Sizin reklam burada

Sopiçin qarşısına hədəf qoyulmayıb

Title

“Ozobiçi 17 yaşından çox yaxşı tanıyıram”
Yayda ciddi dəyişikliklərə məruz qalan və heyəti xeyli gücləndirilən “Sabah” turnir cədvəlində arzuolunmaz sırada qərarlaşıb. Avrokuboklara vəsiqə qazanmağı hədəfləyən komanda 13 turdan sonra cəmi 13 xal toplayıb ki, “tələbələr”i sonuncu pillədən cəmi 1 xal ayırır.
Mövsümə Elşad Əhmədovla başlayan paytaxt təmsilçisi daha sonra İqor Ponomaryova tapşırılsa da, yığmanın sabiq çalışdırıcısı vəziyyəti yaxşıya doğru dəyişə bilmədi. Belədə klub rəhbərliyi axtardığı mütəxəssisi Xorvatiyada tapdı. Bundan sonra “Sabah”ın nəticələrinə Jelko Sopiç cavabdehlik daşıyacaq. Yeni baş məşqçi artıq “Qarabağ” və “Ağsu”yla oyunlarda kollektivi iş başında görübsə, deməli, müəyyən təəssüratlara sahibdi. Belədə onunla danışmaq qərarına gəldik.
- Azərbaycandan gələn təklif sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Düzünü desəm, gözlənilməz bir şey yox idi. İki il BƏƏ-də çalışdım və sonda ayrılmaq qərarına gəldim. Həmin vaxt başqa təklifləri gözdən keçirmək niyyətində deyildim. Çünki oğlum Hollandiya klubu ilə müqavilə bağlamışdı və mən də yanına getmək fikrindəydim. Bu ərəfədə “Sabah”dan təklif oldu, danışdıq, razılaşdıq.
- Təklif birbaşa “Sabah”dan oldu, yoxsa “Dinamo”dan əlaqə saxlamışdılar?
- Burda “Dinamo”luq heç nə yoxdu. Təklif birbaşa “Sabah” rəhbərliyindən gəlmişdi.
- Düzdü, buna qədər də vətəndən kənarda çalışmışdız. Maraqlıdı, Azərbaycan variantı ortaya çıxanda razılıq vermək üçün çox düşündüz?
- Düşünməzdən əvvəl mənim üçün maraqlı olan klubun maraqları və hədəfi idi. Bu barədə klub prezidenti ilə ətraflı söhbətimiz oldu. Ümumi durumu müzakirə etdik, gələcəklə bağlı planlardan söz açdıq. Açığı, qərar vermək üçün uzun müddətə ehtiyac yox idi. Biləndə ki, getdiyin yerdə səni maraqlı iş və bacarıqlı kollektiv gözləyir, düşünmək üçün şübhə yeri qalmır.
- Bura gələnə qədər futbolumuz haqda hansı məlumatlara sahib idiz?
- Əlbəttə, məlumatlıydım, həm də kifayət qədər bilgim vardı. Robert Prosineçki yığmanızı çalışdıranda köməkçisi vardı – Tsipriç – onunla dostam. Həmçinin Yurçeviçin köməkçisi Tokiçlə yaxşı münasibətim var. Azərbaycan futbolu haqda onlarla az danışmamışıq.
- İndiyə qədər burda oynamış, çalışmış xorvat futbolçu və ya məşqçilərlə şəxsi tanışlığınız var idi?
- Uzun illər Almaniyada top qovmuşam deyə, əhatəmdəkilər təkcə xorvatlar deyil. Ona görə də vaxtilə Azərbaycanda işləmiş, oynamış xeyli adam tanıyıram. Sadəcə, adlarını bir-bir sadalamaq üçün yaddaşımı qurdalamalıyam. Filip Ozobiçi 17 yaşından çox yaxşı tanıyıram.
- Artıq komandayla müəyyən tanışlığınız var. “Sabah”ın heyəti və turnir cədvəlindəki mövqeyi sizi təəccübləndirmədi?
- Bu sualı cavabsız qoymaq istəyirəm.
- Komandada dəyişməli olan nələr var?
