Baş katib isə növbəti dəfə yalanları sıraladı
Və o an yetişdi. Günlərdi, həftələrdi haqqında ciddi müzakirələr gedən, xüsusən də yığmanın qrup mərhələsini 1 xalla bitirməsindən sonra gündə bir müsahibə ilə gündəmə gəlib, özünü xalqa güldürən Elxan Məmmədov srağagün İTV-də Dadaş Dadaşlinskinin aparıcısı olduğu “3D” verilişinin qonağı oldu. Dadaşlinskinin bunaqədərki çağırışlarında özünü naza qoyaraq verilişə qatılmayan baş katib küncə dirəndiyini, ictimaiyyətin qınağı ilə üzləşdiyini hiss etdikdən sonra İTV-yə təşrif buyurdu.
İnsaf naminə, Əzizlə Lyubanın verilişə lazımınca hazırlaşdıqlarını deməliyik. Qonağı salamlayarkən onu məzəli zarafatlarla gülməli duruma salan verilişin əməkdaşları istəklərinə çatmağı bacardılar. Dili-dodağı quruyan baş katibin hansı vəziyyətə düşdüyünü görmək üçün xüsusi eynəyə ehtiyac yox idi. Udqunması, rənginin ağdan qırmızıya çevrilməsi, gözlərini döyməsi hər şeyi deyirdi. Yaxşı ki, o ərəfədə Lyubanın “yığma sonuncu qələbəsini nə vaxt qazanıb” sualına cavab verməyə özündə güc tapa bildi: “Baxreynə qarşı oynamışıq, Baxreyndə və qalib gəlmişik 3:2 hesabıyla”. Baxreynə yox e, Bəhreynə...
Azərbaycan dilinin “anasını ağladan”, Rəşad Sadıqovu “Raşad” edən baş katib hər nə qədər suallardan yayınmağa çalışsa da, bacarmadı. Son illər ölkə futbolunun yetişdirdiyi gənclərin adını saymaqda çətinlik çəkdi, “Kəpəz”dəki maliyyə yeyintisinə başqa “don geydirməklə” növbəti dəfə hansı “keyfiyyətlərə” sahib olduğunu ortaya qoydu.
Bəli, Elxan Məmmədov özündən başqa hamını axmaq sayır, danışdıqlarına inandığımızı düşünür. Hələ ki kef etməkdədi, etməyində olsun. Allahın izni ilə AÇ-2020-dən sonrakı durumunuzu birlikdə görəcəyik, çox hörmətli Elxan Səhlab oğlu Məmmədov.
Buyurun, bu da sizə baş katibin növbəti yalanlar toplusu.
* AÇ-2020-nin 1/4 final mərhələsini qəbul edəcək 4 şəhərdən biri də Bakıdı. Hazırlıq yüksək səviyyədə gedir. Dövlət qurumları ilə əməkdaşlıq edirik, hər şey qaydasındadı. Bu ilin mayındakı Avroliqanın finalı bizim üçün ciddi imtahan idi.
* Futbol elə bir idman növüdü ki, heç kim gələcəkdəki nəticələri əvvəldən təxmin edə bilməz. Seçmə mərhələ oyunları başlamamış heç kim xalla bağlı təxmin deyə bilməzdi. Bəzi komandalar final mərhələsinə vəsiqə qazanmağa real namizəddi. Təbii, sonuncu seçmə mərhələ heç də yaxşı olmadı. Nəticələr ürəkaçan deyil. Bu yaxınlarda iclasımız olacaq və baş məşqçiyə suallar veriləcək. Bizə hesabat verəcək, AFFA rəhbərliyi də bunun müqabilində müvaqif qərar qəbul edəcək.
* Onu da deyim ki, yığma son illərdə rekord xallar qazanıb. 9 xal da olub, 10 xal da. Futbolçular dəyişib, nəsil dəyişib – bunları nəzərə almaq lazımdı. 3-4 il əvvəlki heyətlə indiki arasında 80 faiz fərq var.
* Süni meydanları biz yaratmamışıq. Onu FİFA tərəfindən təsdiqlənmiş qurumlar yaradıb. Təbii örtükdə həftədə maksimum 2 dəfə oynamaq olur, süni qazonda isə daha çox. Uşaq futbolunda həftədə azı 3-4 dəfə süni örtükdə futbol oynanılır. Heç bir təbii örtük buna dözməz. Süni meydanlar inkişaf etmiş ölkələrdə də var.
* Statistikaya baxsaz, bizdə uşaq liqalarında hər həftə 265 oyun keçirilir. Hələ “Məktəbli liqası”nı nəzərə almadan. Bizim liqalardan Bəhlul Mustafazadə, Emil Balayev kimi futbolçular çıxıb və digərləri (bu yerdə Dadaşlinski qonağına “digərlərinin də adlarını çəkin, zəhmət olmasa” deyəndə Elxan Məmmədov donur. Fasilə verir və davam edir – H.). Çox futbolçumuz var. Mən indi birinin adını çəkib, digərlərinin xətirlərinə dəymək istəmirəm. Futbolçularımız çoxdu, Fərid var, Tural var, çoxdu. Əsas odu ki, bütün yaş qruplarından ibarət millilərdə oynaya-oynaya indi əsas yığmaya namizəd sayılırlar.
