Ağabala Ramazanov – Səbail
2. Bəhlul Mustafazadə - Qəbələ/Sabah
3. Emil Balayev – Tobol (Qazaxıstan)
4. Emin Mahmudov – Neftçi
5. Qara Qarayev – Qarabağ
6. Mahir Əmrəli – Qarabağ
7. Maksim Medvedev – Qarabağ
8. Ramil Şeydayev – Krılya Sovetov/Dinamo M (Rusiya)
9. Riçard Almeyda – Qarabağ
10. Slavik Alxasov – Keşlə
Bu gün təqdimat növbəsi siyahının ilk 5 pilləsində yer alan futbolçularındı.
Ağabala Ramazanov
Namizədliyini şərtləndirən səbəblər
“Səbail”in ötən mövsümü bürünc mükafatçı kimi bitirməsinə, eləcə də avrokuboklarda debüt mövsümündə “qapazaltı uşaq” təsiri bağışlamamasına qolları və oyunu ilə töhfə verdi. Bununla belə, ilin sonunda daha perspektivli görünən “Şerif” variantı əvəzinə “Zirə”ni seçməsi istedadına inananları məyus etdi. İl ərzində bütün turnirlərdə 36 oyuna çıxan hücumçunun hesabında 13 qol var ki, Azərbaycan səviyyəsində heç də aşağı göstərici deyil.
Premyer-liqa
Maraqlıdı ki, həm ötən mövsümün, həm də bu mösümün 2019-a düşən hissəsində 13 oyuna çıxıb. 2018/19 mövsümünün 13 oyununda 7 qol vurmuşdusa, yeni mövsümdə eyni sayda oyunda cəmi 3 dəfə fərqlənməsi geriləməsinin aşkar sübutudu. 26 oyuna 9 sarı vərəqə də hücumçu üçün intizam göstəricisi sayıla bilməz.
Kubok
Ölkə kubokunun ötən mövsümündə “Səbail”in “Kəpəz” və “Zirə” ilə oyunlarında görünməyibsə, bu mövsüm də yenə “Zirə” ilə 210 dəqiqəlik mübarizədə qolu və ya ötürməsi ilə seçilməyib.
Avrokubok
Ağabalanın üzünü ağardan, təklif bolluğuna düşməsinə səbəb olan “Universitatya” ilə Avroliqa oyunlarıdı. Həm Bakıda, həm də Krayovada fərqlənən hücumçu komandasını növbəti mərhələyə çıxara bilməsə də, hər kəsin diqqətini cəlb etdi.
Yığma
İl ərzində milli forma geydiyi 6 oyunda cəmi 296 dəqiqə meydanda olub və sarı vərəqədən başqa heç nə ilə yadda qalmayıb.
Bəhlul Mustafazadə
Namizədliyini şərtləndirən səbəblər
İlin ilk yarısında “Qəbələ”də, eyni zamanda ilboyu yığmada sərgilədiyi oyunla siyahıya düşməyi haqq edib. Düzdü, adı ətrafında səslənən transfer xəbərlərindən hələ ki doğrulanı yoxdu. Amma 23 yaşını fevralda tamamlayacaq müdafiəçi səviyyəsini daha da artırarsa, uzun müddət Azərbaycan futboluna faydası dəyə bilər. 36 oyun, 3 qol – illik statistikası belədi.
Premyer-liqa
Bu il çempionatda ümumilikdə 25 oyuna (12-si “Qəbələ”nin, 13-ü “Sabah”ın heyətində) çıxan, 2191 dəqiqə meydanda olan müdafiəçi 1 qol, 2 sarı və 2 qırmızı vərəqə ilə yadda qalıb. “Qəbələ” ötən mövsümü 4-cü yerdə bitirdisə, “Sabah” isə yalnız 6-cı yerdə qərarlaşıbsa, müdafiə xəttinə ünvanlanası suallar var. Gerçəklik budu ki, Bəhlul Qəbələdə daha yaxşı təsir bağışlayırdı.
Kubok
“Qəbələ”nin kuboku qazandığı ötən mövsümdə 3 oyunun hər birində 90 dəqiqə meydanda olmuşdusa, ötən həftə keçmiş komandası ilə dueldə mübarizəni dayandıran “Sabah”a 2 qolla faydası dəydi. Amma bu qollar “tələbələr”i növbəti mərhələyə daşımadı, yəni Bəhlulun Avroliqaya kubokdan yollanmaq arzusu boşa çıxdı.
