Firuz Abdulla: “Baş məşqçi məsələsi hələ ki açıq qalıb”
AFFA-nın İcraiyyə Komitəsinin sonuncu iclasında müzakirəsi vacib ən mühüm məsələ Nikola Yurçeviçin yığmanın “sükanı arxasında” qalıb-qalmayacağı idi ki, xorvat mütəxəssislə yolların ayrılmasına qərar verildi. Buna baxmayaraq, yeni çalışdırıcının milliyyəti və kimliyi ilə bağlı hansısa yenilik yoxdu. Azərbaycanlı olacaq, yoxsa əcnəbi – bu sual hamı üçün qaranlıq qalmaqdadı.
Xatırlayırsızsa, ötən ilin bu ayında Qurban Qurbanova da qapı göstərilmiş, yeni mütəxəssisin axtarışları təxminən 3 ay vaxt aparmış, yekunda Yurçeviçlə razılıq əldə olunmuşdu. Budəfəki prosesin hansı zaman kəsiyini əhatə edəcəyi də şübhə doğurur. Məsələyə aydınlıq gətirmək üçün assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı aradıq: “Baş məşqçi məsələsi hələ ki açıq qalıb. Çünki bununla bağlı hər hansı söz deyilməyib, qərar açıqlanmayıb. Yəqin ki, müzakirələrdən və qəbul ediləcək qərardan sonra ictimaiyyətə açıqlama veriləcək”.
Dekabrın 13-də verilən qərarlardan biri də yanvarın 8-də AFFA-nın növbədənkənar Konfransının çağırılması idi. Ağla gələn odu ki, məhz bu görüşdə yeni baş məşqçinin kimliyi ilə bağlı qərar çıxarılacaq. Amma yox. Firuz bəy yanarın 8-nə nəzərdə tutulan Konfransın mahiyyətini açıqladı: “Bildiyiniz kimi, növbəti ilin ilk aylarında həm Hesabat, həm də Hesabat-Seçki Konfransı olacaq. Bildiyiniz kimi, 4 ildən bir Hesabat-Seçki Konfransı olur. Həmin Konfransda gündəliyə qoyulacaq bəzi məsələlərlə bağlı Nizamanədə bəzi dəyişikliklərin edilməsinə ehtiyac var. Zaman ötdükcə müəyyən yeniliklər və dəyişikliklər qaçılmaz olur. Belə deyək, Nizamnaməni daha mobil etmək lazımdı. Hesabat-Seçki Konfransına qədər yenilənmiş Nizamnamə hazır olmalıdı. Yəni növbədənkənar Konfransın baş məşqçi məsələsinə aidiyyatı yoxdu”.
HƏBİB