“Qarabağ”ın Avroliqadakı son oyununun formal xarakter daşıması tribunalara da təsir etmişdi. Ağdamlılar hər avrokubok matçını ən azı 20-25 min azarkeş önündə keçirsə də, bu dəfə onları dəstəkləmək üçün stadiona cəmi 5823 tamaşaçı gəlmişdi. Əslində stadionun boş qalması çox da təəccüblü deyil. Aydın məsələdi ki, avrokubok matçlarında stadionu dolduranlar komandanın davamlı dəstəkçisi olan sadiq azarkeşləri deyil. Elə ölkə çempionatını davamlı izləyənlər də, meydandakı futbolçular da o geniş sektorları boş görməyə vərdiş ediblər. Məsələ burasındadı ki, bu görüşdə “Qarabağ”ın azarkeş qrupları da bir qədər zəif təsir bağışladılar. Həm “İmarət”in, həm də “Qarabağ ordu”nun sıralarında boşluqlar sezilirdi. Hətta onların komandaya həmişəkindən daha az dəstək verdiyini deyənlər də var. Məsələ ilə bağlı hər iki azarkeş qrupu ilə əlaqə saxladıq.
Rüfət Muradi (İmarət): “Bilirsiz ki, Avroliqa oyunlarına baxmağa gələn azarkeşlər başqadı. Heç biz onları azarkeş saymırıq. Elə həmin adamlar olmadığı üçün stadion seyrək idi. Bu, bizim sektora da aiddi. Çünki onlar hər dəfə belə görüşlərdə bizim sektora gəlib, oyunlara bizimlə birgə baxırdılar. Son qarşılaşmaya gəlmədikləri üçün bizim sektor seyrək görünüb. Əslində onlar bizim üzvümüz deyillər və premyer-liqa oyunlarında da olmurlar. Biz həmişə olduğu kimi dəstəyimizi vermişik komandaya. İstənilən halda dəstəyimizi komandaya çatdıra bilirik. İstər Avroliqa olsun, istərsə də çempionat oyunu”.
Elvin Süleymanov (Qarabağ ordu): “Məncə, stadiona azarkeşlərin az gəlməsi komandanın iddiasının olmaması yox, oyunun saatı ilə bağlıdı. Düzdü, “Qarabağ”ın iddiası olsaydı, azarkeş sayı da arta bilərdi. Ancaq qarşılaşmanın gec başlaması daha çox təsir etdi. Azarkeş qrupları isə öz yerlərində idi. Hamısı da əlindən gələni etdi. Nəzərə alınmalıdı ki, qrupdakı uşaqlardan oyuna başqa yerlərdən, rayonlardan gələnlər də var. Buna rəğmən, hamı oyuna gəlmişdi. Komandaya da lazımınca dəstək verdik”.
HƏSƏN