Sizin reklam burada

Elşad Əhmədov “Sabah”ın transferlərindən razıdı

Title

“Sopiç onlardan daha çox işgüzarlıq tələb edir”
“Sabah”ın yeni baş məşqçisi Jelko Sopiç “Neftçi”yə məğlub olduqları (0:2) görüşdən sonra mətbuat konfransında oyunçularından şikayətlənərək, onların çıxışından narazı olduğunu bildirmişdi. Baş məşqçi hətta komandaya gələndə ona başqa sözlər deyildiyini vurğulamışdı. Xorvat mütəxəssis lazım gələrsə, oyunlara azərbaycanlı futbolçulardan ibarət heyətlə çıxacağını da sözlərinə əlavə etmişdi.
Sözsüz, yeni gələn məşqçinin qısa müddətdə uğur qazanacağını gözləmək olmaz. Ancaq ona da razılaşaq ki, Sopiçin açıqlamaları olduqca sərtdi. Birincisi, komandaya cəlb olunan legionerlərin bir çoxu bu mövsüm gəlib. Siz istəsəz belə, onları dərhal göndərə bilməzsiz. Çünki klubla müqavilələri var. Hər birinə təzminat ödəyib yolları ayırmaq isə mümkünsüzdü. Baş məşqçinin işi istənilən halda oyunçularının arxasında durmaq, əlindəki heyətdən maksimum istifadə etməkdi. Əks təqdirdə komandadan göndərilən 7-8 oyunçu yox, məhz elə özü olacaq. Sopiç nəzərə almalıdı ki, onun üçün qısa müddətdə yeni heyət qurulmayacaq. Rəhbərlik məhz hazırkı futbolçularla uğur qazanacağına inandığı üçün onu baş məşqçi təyin edib. Üstəlik, qarşıdakı oyunlarda da meydana bu oyunçularla çıxmağa məcburdu. Yerli futbolçu məsələsini boşuna qabardıb. Hamıya bəllidi ki, bir çox klubumuz kimi, “Sabah”ın da heyətində ölkə çempionatında mübarizə aparacaq səviyyədə yerli oyunçuların sayı kifayət qədər deyil. Bu üzdən şikayət etmək əvəzinə, xorvat əlindəki heyətlə nələr edə biləcəyi yönündə baş sındırmalıdı.
Bir başqa məsələ Elşad Əhmədovla bağlıdı. Mütəxəssis hazırkı heyətin formalaşmasında əsas söz sahibi olub. Məhz onun göstərişi ilə rəhbərlik bu oyunçuları heyətə cəlb edib. Deməli, Sopiçin sözləri birbaşa ona ünvanlanıb. Halbuki “Sabah” etdiyi transferlərlə diqqət mərkəzində idi. Bir sözlə, xorvatın məlum sözləri ilə ilə bağlı “Sabah”ın sabiq çalışdırıcısı ilə əlaqə saxladıq. Elşad bəyi dinləyək: “Bizim etdiyimiz transferlər komandaya layiq oyunçulardı. Ola bilər ki, mənim fikrim, ağlım, oyun fəlsəfəm yeni baş məşqçinin yanaşması ilə eyni deyil. Baxışlar fərqli ola bilər. Bu yöndən oyunçular Sopiçə sərf etməyə bilər. Ancaq bu yanaşmadan asıldı. Əslində o, komandadakı legionerlərin keyfiyyətinə toxunmur. Sadəcə, onlardan daha çox işgüzarlıq tələb edir. Futbolçuların bəziləri meydanda daha çox qaçmaqdansa, ağıllı işlər görməyə üstünlük verirlər. Ola bilsin, bu futbolçulardan istədiyini ala bilmir deyə, belə düşünür. Ancaq bu futbolçuların yetərincə qabiliyyəti var. Bunu digər oyunlarda da görmüşük. İnanmıram ki, Hendrik Ekşteyn, Amadu Diallo kimi oyunçular hansısa bir məşqçiyə lazım olmasın. Ola bilər, bəzi futbolçular hələ ki zəif çıxış edirlər. Ancaq onlara da müəyyən vaxt lazımdı. Bir-iki aya formaya düşə bilərlər. Çünki bilirsiz ki, uyğunlaşma deyilən bir şey var”.
RÖVŞƏN DURMUŞOV
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.