- Klubda mühüm məsələlərlə bağlı cavabdehlik daşıyan şəxslər var. Gördüklərim əsasında onlarla söhbətim olub. Artıq 2 oyun keçirmişik, qış fasiləsinə qədər bizi daha 3 oyun gözləyir. Bu isə o deməkdi ki, hər futbolçunun özünü yeni məşqçiyə göstərmək üçün kifayət qədər zamanı var. Ona görə də bir qədər gözləməyimiz məsləhətdi.
- Mövsümün gedişində gəldiz, yəni bu komandanı siz formalaşdırmamısız. Bundan sonrakı hədəf nədi: sırf nəticə, yoxsa baxımlı futbolla qazanılacaq nəticə?
- Bu gün bizi maraqlandıran əsas məsələ qarşıdakı oyunlara baxmaqdı. Meydana qələbə istəyi ilə çıxmalı, qazonu başıuca tərk etmək üçün bacardığımızın ən yaxşısını etməliyik. Nələr edəcəyik, nələr dəyişəcək – bunu mövsümün axarı və may ayı göstərəcək. Hələ ki baxımlı oyundan və ya nəticədən danışmaq zamanı deyil. Hər şeyin öz vaxtı var.
- Klub rəhbərliyi qarşınıza konkret hədəf qoyub?
- Bura gəldiyim gündən heç kim mənə “bunu etməlisən, bunu bacarmalısan” deməyib. Ağlım başımdadı, futbolun nə olduğunu bilirəm. Ona görə də mənə hədəflə bağlı nəsə deməyə ehtiyac yoxdu. Ən yaxşısına nail olmaq üçün çalışacağıq. Təbii ki, gənc futbolçulara şans verməklə.
- Artıq mövsümün ilk yarısı sona yaxınlaşır. Qış fasiləsində heyətdə dəyişikliklərin olacağı gözlənilir?
- Dediyim kimi, bu barədə danışmaq üçün tezdi. Qarşıdakı oyunlara baxandan sonra bu haqda düşünmək olar.
- Fasilədə xorvat futbolçu və ya futbolçuların “Sabah”da peyda olması mümkündü?
- Mənim üçün futbolçunun milliyyəti yox, səviyyəsi və bacarığı önəmlidi. Braziliyalıdı, haitili, azərbaycanlı, yoxsa xorvat – mənim üçün fərqi yoxdu. Əsas odu ki, ümidləri doğrultsun, komandaya fayda versin.
- Köməkçilərinizlə bağlı məsələ nə yerdədi? Məşqçilər heyətinin tərkibi necə olacaq?
- Yaxından tanıdığım köməkçilərimdən biri artıq mənimlə birgədi. Hər bir məşqçi inandığı, işinə bələd olduğu adamlarla çalışmaqda maraqlıdı, o cümlədən də mən. Bəzi dəyişikliklər olacaq, amma buna köklü dəyişiklik deməzdim.
- Xorvatiya ilə Azərbaycan, ya da Azərbaycanla BƏƏ futbolu, çempionatları arasında nə kimi fərqlər var?
- BƏƏ-ni Xorvatiya ilə Azərbaycandan fərqləndirən bir cəhət var, o da yüksəködənişli legionerlərin, ulduzların cəlb olunmasıdı. Yerli uşaqların potensialı elə də böyük deyil. Ona görə də BƏƏ futbolunun mənzərəsini əcnəbilər müəyyənləşdirir. Xorvatiyada futbolun səviyyəsi yaxşıdı, amma pul yoxdu. Ona görə də 18-23 yaş aralığında bacarıqlı gənclər dərhal Avropanın başqa ölkələrinə üz tuturlar. BƏƏ ilə Azərbaycan futbolunu müqayisə etməli olsam, futbolunuzun üstün olduğunu deyərdim. Çünki burda çempionat gərgin keçir, peşəkarlıq daha üst səviyyədədi. Xorvatiya və Azərbaycan çempionatlarının müqayisəsinə gəlincə, “Dinamo”nu çıxsaq, ümumi durum bərabərdi.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.