Sizin reklam burada

Munis Abdullayevin oğlu gülüş hədəfinə çevrildi

Title

AFFA-nın yarıtmaz işinin Siyəzən nümunəsi...
Vaxtaşırı AFFA-nın təşkil etdiyi müxtəlif yaş qrupları üzrə ölkə çempionatlarını izləyir, həm xoşagələn, həm də neqativ məqamara toxunuruq. Əslində liqalarda bəyəniləsi, ağızdolusu danışıb, tərifləyə biləcəyimiz nüanslar o qədər çox deyil. Çatışmazlıqlar isə o qədərdi ki, bilmirsən hardan başlayıb, harda qurtarasan.
Ötən həftənin şənbə günü yolum Siyəzənə düşdü. Qeyd edək ki, AFFA Şimal regionu üzrə çempionat oyunlarını Sumqayıtla yanaşı, Siyəzəndə də təşkil edir. Təqvimdə dekabr olmasına baxmayaraq, balığı və Beşbarmaq piri ilə tanınan Siyəzəndə əsl yaz havası hökm sürürdü. “Neftçi” İK İB-nin balansında olan stadionun da durumunu qənaətbəxş saymaq olardı. Həmin gün saat 14.00-da Sumqayıtı təmsil edən İOEUGİM ilə Qusar “Şahdağ”ı arasında matç baş tutmalıydı. Düzdü, oyun keçirildi, ancaq hakimin start fiti əvvəlcədən müəyyən olunmuş saatda yox, təxminən 20 dəqiqə gec səsləndi ki, bu da çempionatı təşkil edən qurumun işini qeyri-peşəkar səviyyədə qurmasının göstəricisi idi.
Oyuna keçid almamış futbolumuzun yaralı yeri olan hakimliyə toxunmaq istərdim. Hələ də mənə çatmır ki, futboldan anlayışı olmayan gənc referilər niyə atalarının təkidi ilə özlərinə əzab verib bu yolu seçiblər? Tutaq ki, keçmişdə hakim olmuş valideyn məcburən övladını bu sahəyə yönəldir, onun da gələcəkdə FİFA referisi olmasını arzulayır. Ancaq övlad bilir ki, ondan hakim olmayacaq. Çünki buna onun potensialı yetmir. U-14 liqasında oyunun “ip”ini əldən verən, özündən az qala 10 yaş kiçik uşaqların “xoş” sözlərini eşitmək məcburiyyətində qalan referi uşaqların qarşısında “sınırsa”, deməli, o özünü başqa sahədə sınamalıdı. İOEUGİM – “Şahdağ” matçının baş hakimi sabiq referi, hazırda hakim-inspektor kimi çempionat oyunlarına təyinat alan Munis Abdullayevin oğlu idi. Munis bəyin oğlu hər biri 35 dəqiqə davam edən iki hissəli “tamaşa”da o qədər səhvə yol verdi ki, hətta 14 yaşı tamam olmayan uşaqlar belə onun, demək olar ki, hər qərarını gülüşlə qarşılayırdılar. Mən hələ komandaların məşqçilərinin hakimə olan iradlarını demirəm.
Görüşün gedişində gördüyüm mənzərə bərbad hakimliyi ikinci plana keçirdi. İlk yarının sonlarına yaxın ikili mübarizədə “Şahdağ”ın futbolçularından biri yerdə qaldı. 14 yaşı hələ gələn il tatmam olacaq uşaq toqquşmadan sonra meydanda qalıb oyunu davam etdirsə də, 2 dəqiqə sonra az qala ağlaya-ağlaya məşqçilər korpusuna yaxınlaşıb çiyninin bərk ağrıdığını bildirdi. Köməkçi məşqçilərdən bir həmin an həkim köməyinə ehtiyac duyulduğunu AFFA-nın stadiondakı nümayəndəsinin diqqətinə çatdırdı. Fikirləşdim ki, tibbi personal çiyni əzilən uşağa lazımi yardımı göstərəcək. Ancaq... Həmin an mülkü geyimdə uşağa yaxınlaşdı. Əvvəlcə elə başa düşdüm ki, həmin şəxs stadionun işçilərindən biridi və “hadisə yerinə” maraq üçün yaxınlaşıb. Lakin sonradan məlum oldu ki, bu şəxs həkimdi və Əsasnaməyə uyğun olaraq stadiona ezam olunub. Mülki geyimli həkim uşağı gözü ilə “rentgen” edəndən sonra köməkçi–məşqçiyə “bunu xəstəxanaya aparıb müayinə etmək lazımdı” söylədi. Və hadisələrin kuliminasiya nöqtəsi də burda yaşandı. “Şahdağ”ın məşqçisi “uşağı hansı maşınla aparaq” sualını vermişdi ki, həkim “indi zəng edərəm, təcili tibbi yardım maşını gələr” cavabını verdi. Özlüyümdə “necə yəni maşın gələr” düşündüm. Stadionun kənarında “Qazel” markalı təcili tibbi yardım maşını olduğu halda yenisini çağırmağa nə ehtiyac var? Ancaq 2-3 dəqiqədən sonra məlum oldu ki, həmin təcili tibbi yardım “Qazel”i, sadəcə, maket imiş. Bəli-bəli, səhv başa düşmədiz, mən də hər hansı yanlışlığa yol vermədim. Sən demə, həmin təcili yardım maşını uzun illərdi işləmir, onu işə salmaq mümkün deyil. Siyəzənin səhiyyə idarəsi həmin avtomobili stadionda saxlayır. Oyunlar zamanı maşını itələyib stadiona salırlar, başa çatandan sonra itələyib çölə çıxarırılar və stadiona yaxın yerdə qalır. Təsəvvür edirsiz də, təxminən 40 min əhalisi olan rayonun səhiyyə idarəsi uşaqların taleyi ilə necə oynayır... Çox təəssüf ki, çempionatın təşkilinə cavabdehlik daşıyan AFFA rəsmiləri də neçə vaxtdı bunu bilə-bilə, hər şeyə göz yumurlar. Qayıdaq “Şahdağ”ın çiynindən zədələnən futbolçusuna. Çətinliklə olsa da, uşağı rayonun mərkəzi klinikasına apardılar. Təxminən 20 dəqiqədən sonra məlum oldu ki, şənbə günü olduğundan xəstəxanada yalnız növbətçi həkim var ki, o da uşağa yaxın durmur. Hippokrat andı içən ağ xalatlının, sən demə, belə zədələrdən anlayışı yox imiş. AFFA-nın İlkin adlı əməkdaşı yenidən stadiona ezam olunan həkimə yaxınlaşıb, durumu onunla müzakirə etdi. Öz aralarında nə danışdıqlarını bilmədim. Sonda həkimin “uşağı geri qaytarmağa maşın yoxdu, o problemi özünüz həll edin” dediyini isə eşitdim.
Bu da AFFA-nın bəh-bəhlə ictimaiyyətə təqdim etdiyi müxtəlif yaş qrupları arasında keçirilən çempionatı. Yarıtmaz təşkilatçılıq, işinə laqeyd yanaşan həkimlər və həyatları riskə atılan uşaqlar... Kaş hörmətli Elxan Məmmədov heç olmasa, ildə bir dəfə qızılldan qiymətli vaxtından ayırıb, yüzminlərlə vəsaitin sərf olunduğu (silindiyi kimi də oxuya bilərsiz) liqaların oyunlarını izləyərdi. Onda bilərdi ki, niyə ictimaiyyət onun yarıtmaz futbol siyasətindən narazıdı.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.