Sizin reklam burada

Oqtay Abdullayev öyüd-nəsihət verirmiş...

Baxış Sayı:387


Ötən həftənin cümə günü AFFA birinci divizionda oyunların nəticələrinin əvvəlcədən müəyyənləşməsində iştirakı olan futbolçuların siyahısını açıqladı və 28 nəfər ömürlük futboldan uzaqlaşdırıldı. “28-lik”də yer alanlar arasında “Turan Tovuz”un 7 futbolçusunun da adı var.
Yaşananlarla bağlı Tovuz klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayevin fikirlərini öyrəndik: “Mən dəfələrlə futbolçularla görüşümdə belə xoşagəlməz hallardan uzaq durmalarını bildirmişən. Onlara hər dəfə deyirdim ki, bu işə qol qoyanların aqibəti yaxşı olmayacaq, həmin adamlar ifşa olunacaqlar. Hətta deyirdim ki, kimlərinsə əlində oyuncaq olub, özünüzü və yaxınlarınızı ictimaiyyət arasında utandırmayın. Komandanın fasilə ərəfəsində sonuncu ev oyunundan sonra da bununla bağlı iclasımız oldu, uşaqlara yenə öyüd-nəsihət verdim. AFFA-nın araşdırmasının nəticəsi açıqlanmamışdan ayyarım öncə Misir Rüstəmovu, 15 gün əvvəl isə Sənan Qocayevi düşərgədən uzaqlaşdırmışdıq. Cavan oyunçuların ömürlük futboldan silinməsi heç də yaxşı hal deyil. Bu yaşdan sonra hansı sahəyə üz tutacaqlar? Bundan sonra məşqçi kimi də çalışa bilməzlər. Özləri həyatlarını puç etdilər”.
AFFA-nın futboldan sildikləri arasında veteran futbolçu Nizami Sadıqovun oğlu İlkin Sadıqov da var. Futbol camiəsində daha çox Cəfər kimi tanınan, ötən mövsümün ikinci yarısında “Turan Tovuz”u çalışdıran Nizami bəylə də əlaqə saxlayıb yaşananlara münasibət bildirməsini istədik: “Mən də hamı kimi başverənləri AFFA-nın açıqladığı siyahıdan sonra bildim. Komandanın demək olar ki, bütün oyunlarını stadiondan canlı izləyirdim, ancaq heç nə hiss etməmişdim. Heç vaxt ağlıma gəlməzdi ki, belə hal yaşanar. İlkinin belə bir hərəkət etdiyinə inana bilmirəm. Yəqin ki, yaxın günlərdə bütün suallara aydınlıq gələcək. Oğlum özü də mətbuata açıqlamasında AFFA-da izahat verdiyini, günahsız olduğunu bildirib. Bundan artıq nə deyim?”
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR