Sizin reklam burada

“Ağsu”nun icraçı direktoru ittihamlarla razılaşmadı

Baxış Sayı:315

“Ağsu”nun icraçı direktoru ittihamlarla razılaşmadı
“Mən heç bir yeyintiyə yol verməmişəm”
Qəzetimizin cümə axşamı sayında birinci divizionda çıxış edən “Ağsu”da audit yoxlaması keçirildiyini xəbər vermişdik. Onu da bildirmişdik ki, təftişdən sonra klubun icraçı direktoru Rəşad Kərimovun maliyyə yeyintisinə yol verdiyi üzə çıxıb. Kərimov 30 min manatı mənimsəməkdə ittiham olunur. Həmin gün dəfələrlə icraçı direktora zəng vurub söylənilənlərlə bağlı fikrini öyrənməyə çalışsaq da, zənglərimizi cavabsız qoymuşdu. Ertəsi gün Kərimov sportinfo.az saytı ilə əlaqə saxlayaraq, qəzetimizdə gedən yazıya bir qədər də ironik şəkildə münasibət bildirib. Rəşad bəy yazılanların həqiqət olmadığını, “vaxtında bu məsələyə cavab verməsəm, çoxları üstümüzə gələcək” deməklə yadda qalıb. Onun bu açıqlamasından sonra qəzetimizdə gedən yazının heç də əsassız olmadığını sübut etmək üçün dünən yenidən Kərimovla əlaqə saxladıq.
- Salam. Sizi “Futbol+” qəzetindən narahat edirik.
- Çox yaxşı. Necəsiz?
- Siz yaxşı olun. Məlum yazı bizim qəzetdə dərc olunsa da, siz bizə yox, sportinfo.az saytına açıqlama verməyi lazım bilmisiz. Halbuki yazı hazırlanarkən dəfələrlə sizinlə əlaqə saxladıq. Ancaq zənglərimizi cavabsız qoyduz.
- Redaksiyanızın nömrəsini tanıyıram. Həmin gün vacib işim olduğuna görə zənglərinizə cavab verə bilmədim. Qəzet çıxan gün isə redaksiya ilə əlaqə saxladım. Bu dəfə mənim zəngim cavabsız qaldı və buna görə də sportinfo.az saytına açıqlama verməyi lazım bildim.
- Və həmin açıqlamada yazdıqlarımıza ironiya ilə cavab vermisiz. Bildirmisiz ki, vaxtında ittihamlara cavab verməsəm, çoxları üstümüzə gələcək.
- Bəli.
- Klubun əsas sponsoru “Azqranat”dı?
- Bəli.
- “Azqranat”da bu yaxınlarda audit yoxlaması olub?
- Auditi bilmirəm, ancaq zavodda yoxlama olub.
- Xaqani kimdi?
- Zavodun mühasibi və eyni zamanda kluba ayrılan vəsaiti o bizə verir.
- Yoxlamadan sonra 300 minlik yeyintiyə görə mühasibi işdən uzaqlaşdırıblar?
- Bu haqda dəqiq məlumatım yoxdu. Ola bilsin, belə hal yaşanıb.
- Bizdə olan məlumata görə, yoxlama zamanı sizdən də xərclər üçün nəzərdə tutulan kassa qəbzləri tələb olunub, ancaq vaxtında təqdim etməmisiz...
- Mən onsuz da hər ayın sonunda xərclədiyimiz pulların hesabatını aidiyyatı orqanlara təqdim edirəm. Bunsuz olmaz ki.
- Sayta verdiyiniz açıqlamada bir qədər ikibaşlı danışmısız. Demisiz ki, vaxtında yazılanlara cavab verməsəz, çoxları üstünüzə gələ bilər. Yazı bizim qəzetdə gedibsə, niyə bu iki gündə “Futbol+”ə iradınızı bildirməmisiz?
- Əslində mən sizdən yox, adımı 300 minlik yeyintidə hallandıran başqa bir saytdan narazılığımı bildirmişəm.
- Siz hazırda klubun icraçı direktorusuz?
- Hələ ki bəli. Ancaq gələcəyi bilmək olmaz (günün ikinci yarısında oyunların manipulyasiyasına görə Rəşad Kərimovun futboldan uzaqlaşdırıldığı xəbəri yayıldı – R.).
- Bizə yazdıqlarımıza görə hər hansı iradınız var?
- Xeyr. “Futbol+” illərin mətbu orqanıdı və futbol ictimaiyyəti arasında böyük nüfuza malikdi. Mənim sizə heç bir narazılığım yoxdu.
- Onda belə çıxır ki, yazdığımız xəbər həqiqəti əks etdirir.
- Gəlin bu haqda çox danışmayaq. Mən heç bir yeyintiyə yol verməmişəm. Nəsə olsa, postumda qalmazdım ki.
- Oyunların manipulyasiyasına görə iki oyunçunuz futboldan kənarlaşdırılıb. Onlar hazırda hardadılar?
- Onların harda olmasından xəbərsizəm.
- Bizdə olan məlumata görə, hər iki oyunçu hazırda gözaltına alınıb.
- Mənim heç nədən xəbərim yoxdu.
- Son iki ildə “Ağsu”nun adı nəticəsi əvvəlcədən müəyyənləşən oyunlarda hallanır. Nə baş verir?
- Bu haqda sizə heç nə deyə bilmərəm. Ola bilsin, bizim xəbərimiz olmadan bəzi futbolçular xoşagəlməz işlərlə məşğul olurlar. Ancaq rəhbərlik olaraq çalışırıq ki, bunun qarşısını alaq. Hazırda nəticələrimiz ürəkaçan olmadığından, yəqin ki, qış fasiləsində əksər oyunçularla yolları ayıracağıq.
RƏŞAD
P.S. Rəşad bəy “qış fasiləsində əksər oyunçularla yolları ayıracağıq” deməklə dünənki cəzanı hardasa gözləyirmiş. Amma iş elə gətirdi ki, özü də gedənlərə qoşuldu.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR