Təkcə Yurçeviç yox, Elxan Məmmədov da getməlidi
“Xəbər verdiyimiz kimi, dekabrın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda qəbul olunacaq qərarlar affa.az saytında yerləşdiriləcək. İclasdan sonra brifinq və mətbuat konfransının keçirilməsi nəzərdə tutulmayıb” – dünən AFFA-nın saytında yer alan bu quru cümlələrin altında yatan mənanı artıq hər kəs anlayır. Adamlar çox gözəl anlayırlar ki, yanlarında pul hesabına saxladıqları üç-beş jurnalistin liberal sualları, təzim etməsi də onları ictimaiyyətin, tənqidçi medianın qəzəbindən qurtara bilməyəcək. Elxan Məmmədov və onun dediyi ilə oturub-duran İcraiyyə Komitəsinin üzvləri çox gözəl anlayırlar ki, son illər əl qaldırdıqları bütün qərarlar nəticə etibarı ilə Azərbaycan futbolunu elə uçuruma yuvarlayıb ki, bundan o yanası yoxdu. Bütün yığmaların il ərzindəki nəticələri fiaskodu, ölkə çempionatının güclülər dəstəsində əksəri Bakını təmsil etməklə cəmi 8 klub yarışır, “milliləşdirmə”nin miqyası göz oxşayır, oyun alveri ilə bağlı hər gün yeni xəbər yayılır, ölkədə fəaliyyət göstərən heç bir ciddi şirkət, iş adamı futbola pul qoymaq istəmir. Mən belə çatışmazlıqların, qüsurların, bəzisi hətta cinayətə bərabər olan səhvlərin siyahısını sonsuza qədər genişləndirə bilərəm. Həmkarlardan biri İTV-nin efirində son zühurunun ardından “Elxan Məmmədovun 21 yalanı” sərlövhəli yazı hazırlamışdı. Mən isə baş katibin getməsini şərtləndirən 100 səbəb göstərə bilərəm. Ancaq biri də kifayətdi. Düz bir il əvvəl yığma ətrafında etimadsızlıq mühiti yaratmaqla Qurban Qurbanovun istefasına nail olan baş katib Nikola Yurçeviçi bir neçə namizəd arasından seçdiyini demiş, onu İK üzvlərinə xilaskar kimi təqdim etmişdi. Bəs nəticə nə oldu? 1 xal! Onu isə çox böyük hörmət bəslədiyim, həmişə sözün düzünü deyən Elçin Dərgahquliyev də qazana bilərdi. Ölkə futbolunun potensialının AÇ-nin final mərhələsinə qatılmağa imkan vermədiyini bilə-bilə, 1 milyon avroluq müqavilə bağlamaqda Elxan Məmmədovun marağı nə idi? Hər yoldan ötənə baş məşqçi postu tapşırılırsa, onda bunun adı niyə Azərbaycan yığmasıdı?
Kəsəsi, yığmanın son seçmə mərhələdəki fiaskosuna görə Nikola Yurçeviç, yığma forması geyən futbolçular qədər Elxan Məmmədov da günahkardı. Əslində özündə zərrəcə məsuliyyət hiss edən, vicdanı qarşısında cavab verməyi bacaran istənilən adam bu qədər haqlı tənqidin fonunda çoxdan istefa verər, ya gəldiyi biznes sahəsinə dönər, ya da əlaqələrini işə salıb, döşünə orden-medal sancdırmaqla gözdən uzaq ölkələrdən birinə diplomat kimi çalışmağa gedərdi. Amma bu adam, bu baş katib, bu Elxan Məmmədov özünə söz verib ki, həyatının son anına qədər ictimai rəyə tüpürəcək, futbolun indiki durumuna görə özündən başqa hamını günahkar çıxaracaq və bütün bunlardan sonra rahatca yastığa baş da qoya biləcək. Yazıqlar olsun sizə, Elxan bəy, yazıqlar olsun! İstefa bir mədəniyyətdi, dünyanın sonu deyil ki! Bir istefa qərarı nədi ki, onu verməməklə həm özünüzü incidirsiz, həm də bu boyda ölkənin futbolsevərlərini? Getmək vaxtıdı, baş katib! Bəzən elə qərarlar olur ki, ömür boyunca yaddan çıxmır, adamların könlündə taxt qurmağa imkan verir. Bu gün əlinizə unikal imkan düşüb, Elxan Məmmədov. Fürsəti boşa verməyin!

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
İcraiyyə Komitəsi yığma məşqçilərini postunda saxladı
- 27 dek 2020 01:14
Tofiq Fətullayev istefa verdi
- 11 sen 2020 10:34
AFFA İcraiyyə Komitəsi pandemiyaya təslim oldu
- 20 in 2020 12:00
AFFA İcraiyyə Komitəsinin iclası “Dalğa”da keçiriləcək
- 02 in 2019 01:21
Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil
- 17 fev 2019 12:37
AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı
- 13 fev 2019 01:33
AFFA martın 4-də hesabat verəcək
- 28 yan 2019 03:27
Qurban Qurbanov yığmadan getdi
- 11 dek 2018 04:58
İK-nın iclası AÇ-2020-nin püşkatmasından sonra keçiriləcək
- 02 dek 2018 05:55
“Qəbələ”nin mövqeyini İK üzvlərindən Elxan Məmmədov gizlədib
- 08 avq 2018 10:10
İcraiyyə Komitəsinin iclasının gündəliyi açıqlandı
- 04 may 2018 11:23
“Kəpəz” rəhbərliyi İcraiyyə Komitəsinin qərarını gözləyir
- 03 may 2018 10:28
Təbrik, təsdiq, təqaüd və məruzə
- 09 mar 2018 12:43
İK vacib qərarlar verdi və Tuayevi mükafatlandırdı
- 21 dek 2017 06:26
İcraiyyə Komitəsinin iclasında dopinq məsələsi müzakirə olundu
- 06 okt 2017 10:31