Sizin reklam burada

“Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı

Title

“Gənc və hədəfləri olan klubda çalışmaq mənim üçün yeni çağırışdı”
Srağagün “Sabah”ın yeni baş məşqçisi bəlli olub. Komanda xorvat Jelko Sopiçə tapşırılıb. 45 yaşlı mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.
Sopiç futbolçu karyerası ərzində ölkəsinin “Zaqreb”, “Slaven Belupo”, “Lokomotiv”, Almaniyanın “Borussiya” (Münhenqladbax), “Rot Vays Alen” klublarında çıxış edib. Məşqçilik karyerasına Zaqreb “Lokomotiv”ində (2011/12) başlayıb. Bu klubda köməkçi-məşqçi kimi çalışan mütəxəssis daha sonra ölkəsində “Rudes” (2012-15) və Zaqreb “Dinamo”sunun B komandasında (2015/16) baş məşqçi, “Dinamo”nun əsas komandasında (2016/17), Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunda (2017/18) köməkçi-məşqçi, “Əl-Əyn”in U-21 komandasında (2018/19) baş məşqçi vəzifəsində çalışıb. 2016/17 mövsümündə 1 ay Zaqreb “Dinamo”sunda, 2018/19 mövsümündə isə 3 oyunda “Əl-Əyn”də baş məşqçi funksiyasını yerinə yetirib. “Əl-Əyn”lə BƏƏ çempionluğunu və “Prezident kuboku”nu qazanıb (2017/18). Bu klubun U-21 komandası ilə ölkə çempionu olub (2018/19). 31 yaşlı xorvat Marko Lozo Sopiçin köməkçisi təyin olunub.
“Sabah”da müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək. Mütəxəssis noyabrın 26-da səhər məşqindən öncə futbolçularla görüşüb. Ponomaryov futbolçulara və yeni baş məşqçiyə uğurlar arzulayıb. Komanda onun rəhbərliyi altında keçirdiyi 7 oyunda 11 xal toplayıb (3 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət). “Sabah” Ponomaryova xidmətlərinə görə təşəkkür edib, Müşahidə Şurasının üzvü kimi gələcək fəaliyyətində uğurlar arzulayıb.
Jelko Sopiç noyabrın 26-da futbolçulara təqdim edilib. "Bank Respublika Arena"da baş tutan görüşdə yeni baş məşqçi ilə yanaşı, onun köməkçisi Marko Lozo da futbolçularla tanış olub. Günün ikinci yarısında isə premyer-liqanın 13-cü turu çərçivəsində keçiriləcək “Qarabağ”la oyunun hazırlığı başlayıb. “Səbail”lə matçdan sonra ikigünlük istirahətə buraxılan komanda “Bank Respublika Arena”nın ehtiyat meydanında Sopiçin rəhbərliyi altında ilk məşqinə çıxıb.
Xorvat mütəxəssis klubun saytına açıqlama da verib: “Sabah” mənə təklif göndərdiyi zaman bir qədər tərəddüd etmişdim. Çünki son mövsümdə BƏƏ-nin “Əl-Əyn” komandasında köməkçi-məşqçi kimi çalışırdım və bu komanda ilə klubun tarixində ilk dəfə ölkə çempionluğunu və kubokunu qazanmışdıq. Növbəti il isə bu klubun U-21-i ilə 7 illik fasilədən sonra ilk çempionluğu qazandıq. Ən əsası isə U-21-in 5 futbolçusu əsas komanda ilə müqavilə bağladı. Daha sonra “Sabah”dan təklif gəldi. Azərbaycan barədə çox şey bilmirdim. Ancaq bura gəldikdən sonra qısa müddətdə gördüklərimə əsasən deyə bilərəm ki, bura gözəl və sakit ölkədi. Buranın əhalisi çox yaxşı və mehribandı. “Sabah” gənc klub olmasına baxmayaraq, Azərbaycanın yüksək liqasında mübarizə aparır. Prezidentlə söhbətdən sonra klubun gənc futbolçularla bağlı gələcək planları, həmçinin premyer-liqadakı hədəfləri məni cəlb etdi. Komanda ötən mövsümü 7-ci pillədə başa vurub. Əsas hədəfimiz daha yaxşı nəticələr əldə etməkdi. “Sabah” kimi gənc və hədəfləri olan klubda çalışmaq mənim üçün yeni çağırışdı. Klubun inkişafı üçün birlikdə mübarizə aparacağıq. Uğur üçün bütün diqqətimizi yaşıl meydana yönəltməli, qarşıdakı oyunlarımıza köklənməliyik. Ümid edirəm ki, daha yaxşı nəticələr əldə edər və qələbə sevinci yaşayarıq”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.