Avrokubokda oynamayıb
Yığma
Heyətlə bağlı problem üzündən yığmaya çağırılsa da, dərhal əsas oyunçulardan birinə çevrilməsi, soyuqqanlı oyunu ilə alqış qazanması faktdı. Milli formada 6 oyunu əvəzlənmədən keçirib, 1 dəfə sarı vərəqə ilə cəzalanıb və təəssüf ki, səfərdə Macarıstanın qapısına vurduğu təmiz qol da sayılmayıb.
Emil Balayev
Namizədliyini şərtləndirən səbəblər
Legioner həyatına başladığı mövsümdəcə əsas heyətdə yer alması, yığmada parlaq şəkildə debüt etməsi ilin onun üçün uğurlu alındığını göstərir. Amma digər tərəfdən Xorvatiyaya qarşı parlaq debütün ardından yığmanın bəzi oyunlarında ümidləri doğrultmaması, “Tobol”la hədəflərinə çata bilməməsi də düşündürücü məqamdı. İl ərzində bütün turnirlərdə 41 oyuna çıxıb, 34 qol buraxıb.
Qazaxıstan çempionatı
31 oyunda 2790 dəqiqə meydanda olub, 22 qol buraxıb, 3 sarı vərəqə alıb. Oyunların böyük əksəriyyətində inamlı təsir bağışlayıb, dəfələrlə komandasının ən yaxşısı, nəhayət, mövsümün sonunda çempionatın ən yaxşı qapıçısı sayılıb. “Tobol” isə əsasən də qəfil baş məşqçi dəyişikliyi üzündən çempionatı mükafatçılar sırasında bitirə və deməli, avrokuboklara vəsiqə qazana bilməyib.
Kubok
Qazaxıstan kubokunun 3 oyununda 221 dəqiqə meydanda olub. “Tobol”un evdə “Kaysar”ı 1:0 məğlub edəndən sonra səfərdə 1:3 uduzduğu kubokun yarımfinalının cavab görüşündə qapını məhz həmyerlimiz qoruyub.
Avrokubok
Lüksemburq səfərindən 0:0 ilə qayıdan “Tobol” evdə “Jeness”lə 1:1 sayəsində Avroliqada mübarizəni dayandırıb. Səfərdə qapısını toxunulmaz saxlayan Emil evdə penalti qoluna üzülüb.
Yığma
5 oyunda 450 dəqiqə meydanda olub və 8 top buraxıb. “Çərçivə”də rəqabəti önəmli dərəcədə artırsa da, hələ də öz üzərində çox işləməlidi.
Emin Mahmudov
Namizədliyini şərtləndirən səbəblər
“Neftçi”nin və ölkə futbolunun liderlərindən biri, yaradıcı oyunu ilə seçilən nadir yerli futbolçulardandı. Bununla belə, bəzən “Neftçi”nin yükünü daşımaqda çətinlik çəkir. Yığmada Yurçeviçin etimadını heç cür qazana bilməməsi isə başqa söhbətdi. İl ərzində bütün turnirlərdə 38 oyun keçirib, 11 qol vurub.
Premyer-liqa
Maraqlıdı ki, çempionatın həm ötən, həm də cari mövsümündə 13 oyuna çıxıb, bu oyunlarda 8 qol, 10 sarı vərəqə ilə yadda qalıb. “Neftçi”nin hər iki mövsümdə çempionluq mübarizəsində “Qarabağ”dan geri düşməsində kapitan və aparıcı oyunçu kimi onun də məsuliyyəti var.
Kubok
Kubokla bağlı statistika da ürəkaçan deyil. “Neftçi” ötən kubok mövsümündə yaza qalmadığından builki kubok statistikası “Sumqayıt”la cavab görüşündəki 75 dəqiqədən ibarətdi. Və yenə bakılılar “Sumqayıt” səddinə ilişib.
Avrokubok
6 oyunda 509 dəqiqə meydanda olub, 3 qol və 1 sarı vərəqə ilə yadda qalıb. “Arsenal” üzərindəki möhtəşəm qələbələrdən sonra çoxları “Neftçi”ni artıq Avroliqanın qrupunda görürdüsə, kapitan da bunu bacarmayanlar sırasındadı.
Yığma
Təbitcə yaradıcı və mübarizəyə o qədər də meyilli olmayan Emin Yurçeviçin taktiki sxemlərində və mülahizələrində özünə yer edə bilmədi. 5 oyunda 110 dəqiqə meydanda olmaq, təbii ki, aşağı göstəricidi.
Qara Qarayev
Namizədliyin şərtləndirən səbəblər
Daim sabit oynayan, adətən, etibarlı təsir bağışlayan nadir yerli futbolçulardan biridi. Bəzi anlarda məsuliyyəti üzərinə götürərək, qapıya zərbə vurmağı da xoşlayır. 44 oyun, 1 qol, 5 sarı, 2 qırmızı vərəqə - illik statistikası belədi.
Premyer-liqa
Cari mövsümdə 14 turdan 10-da meydana çıxsa da, bəzi oyunlarda əvəzlənib, bəzilərində sonradan oyuna qoşulmaqla ümumilikdə 597 dəqiqə oynayıb ki, bu da hər oyuna orta hesabla 59 dəqiqə deməkdi. İlin ilk yarısında isə 11 oyunda 527 dəqiqə meydanda olub. 21 çempionat oyununda 5 sarı, 1 qırmızı vərəqəsi var.
Kubok
2018/19 mövsümü çərçivəsində bu il 90 dəqiqə oynayan təcrübəli futbolçu yeni kubok mövsümünün iki oyununda 180 dəqiqə meydanda olub. Bu turnirdə intizam baxımından problemi yoxdu.
Avrokubok
Avrokuboklarda Qurban Qurbanovu ona əvvəlki qədər güvənmir. 14 oyunun 11-də iştirak edib və 655 dəqiqə oynayıb. “Düdelanj”la ev oyununda erkən qırmızı vərəqə almaqla faktiki komandasının qələbə qazanmaq imkanlarını xeyli azaltdı.
Yığma
Əvəzində Qaranın yığmada güvən problemi yoxdu. Yığmanın il ərzində keçirdiyi 10 oyunun 9-da (seçmə oyunların hamısında) görünən futbolçu 1 sarı vərəqə alıb, xüsusi bacarıq göstərməyib. Xatırladaq ki, ölkənin əsas komandası 8 seçmə oyunda 18 qol buraxıb.
İlin idmançısı kim olsun?
Ötəilki qalib kənarda qaldı
“Futbol+”in ənənəvi “İlin idmançısı” sorğusu üçün 10 namizəd axtarışı bu dəfə vaxtımızı çox aldı, bizi bir qədər yordu. Səbəb sadədi, son günlərini yaşadığımız ildə bir-birindən nüfuzlu turnirlər baş tutsa da, milli komandalarımızın üzvlərinin qazandıqları nəticələr ürəkaçan deyil. Bu üzdən ili Azərbaycan idmanı üçün ümumilikdə uğurlu saymaq çətindi. Ən azı ona görə ki, dünya çempionatları ilə bağlı gözləntiləri tam qarşılamaq mümkün olmadı. Bununla belə, ənənəvi sabit çıxışla azarkeşlərini sevindirənlər də var. Onu da nəzərə alaq ki, 2-ci Avropa Oyunları da 2019-a təsadüf etdi. Belarusun paytaxtı Minskdə keçirilən bu yarışda da adından söz etdirən təmsilçilərimizə rast gəlindi. Maraq üçün onu da qeyd edək ki, ötənilki qalib Eldəniz Əzizliyə bu dəfə siyahımızda yer olmadı. Səbəb yunan-Roma güləşçisinin dünya və Avropa çempionatında “bürünc”lə kifayətlənməsidi. Sözü çox uzatmadan “Futbol+”in namizədlərinin 2019-dakı uğurlarını “vərəqləyək”.
Alfonso Dominges (boks)
Kubalı legioner ən böyük uğurunu Belarusda qazandı. Minskdə təşkil olunan 2-ci Avropa Oyunlarının qalibi olmaqla. Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında isə etimadı doğrultmadı. 81 kq-da döyüşən yığma üzvünü 1/4 finalda özbəkistanlı Dilşodbek Ruzmetov dayandırdı. Yığmanın fiaskosu ilə yekunlaşan mundialda Alfonso bu mərhələyə yüksələn iki boksçudan biri idi.
Hacı Əliyev (güləş)
Düzdü, sərbəst güləş üzrə 3 qat dünya çempionu ilin əsas yarışında medalsız və lisensiyasız qaldı. Təbii ki, bunda hakimlərin də “rolu” oldu. Bununla belə, qatıldığı digər iki nüfuzlu turnirdə zirvədə qərarlaşdı ki, bu da onun səviyyəsindən xəbər verir. Minskdə Avropa Oyunlarının qalibi olan Əliyev Buxarestdə təşkil olunan Avropa çempionatında da zirvədə yer aldı. Son olaraq İranın “İran Mol” komandasının heyətində klublararası dünya çempionatının qalibi oldu.
Hidayət Heydərov (cüdo)
Ötən il Bakıda qazandığı dünya çempionatının “bürünc”ünə Tokioda da eyni əyarlı medalı əlavə etdi. Avropa Oyunlarında da fəxri kürsünün üçüncü pilləsində qərarlaşdı. Napolda təşkil olunan Universiadada yalnız finalda uduzdu. Komanda yarışında isə yığmanın heyətində bürünc medala yiyələndi. Bir sözlə, 22 yaşlı cüdoçu namizədlər sırasında yer almağı nəticələriylə haqq edir.
Mariya Stadnik (güləş)
Artıq neçə illərdi namizədlər arasında yer alır. Təbii ki, qara qaş-gözünə görə yox. Davamlı sabitlik və yüksək nəticələr sanki boyuna biçilib. 2019 da istisna olmadı. Minskdə 2-ci Avropa Oyunlarını zirvədə tamamlayan ukraynalı legioner Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında da rəqib tanımadı. 50 kq-da mübarizə aparan Mariya karyerasında ikinci dəfə - 10 ildən sonra mundialın qalibi oldu. Həmçinin Olimpiadaya lisenziyanı rəsmiləşdirdi.
Milad Beiqi Harçeqani (taekvondo)
Mançesterdə keçirilən dünya çemionatında bütün rəqiblərini məğlub edən yığmanın lideri himnimizi səsləndirdi. 2017-ci ildə də planetin ən güclüsü olan Milad 80 kq-da rəqiblərinin bir növ qorxulu yuxusuna çevrilib. Yaponiyanın Çiba şəhərində keçirilən G4 kateqoriyalı “Qran-pri” turnirində qazanılan çempionluğu da unutmayaq. Hə, Tokio Olimpiadasına qazanılan 11 lisenziyadan biri də onun hesabındadı.
Rüstəm Orucov (cüdo)
İl ərzində təşkil olunan iki böyük yarışın finalında güləşdi. Avropa Oyunlarında isveçli rəqibinə uduzaraq gümüş medalla kifayətləndisə, dünya çempionatında da eyni aqibəti yaşadı. Yığmanın lideri Tokio finalında yapon pəhləvanla bacarmadı. 73 kq-da mübarizə aparan Orucov müxtəlif beynəlxalq turnirlərdə də fəxri kürsüdə yer aldı.
Ruslan Lunyov (atıcılıq)
Ulduzu 2015-də Bakıda təşkil olunan 1-ci Avropa Oyunlarında 5 “qızıl” qazanmaqla parlayan İradə Aşumovanın oğlu yola saldığımız ili hesabına yaza bilər. Fransanın Şatoru şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa kubokunda böyükçaplı tapançadan 25 m məsafəyə atəşaçmada bütün rəqiblərini üstələyərək qızıl medal qazandı. İtaliyanın Bolnya şəhərində isə bir güllə ilə “iki quşu birdən vurdu”. Avropa çempionu olan Ruslan həm də Tokio Olimpiadasına lisenziyanı təmin etdi. Beynəlxalq turnirlərdə qazandığı medallarla da azarkeşlərini sevindirdi.
Rafael Ağayev (karate)
2015-də Bakıda qazandığı uğuru Minskdə təkrarlaya bilmədi. Ukraynalı rəqibinə uduzmaqla Avropa Oyunlarını ikinci pillədə başa vurdu. İspaniyada keçirilən Avropa çempionatında da eyni nəticəyə imza atdı. Ardıcıl ikinci il "Grand Winners" mükafatnı qazandı. Premyer Liqa 1 turnirləri çərçivəsində Moskvada qızıl, Paris və Tokioda gümüş, Dubay və Rabatda isə bürünc medala yiyələndi.
Şərif Şərifov (güləş)
Sərbəst güləşçi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında zirvədə yer aldı. “Bürünc” və iki “gümüş”dən sonra “qızıl”ı boynundan asdı. Nur-Sultanda isə finalda uduzmaqla ikiqat dünya çempionu olmaq arzusunu reallaşdıra bilmədi. Bununla belə, lisenziya qazanmaqla ardıcıl üçüncü Olimpiadada güləşmək hüququna yiyələndi.
Teymur Rəcəbov (şahmat)
Bir müddət inamsız oyunu və zəif nəticələri ilə pərəstişkarlarını məyus edən şahmatımızın “qızıl oğlan”ı 2019-a damğa vurdu. Şahmat tariximizdə ilkə imza atan Rəcəbov dünya kubokunu başı üzərinə qaldırdı. Xantı-Mansiyskdə təşkil olunan yorucu və gərgin yarışın finalında çinli Dinq Lireni yenərək, bütün proqnozları alt-üst etdi. Beləliklə, onu gələn il İddiaçıların Turnirində görəcəyik. Dortmundda təşkil olunan superturnirdə 2-5-ci yeri bölüşməsini də hesabına yaza bilərik.