Ölkə başçısının Sumqayıta son səfərindən sonra Mehdi Hüseynzadə adına şəhər stadionunun əsaslı yenidən qurulması üçün ilkin olaraq 5 milyon manat ayrılmasından xəbəriniz var. Bu haqda ötən saylarımızın birində yazmışdıq. Əldə etdiyimiz məlumata görə, artıq yaxın günlərdə arenada təmir işlərinə start veriləcək. Mənbəmizin sözlərinə inansaq, əslində təmir işləri dekabrın 14-də başlamalıymış. Sadəcə, arenada müxtəlif yaş qrupları üzrə liqaların oyunları keçirildiyindən stadion rəhbərliyi təmir işlərini görəcək şirkətin rəsmilərindən prosesə bir həftə gec, yəni dekabrın 20-də start verməsini istəyib.
Söylənilənlərə aydınlıq gətirmək üçün “Mehdi Hüseynzadə”nin direktor müavini, Şimal Regional Futbol Federasiyasının rəhbəri Abdulla Məmmədovla əlaqə saxladıq: “Artıq bir neçə dəfə təmir işlərini görəcək şirkətin nümayəndələri stadiona baş çəkiblər. Bəli, onlar dekabrın 14-dən işə başlamaq istəyirdilər. Ancaq biz AFFA-nın keçirdiyi yarışları nəzərə alıb, bir həftə vaxt istədik. Onsuz da bu həftə liqalarda son turun oyunları keçiriləcək. Ondan sonra qış fasiləsi yaranacaq. Yenidən qurulacaq stadionun layihəsini hələ görməmişik. Bu üzdən arenanın tutumunun nə qədər olacağını, yenidənqurmadan sonra stadionda nəyin dəyişəcəyini indidən deyə blmərik. Sabah və ya birisigün mütəxəssislərin növbəti dəfə stadiona gəlişi gözlənilir. Yəqin ki, 3-5 günə layihə ilə tanış ola biləcəyik. Yalnız ondan sonra sizin sualları ətraflı cavablaya bilərik”.
RƏŞAD