Sizin reklam burada

Emil Balayev “Tobol”da qalıb-qalmayacağını bilmir

Baxış Sayı:277


“Peşəkar müqavilə varsa, qarşılıqlı öhdəliklər yerinə yetirilməlidi”
"Bu, mənim üçün həqiqətən də xoşagələn haldı. Çünki ilin futbolçusu seçilmək qapıçı üçün çətin məsələdi. Ən çox meydan oyunçuları seçilir. Müdafiəçi, hücumçu və yarımmüdafiəçilər bu ada layiq görülür. Amma mən qapıçı olaraq seçildiyimə görə şadam. Məni bu ada layiq görən hər kəsə təşəkkür edirəm" - bu fikirləri İdman Araşdırmalar Mərkəzinin sorğusunda “ilin futbolçusu” seçilən millinin və Qazaxıstanın "Tobol" klubunun qapıçısı Emil Balayev deyib. 25 yaşlı qolkiper 2019-cu ilin özü üçün xüsusi önəm kəsb etdiyini bildirib: "Mənim üçün yaddaqalan oldu. Milli komandada debütüm bu ildə reallaşdı. Buna görə "Tobol"un rəhbərliyinə, məşqçi heyətinə təşəkkür edirəm. Çünki onlar mənə dəstək oldular. "Tobol"dakı çıxışıma görə yığmada şans qazandım. Bilmirəm ki, məni bu mükafata millidə və ya klubdakı çıxışıma görə layiq görüblər. Bunu dəqiq deyə bilmərəm. Təbii ki, klubun böyük əməyi var. Ordakı çıxışıma görə millidə forma geyinə bildim. Çalışdım ki, bundan da maksimum istifadə edim. Debütüm də uğurlu alındı".
Balayev erməni mütəxəssis Qriqori Babayanın "Tobol"un baş məşqçisi təyin olunması barədə də fikirlərini bölüşüb: "Hazırda "Tobol"da qalıb-qalmayacağımla bağlı nəsə deyə bilmərəm. Çünki mən peşəkar futbolçuyam və müqaviləm var. Müqaviləm məşqçi ilə yox, klubladı. Bu sözləşmə bir il daha davam edir. Azərbaycan və Qazaxıstan çempionatları arasında fərq var. Qazaxıstanda yazdan qışa qədər keçirilir. Mən hazırda istirahətdəyəm deyə, klubla əlaqəyə çıxmamışam. Ona görə də dəqiq bir söz deyə bilməyəcəm".
Balayev "Tobol"da qalacağı təqdirdə karyerasında eniş yaşaya bilməsi ehtimalına da toxunub: "Bunu öncədən deyə bilmərəm. Bu barədə danışmaq bir az qəliz məsələdi. Nə olsa belə, "Tobol" rəhbərliyi həmişə mənə hörmətlə yanaşır. Peşəkar müqavilə varsa, qarşılıqlı öhdəliklər yerinə yetirilməlidi. Bizdə isə klub rəhbərliyi ilə qarşılıqlı hörmət var. Necə olacağı barədə düşünməmişəm. Həyatda hər şey mümkündü. Gözlənilməz nəsə baş verə bilər. İndidən danışmaq düzgün deyil".
Yığmanın üzvü başqa klublardan təklif alıb-almaması ilə bağlı suala isə belə aydınlıq gətirib: "Futbol elə bir idman növüdü ki, agentlər və menecerlər var. Təklif olsa belə, birbaşa mənimlə əlaqəyə çıxan şəxslər yoxdu".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR