Sizin reklam burada

“Qəbələ” “Sabah”ı əks-hücumlarla yıxdı

Title

5. Qəbələ – Sabah (Bakı) 3:0 (2:0)
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev (28. Murad Musayev, 90+1), 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İvitsa Zuniç, 10. Klesio Bauk (14. Ülvi İsgəndərov, 78), 77. Merab Qiqauri, 21. Fernan Lopes (7. Roman Hüseynov, 67), 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı.
Baş məşqçi: Azər Bağırov.
Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov (19. Təmkin Xəlilzadə, 64), 4. Bəhlul Mustafazadə (21. Rocer Roxas, 86), 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Dialo, 11. Şakir Seyidov (26. Ozancan Kökcü, 46).
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 6. Vadim Abdullayev, 15. Ruslan Abışov, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov.
Baş məşqçi: Jelko Sopiç.
Qollar: K.Bauk, 19 (1:0). K.Bauk, 43 (2:0). Ü.İsgəndərov, 87 (3:0).
Vərəqələr: U.Diallo, 16 (hakimin qərarına etiraz). Q.Alıyev, 30 (qeyri-idman hərəkəti). A.Diallo, 45+1 (qeyri-idman hərəkəti). K.Diniyev, 57 (qeyri-idman hərəkəti). D.Volkov, 57 (qeyri-idman hərəkəti). C.Diniyev, 75 (qeyri-idman hərəkəti). Ü.İsgəndərov, 89 (qeyri-idman hərəkəti) – sarı. Ü.İsgəndərov, 90+3 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
15 dekabr. Qəbələ. Şəhər stadionu. 400 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Premyer-liqada qonşu olan “Qəbələ” və “Sabah” ölkə kubokunun 1/4 finalının açılış oyununda üz-üzə gəlirdi. Məlum məsələdi ki, bu komandaların çempionatdan avrokuboklara vəsiqə qazanması xeyli çətindi. Hər iki komandanın hesabında 13 xal var ki, bu göstəriciyə görə onlar 3-cü yerdəki “Keşlə”dən 10 xal geridədilər. Qış fasiləsindən sonra bu fərqin qapanması o qədər də inandırıcı deyil. Belədə ölkə kubokunu qazanmaqla “Qəbələ”, yaxud da “Sabah” qitəmiqyaslı yarışlarda oynaya bilərlər. Elə bu səbəbdən də hər iki məşqçi oyuna ciddi yanaşmış, meydana döyüşkən heyət buraxmışdı. Yeganə istisna Təmkin Xəlilzadənin ehtiyatda qalması idi. Xatırladaq ki, ölkə kubokunun sonuncu sahibi “Qəbələ”nin yolu ötən mövsüm də “Sabah”la kəsişmiş, həmin dueldən “qırmızı-qaralar” qalib çıxmışdı.
İnqilab Məmmədovun start fiti səsləndə Qəbələdə əla hava var idi. Aydın səmadan boylanan qış günəşinin şüalarının müşayiəti ilə keçirilən qarşılaşmda ilk hücum cəhdi “Qəbələ”dən gəldi. Meydan sahibləri “Zirə” ilə oyunda olduğu kimi topa və meydanın böyük bir qisminə nəzarəti ələ keçirib, qonaqları öz qapısına doğru sıxışdırmağa çalışırdı. Ümumilikdə isə ilk 10 dəqiqə sakit məcrada keçdi. “Sabah” diqqətlə müdafiə olunur, rəqibin start həmlələrini xətasız ötüşdürməyi hədəfləyirdi. Bu dəqiqələrdə “ağ-göylər” heç hücum barədə düşünmürdülər də. “Neftçi”ylə oyunun yaxşılarından olan, baş məşqçi Jelko Sopiçin başqalarına nümunə göstərdiyi Şakir Seyidov bu dəfə də xeyli fəal idi. “Qəbələ”nin heyətində isə Rövlan Muradovla Fernan Lopes seçilirdi. 14-cü dəqiqədə “Sabah” ilk ciddi hücumunu gerçəkləşdirdi. Məhəmməd Mirzəbəyovun cərimə meydançasının xətti üzərində ötürmə verdiyi Ulise Diallo müdafiəçilərlə mübarizəni uduzdu. Az sonra Ulise cərimə meydançasına daxil olmağı bacardı, amma İnqilab Məmmədov qayda pozuntusuna işarə edib oyunu saxladı. Malili hücumçu uzun müddət təəccüblə başını tutub, nəyin baş verdiyi anlamadığını bildirdi. Qeyd etmək lazımdı ki, həmin dəqiqələrdə “Sabah” xeyli fəallaşmışdı.
Qonaqların hücuma belə aludə olması “Qəbələ”yə əks-hücum şansı yaradırdı. Elə hesab da məhz əks-hücumdan sonra açıldı. 19-cu dəqiqədə Yusif Nəbiyev sol cinahla irəliləyib, qapı qarşısına ötürmə etdi. Penalti nöqtəsinin yaxınlığında topa ayaq qoyan Bauk bir toxunuşla toru silkələdi. 5 dəqiqə sonra “Qəbələ”nin azsaylı azarkeşləri yenidən həyəcan yaşadı. Rövlan cərimə meydançasına yaxşı daxil olsa da, topa əliylə toxundu. İnqilab Məmmədov bunu gözdən qaçırmadı. Qolun müəllifi 31-ci dəqiqədə dirəklə toqquşduqdan sonra zədələndi. Bauk sürətlə topa doğru qaçarkən Stamenkoviçlə toqquşmamaq üçün onun üzərindən tullandı. Yerə yıxılarkən yuvarlanaraq kürəyini dirəyə vuran futbolçu ağrılar içində qıvrılınca, onun köməyinə həkimlər qaçdı. Təxminən iki dəqiqəlik həkim yardımından sonra mozambikli meydana qayıtdı. Hesabda geri düşən qonaqlar uzun müddət toparlana bilmədilər. Yalnız hissənin sonlarında “Sabah” nisbətən fəallaşdı. 40-cı dəqiqədə “Sabah” təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazandı. “Ev tapşırığı”nın olmaması bu fürsətin də əldən çıxmasıyla nəticələndi. Ekşteyn topu qapıya doğru havalandırdı. Onun konkret kimə ötürmə etdiyi məlum olmadı, topu müdafiəçilər uzaqlaşdırdı. İki dəqiqə sonra Amadu Anar Nəzirovu da geridə qoysa da, özünü yetirən Zuniç təhlükəni sovuşdurdu. Əvəzində “Qəbələ” eyni ssenariylə ikinci qolu vurdu. Sürətli əks-hücumu yenə də Bauk dəqiq tamamladı. Rövlan Muradovun hücumçuya əla ötürmə verdiyini də vurğulayaq.
Fasilədə Sopiç əvəzetməyə əl atdı. Kökçünü “döyüşə atan” xorvat komandasının hücumlarını gücləndirməyi, vurulan qolların əvəzini çıxmağı hədəfləyirdi. “Sabah” dərhal irəli atıldı. Hücum effektli alınsa da, Ektşteynin qüvvətli zərbəsini Nəzirov tutmağı bacardı. 54-cü dəqiqədə Anar növbəti dəfə qəhrəmanlıq etdi. Coşqun Diniyevin künc zərbəsindən sonra Bəhlul başla topa toxundu, top İvanoviçin önünə düşdü. Serbin yaxın məsafədən vurduğu zərbə tirdən qayıtdı, Ulise topu qapıdan keçirməyə yaxın oldu. Amma ona Nəzirov əla qurtarışla mane oldu, qarışıqlıqda Yusif təhlükəni sovuşdurdu. Çox keçmədi ki, Kərim Diniyev komandasını üçüncü dəfə məyus olmaqdan xilas etdi. Müdafiəçi Fernan Lopesin zərbəsini qapı xəttinin üzərindən çıxardı. Məhəmməd Mirzəbəyovu əvəzləyən Təmkin Xəlilzadə 68-ci dəqiqədə diqqət mərkəzinə düşdü. Onun uzaqdan vurduğu zərbəni Nəzirov çətinliklə uzaqlaşdırdı. 72-ci dəqiqədə qapıçı Kökçünün zərbəsini tirin üzərindən aşırdı. Oyunun son 20 dəqiqəsi qarşılıqlı hücumlar şəraitində keçdi. Tərəflər ardıcıl hücumlar edir, qol vurmaq üçün müxtəlif üsulları sınayırdılar. Bunu daha çox “Sabah” arzulasa da, “Qəbələ” yenə də rəqibini tələyə salmağı bacardı. Ülvi İsgəndərov 87-ci dəqiqədə Volkovun ötürməsindən sonra komandasının üstünlüyünü üç topa çatdırdı. Gənc futbolçu 6 dəqiqə sonra İvanoviçi dirsəklə vurduğuna görə meydandan qovuldu. Azlıqda qalan “Qəbələ” son dəqiqələrdə qapısını toxunulmaz saxlamağı bacardı.
AMAL

Belə dedilər…
Jelko Sopiç: “İlk növbədə rəqibi təbrik edirəm. “Qəbələ” bu gün çox ağıllı futbol oynadı. Rəqibimiz qələbəyə layiq idi. Bəzi futbolçuların səviyyəsi, fərdi ustalığı oyunda fərq yaratdı. İkinci hissə barədə danışmaq çətindi. Sadəcə, deyə bilərəm ki, futbol qol vurmaq üçündü. Keyfiyyət bu oyunda öz işini gördü. Ümumiyyətlə, çox nikbin insanam. Ümid etməyi sevirəm. Növbəti matçda gərək bütün gücümüzü qoyaq. Son 3 oyunda qol vurmamışıq. Bu da hücumda keyfiyyətsizliklə bağlıdı. 25 asma ediriksə, təhlükə yarada bilmiriksə, bu haqda düşünməyə dəyər. İlk dəfə Qəbələyə gəldim, gördüklərimdən razı qaldım. Xorvatiyada heç kimin belə 11 meydançası yoxdu. Bu çox yüksək göstəricidi”.
Elmar Baxşıyev: “Çətin olacağını bilirdik. Çünki kubok fərqli turnirdi. Etibarlı oynamağa çalışdıq. Bəzi epizodlarda istədiyimizi həyata keçirə bildik. Ancaq oyundan tam razı qalmadım. Şanslar yenə bərabərdi. Kubokda istənilən sürpriz ola bilər. Komandanı çətin cavab oyuna kökləyəcəyik. Ülvini meydana buraxmaqla müdafiəni gücləndirmək fikrimiz yox idi. “Sabah” bütün qüvvəylə hücum edirdi və bu zaman əks-hücumlarda yaxşı şanslarımız yaranırdı. Bilərəkdən kimsə qırmızı vərəqə almır. Futbolda belə halları normal sayıram. Rəqib təzyiq edir və bunu gözləmək olardı. “Sabah”ın ikinci hissədə böyük qüvvəylə hücum edəcəyini gözləyiridk. Buna görə müdafiədə tələskənlik yaranırdı. Bu klub yaşamalıdı, Azərbaycan futboluna lazımdı. “Qəbələ” Avropada da tanınmış klubdu, nəticələri olub. Hamısı peşəkar futbolçulardı. Sırf nəticəyə köklənirlər. Göstərmək istəyirik ki, biz də varıq, kiməsə nəyisə sübut etmək istəmirik”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.