“Azərbaycanlılar futbolçu yox, turistdilər”
“Slovakiyanın Azərbaycanla oyununu hansı ağılla saat 20.45-ə təyin etdiklərini başa düşə bilmirəm. Qarşılaşma axşam vaxtı keçirilsəydi, 7000 yox, 14-15 min azarkeş gələrdi” – bu sözlər slovakiyalı mütəxəssisi Ladislav Yurkemikə məxsusdu. 66 yaşlı mütəxəssis yerli mətbuata müsahibəsində komandalarının AÇ-2020-nin seçmə mərhələsində yığmamızla keçirdiyi son oyuna münasibət bildirib. O, 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada yığmamızın zəif təsir bağışladığını söyləyib: ''Uzun illərdi Azərbaycan kimi zəif rəqib görməmişdim. İlk hissədə onları müdafiəyə sıxdıq. Rəqibin çıxışı dəhşət idi. Yəni bir komanda fasiləyə qədər meydanın mərkəzini necə keçə bilməz? Ancaq futbolçularımız Uelsin Macarıstanı məğlub etdiyi xəbərini aldıqdan sonra sakitləşdilər. Daha sonra tribunalar fitə basmağa başladı''.
Yurkemik seçmə mərhələdəki rəqiblər barədə də fikir bildirib: "Bu oyundan sonra Azərbaycan heç 6-cı səbətə də daxil olmamalıdı. Sadəcə, bizim futbolçular onların səhvlərindən istifadə edə bilmədilər. Ümumiyyətlə, xorvatlar favorit idilər, bunu təsdiqlədilər. Macarıstan və Uels bizim üçün problem olmamalıdı. Və Azərbaycan. Və Azərbaycan? Onlar futbolçu yox, turistdilər”.
Slovakiya millisinin sabiq hücumçusu Robert Vittek də yığmamızla seçmə mərhələnin son oyunu haqda fikirlərini açıqlayıb. Adı çəkilən şəxs yığmamız üzərində qələbənin onlara heç nə vermədiyini deyib: “Bu tsikldə Azərbaycanı iki dəfə məğlub etməyimiz yaxşı oldu. Onlarla oyunlarda xal itirmək olmazdı. Halbuki evdə Azərbaycana qalib gəlmək bizə heç nə vermədi. Sadəcə, gələcək üçün yaxşı motivasiya ola bilər".