* Berlindəki futbol məktəbi ilə bağlı sual tez-tez səsləndirilir, yaxşı sualdı. Bəli, belə bir məktəb var idi. Almaniyada yaşayan azərbaycanlı uşaqları futbola cəlb etmək məqsədi ilə yaradılmışdı. Ordakı Mədəniyyət Evi idman sektoru yaratmışdı ki, futbol mərkəbi ideyası da ordan yaranmışdı. Məktəbin istifadəsinə nə qədər vəsait xərcləndiyini xatırlamıram. Orda söhbət böyük pullardan getmirdi. Səhv etmirəmsə, ildə 100 min manat xərclənirdi. Yenə deyirəm, səhv etmirəmsə. AFFA təşkilat olaraq illik hesabatı ictimaiyyətə təqdim edən qurumdu.
* Yığmaya görə utanmışammı? (fasilə verir) Məyus olurduq, amma utanmaq yox. Bu gün yığma meydana 3 xal üçün çıxır. Ölkə idmanı tək bir komandadan asılı deyil. Məsələyə qlobal baxmaq lazımdı. Sağlam həyat, sosial layihələr – bunlar da vacibdi.
* Çox arzu edirik ki, premyer-liqadakı komandaların sayı 10 olsun. Amma bu sual bizə yox, iş adamlarına verilməlidi. Bu gün AFFA digər sponsorlarla birlikdə neçə kluba dəstək verir. Bunu biz etməməliyik. Klubların sayı birbaşa iş adamlarından asılıdı. Hər cür şərait yaradırıq, stadionlar var, məşq meydançaları var, yaxın duran yoxdu.
* Qurban Qurbanovun yığmadakı çıxışını erkən dayandırmasına görə ictimaiyyətin məni günahkar bilməsinin səbəbini anlaya bilmirəm. Biz ona həmişə dəstək göstərmişik, yenə də göstərəcəyik. Qurban müəllimin vaxtında məqsəd var idi – Millətlət Liqasının qalibi olmaq. Həmin vaxt “Qarabağ”ın baş məşqçisi də Qurban müəllim idi. Hər iki “cəbhə”də çalışmaq onun üçün çox çətin idi. Çünki yığma ilə klub fərqlidi. Ona görə də İcraiyyə Komitəsi “Qarabağ”la millini – ikisini birdən itirməmək üçün bu cür qərar qəbul etdi. Qurban müəllimə böyük hörmətimiz var və mənim onunla çox yaxşı münasibətim var. Həmin vaxt yığmaya hər cür şərait yaradılmışdı. Mükafat da vermişik, digər şərait də yaradılıb.
* Rəşad müəllim işləyəndə futbolçu karyerasını davam etdirirdi. Həm futbol oynamaq, həm də U-21-ə cavabdehlik daşımaq onun üçün çətin idi. Baş məşqçilik edə-edə futbol oynamaq çox çətindi.
* Süni tənqid deyəndə nəyi nəzərdə tuturam? Bir var tutarlı səbəb olsun, bir də var fərqli səbəb. Bizim AFFA-da işləməyimiz bəzi insanları razı salmır. Çünki biz bəzi cinayət işlərinin qarşısını alırıq. Danışılmış oyunlara qarşı mübarizə aparırıq. Bu amil bəzi insanlara xoş gəlmir deyə, bizə qarşı müxtəlif kampaniyalar yaradırlar.
* “Kəpəz”in sabiq rəsmisi Cabir İbrahimovun Mikayıl Nərimanoğlu və mənimlə bağlı dedikləri yalandı. Orda təkcə inzibati məsələlər yox, məşqçilik məsələsi də var idi. Bayaq dediyim “süni” söhbət vardı, yadınızdadı? Bu gün AFFA göz qabağındadı. Bizi audit də yoxlayır, sponsorlar da.
* AFFA rəhbərliyini seçən futbol ailəsi, ictimaiyyətidi. Onlar bu qərarı qəbul ediblər. Teoriyada da belədi, sənəddə də. Təəssüf ki, AFFA-nın gördüyü işləri ancaq və ancaq millinin adı ilə bağlayırsız.
HƏBİB
Qızcığazın qarşılanma mərasimi üçün dediyi şeir
Əzizə bir zəng gəlib,
Əziz düşüb təşvişə,
Arzusuna çatıb o,
Elxan gəlir verilişə
Dadaşın qəbulunda
ötən günlər bitəcək
Xilaskarı AFFA-da
səsini eşidəcək
Elxan, gəl,
Elxan, gəl,
Gəlməyə axı
yoxdu bir əngəl...